Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma...

Siyasət

05.06.2026 - 10:39

Asif Nərimanlı: “Hər iki tərəf istədiyi nəticəni əldə etməyə çalışacaq ki, buna nail ola bilməyən seçkidən sonra etiraz kartını işə sala bilər”

Bu həftənin sonu - 7 iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırda seçkilərin təşviqat kampaniyası davam edir. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 19 siyasi qüvvəni qeydiyyata alıb. Təbliğat kampaniyası sabah dayanır. 6 iyun sükut günüdür.

Bu seçkilər Ermənistan tarixi üçün çox əhəmiyyətlidir. Belə ki, seçkilərdən sonra Ermənistanın Avropaya inteqrasiyasının davam edəcəyi, yoxsa Rusiyanın orbitində qalacağı müəyyən olunacaq. İyunun 7-də keçiriləcək seçkiləri analitiklər əslində Qərb-Rusiya mübarizəsi də adlandırırlar. Belə ki, seçkilərdə əsas rəqiblər Avropaya inteqrasiya tərəfdarı olan hazırkı Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası ilə Rusiyaya bağlı olduğu bildirilən sabiq Prezident Robert Köçəryanın “Ermənistan” bloku və erməni əsilli rus iş adamı, hazırda həbsdə olan Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyasıdır.

Seçkilərlə bağlı Sorğular Paşinyanın qalib gələcəyini göstərsə də, erməni müxalifətinin də şansları mövcuddur. Eyni zamanda, seçkilər yaxınlaşdıqca İrəvana Moskvadan təzyiq və təhdidlər artıb və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı erməni və beynəlxalq mediada məlumatlar verilir.

Ermənistandakı seçkilərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, ilk diqqətçəkən məqam müxalifətin seçkiyə birləşmiş yox, parçalanmış formada getməsidir:

- 19 siyasi qüvvənin qatıldığı seçki prosesi ideoloji və siyasi proqram baxımdan kifayət qədər rəngarəng görünür. Müxalifət daxilində birliyin olmamasından qaynaqlanan bu amil hakimiyyətin əlini gücləndirir. İstisna deyil ki, bir sıra qərbyönümlü qüvvələrin ayrılıqda seçkiyə qatılması hakimiyyətin planı ola bilər. Məqsəd nə hakimiyyəti, nə iqtidarı dəstəkləyən qərarsız seçiciləri həmin qüvvələrə doğru yönəltmək və hakimiyyətin ala bilməyəcəyi səsləri parçalamaqdır.

Hakimiyyət bu qüvvələri öz ətrafına toplayaraq, birlikdə hərəkət edə bilərdi, lakin bu, həmin qüvvələri də iqtidara qarşı ittihamların hədəfinə çevirəcəkdi. Digər tərəfdən, Paşinyan komandasının seçki texnologiyasından effektiv şəkildə istifadə etdiyi müşahidə olunur. Doğrudur, Paşinyanın seçki kampaniyasında bir sıra davranışı xüsusilə qeyri-ciddi qarşılandı, lakin ümumilikdə aparılan kampaniyanı uğurlu hesab etmək olar.

Müxalifətin kampaniyası isə erməni cəmiyyətinin yorulduğu tezislər – müharibə, təslimiyyət, revanşizm kimi təhlükəli qarşılanan istiqamətlər üzərində qurulub ki, bu, seçicilər üçün cəlbedici görünmür. Seçki kampaniyasını, erməni cəmiyyətinin tələblərini və rəy sorğularının nəticələrini qiymətləndirdikdə Paşinyan komandasının qələbə qazanacağı ehtimalı ön plana çıxır. 

- Paşinyanın partiyası sorğularda öndə olsa da, müxaliflərin də şanslarının olduğu, xüsusilə də Rusiyanın müdaxiləsi ilə nələrsə əldə etməsinin mümkün olacağı fikirləri var. Nə dərəcədə əsaslıdır?

