Lukaşenkonun yeni reytinqi: Belarusluların 76 faizi onu dəstəkləyir

Dünya

10.07.2020 - 16:17

Hesabata görə, yeni reytinq ciddi seçki risklərini aradan qaldırır

 

Belarusiya Prezidenti yanında Əməliyyat və Analitik Mərkəz hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun reytinqini 76 faiz səviyyəsində qiymətləndirib. AYNA xarici KİV-ə istinadən bildirir ki, hesabatı “Facebook”-da Belarus Jurnalistlər Birliyinin sədri Aleksey Krivoşev yayımlayıb.

 

Sənəddə deyilir ki, fevral ayından etibarən hakimiyyətə dəstək səviyyəsi aşağı düşüb. Mart ayında Lukaşenkonun reytinqi ölkə daxilində təxminən 60 faiz, paytaxt Minskdə isə 52 faiz olub. Qeyd olunub ki, Prezidentin reytinqinə koronavirus və sosial-iqtisadi vəziyyətin pisləşməsi səbəb olub. Bundan əlavə, vətəndaşların əksəriyyəti ilk vaxtlarda prezidentliyə alternativ namizədlərin tutulmasını obyektiv və adekvat qəbul etməyib.

 

“Koronavirusla bağlı vəziyyət tənzimləndikcə Lukaşenkonun reytinqi bərpa olunmağa başladı. İyun ayının sonunda Lukaşenkoya inam səviyyəsi 76 faizə çatdı. AB və ABŞ səfirlərinə və xalqa müxalif siyasətçilərin, vətəndaşların tutulmasının səbəbləri izah olundu, ortaya sübutlar qoyuldu. Ondan sonra insanlar Lukaşenkoya haqq verdilər”, - deyə hesabatda vurğulanıb.

 

Sənəddə qeyd edilib ki, prezidentliyə alternativ namizədlərin hamısının ümumi reytinqi 16 faizdir. Hesabat hazırlayanlar iddia ediblər ki, yaxın gələcəkdə Lukaşenkoya etimad səviyyəsi 80 faizə çata bilər ki, bu da ciddi seçki risklərini demək olar ki, aradan qaldırır.

 

Bundan əvvəl "Tazeros Global Systems" şirkətinin qurucusu Artur Xaçuyan Belarus prezidentliyinə namizədlərin reytinqini hesablayıb və vətəndaşların 3,8 faizi Lukaşenkonun yenidən seçilməsini dəstəklədiyini bildirmişdir. Belarus Milli Elmlər Akademiyasının Sosiologiya İnstitutunun direktoru Gennadi Korşunov isə Lukaşenkoya Minskdə inam səviyyəsinin 24 faiz olduğunu söyləyib. 

Müəllif: Ayna.az