- Hakimiyyət üçün əsas problem 50+1 səsin qazanılmaması, bununla da hökuməti təkbaşına formalaşdıra bilməməsi ola bilər. Fikrimcə, əsas mübarizə məhz bunun üzərində gedir. Müxalifəti dəstəkləyən Rusiya da anlayır ki, seçkidə Paşinyanı devirə bilməyəcəklər. Lakin müxalifətin parlamentdə daha çox mandatla təmsil olması və hakimiyyətin 50 faizdən az səs toplaması Moskva üçün uğurlu ssenari ola bilər. Bu, seçkidən sonra Rusiyanın Ermənistan hakimiyyətinə qarşı siyasi təzyiq imkanlarını artıracaq. Müxalifətin potensialı güclü görünmür, lakin əsas diqqət çəkən qüvvə rusiyalı milyarder Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” Partiyasıdır. Karapetyan hakimiyyətdən narazı olan elektoratın dəstəyini daha çox qazana bilər. Bu elektorat Köçəryanın timsalında keçmiş müxalifətə güvənmir, Karapetyanı isə yeni fiqur kimi qəbul edirlər. Fikrimcə, Karapetyanın Köçəryanın ittifaq təkliflərinə yox deməsi də bununla bağlı idi. Çünki onunla birlikdə hərəkət etmək narazı elektoratın inamını itirmək olacaqdı. Bu baxımdan, yalnız Karapetyanın simasında müxalifətin müəyyən şansları var. Söhbət əlbəttə, parlamentdə təmsilçilikdən gedir. 

- Rusiyanın son günlər Ermənistana artan təzyiqi seçkilərin nəticələrinə nə qədər təsir edə bilər?

- Ermənistan hakimiyyəti üçün bu risk mövcuddur. Xüsusilə 2 və 3 iyun qərarlarından sonra. Rusiyanın iqtisadi rıçaqlarını praktiki müstəvidə işə salmasından sonra seçicilərdə, həmçinin erməni iş adamlarında narahatlıq yaranıb. 2-3 iyun tarixində Ermənistanın bir sıra məhsullarının Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrinə idxalına məhdudiyyətlər qoyuldu. Digər tərəfdən, Moskva Paşinyana görə Ermənistana satılan qazın qiymətinin artacağını bəyan edib. Erməni məhsullarına qoyulan qadağalardan sonra bu xəbərdarlıq Ermənistan ictimaiyyətində ciddi qarşılanmağa başladı. Bu, seçicilərin seçimlərinə təsir edə biləcək prosesdir, xüsusilə erməni iş adamlarının gizli şəkildə olsa da, Paşinyana dəstəyini azalda bilər.

Paşinyanın da Rusiyanın iqtisadi müharibəsinə qarşı əks-həmlələr etdiyini görürük. Avropa Komissiyasının Ermənistan məhsullarının Avropa bazarına güzəştli şəkildə çıxmasına şərait yaradacağı haqqında yayılan məlumatlar, Paşinyanın Ərdoğanla ticarət əlaqələrini müzakirə etməsi belə həmlələrdəndir. Paşinyan bununla erməni iş adamlarına Rusiya bazarına alternativ bazar - Avropa və Türkiyəni təqdim edir. Bu, Rusiyanın iqtisadi rıçaqlarla seçkiyə təsir planının effektini azalda bilər.

- Seçkilərdən sonra etirazların vüsət alması, Paşinyanın inqilab yolu ilə hakimiyyətdən getməsi ehtimalı nə qədərdir?

- Etirazların olacağı qaçılmaz görünür. Çünki Ermənistandakı seçkilər  geosiyasi mübarizənin bir hissəsidir və məğlub olan tərəflərdən birinin digərinin qələbəsini qəbul etməsi çətindir. Bir tərəfdə Paşinyan və onu dəstəkləyən Qərb - Avropa İttifaqı və ABŞ, digər tərəfdə müxalifət və Rusiya dayanır. Rusiya seçkidə ən azı “müxalifətin parlamentdə təmsilçiliyini artırmaq, hakimiyyətin 50 faizdən az səs toplamasına nail olmaq” nəticəsini istəyir ki, bu, baş tutmasa, bölgədəki mövqelərinə olan təhlükə daha da ciddiləşəcək. Və bu seçkidə məğlub olmaq Avropa İttifaqına məğlub olmaq deməkdir. Brüssel isə Gürcüstanda mövqe itkisindən sonra Ermənistanı Cənubi Qafqazdakı dayaq nöqtəsi olaraq görür. Seçkidə gözlənilməz nəticə bunu itirməsi, Rusiyaya məğlub olması deməkdir. Bu baxımdan, hər iki tərəf istədiyi nəticəni əldə etməyə çalışacaq ki, buna nail ola bilməyən seçkidən sonra etiraz kartını işə sala bilər.

Bu seçki revanşist müxalifət üçün də siyasi mövcudluqlarını qorumaq və Rusiyanın dəstəyini doğrultmaq baxımından həlledicidir. İstənilən nəticə əldə edə bilməyəcəkləri təqdirdə etirazlarla məğlubiyyətlərini ört-basdır etməyə çalışa bilərlər. Seçkidə Paşinyan seçiləcəyi təqdirdə, inqilabla yola salınması ehtimalı zəifdir. Hazırkı hakim komanda bütün resurslardan istifadə edərək, hakimiyyəti qorumağa çalışacaq.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş