“Kreml iqtisadi və insan itkilərindən qətiyyən narahat deyil” – SITİN

Dünya

16.02.2022 - 22:58

Rusiyalı analitik: “Müharibə o halda mümkündür ki, Ukrayna Donetsk və Luqanskda antiterror əməliyyatına başlasın”

Bir sıra Qərb ölkələri öz diplomatlarını geri Ukraynadan geri çəkibŞ üstəlik öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb. ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Sallivan deyib ki, “Rusiyanın Ukraynaya hücumu hər an başlaya bilər” və Ağ Ev Polşa və Rumıniyaya hərbçilər yeridib.

Bütün bu məlumat axınında “Reuters” belə bir xəbər yayıb ki, Qərb Rusiyanı SWIFT sistemindən ayırmaq niyyətində deyil, çünki “Rusiyanı SWIFT-dən ayırmaq heç kimə fayda verməyəcək”.

Baş verənləri AYNA-ya şərh edən tanınmış rusiyalı politoloq Aleksandr Sıtin hesab edir ki, Rusiya Ukraynaya qoşun yeritmək niyyətində deyil: “Bunun mümkün olduğu yeganə hal Ukrayna Silahlı Qüvvələrinin ORDLO-ya (işğal edilmiş ərazi rayonları – red.) qarşı böyük antiterror əməliyyatına başlamasıdır. Amma Ukraynanın antiterror fəaliyyətini gücləndirməsi indi tamamilə sərfəli deyil və təhlükəlidir. Risklər həddən artıq çoxdur”.

Ekspertin sözlərinə görə, Kremlin bütün bu diplomatik isteriyası Ukraynanı ilk növbədə Donbass terrorçuları ilə birbaşa danışıqlara başlamaq baxımından Minsk razılaşmalarına əməl etməyə məcbur etmək məqsədi daşıyır: “Bundan sonra muxtariyyət, amnistiya, icra və bu sazişlərin Ukraynanın özünü parçalamağa gətirə biləcək digər nəticələri ola bilər. Çox güman ki, Kremlin mübarizə aparmaq üçün ciddi niyyəti yoxdur. İstənilən halda, Ukraynaya hücum imkanı zaman baxımından deyil, bu addımın siyasi nəticələri baxımından itirilib”.

Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə nə qədər hazır olmasından danışan analitik deyib ki, Qərb bunu etmək istəmir: “Qərb ölkələri xaricdəki bütün formalarda Rusiyanın aktivlərinə ciddi zərbə vurmağa hazır olmadıqları üçün Rusiyanı SWIFT sistemindən ayırmağa hazır deyil. Qərb, həmçinin demokratik azadlıqların müdafiəsi proqramı üzərində işləməyə hazır deyil, bu, tamamilə əbəsdir. Ancaq Rusiyanı həqiqətən təhdid edə biləcək bir şeylə - milli separatçı proqramlarla məşğul olmağa Qərb ölkələri sadəcə olaraq tənbəllik edir və pul ayırmaq istəmirlər”.

“Fransada seçki dövrüdür. Makronun əsas opponentləri Fransa və Rusiya arasında güclü əməkdaşlığın tərəfdarıdır və onlardan Valeri Pekress və Erik Zemmur kimiləri NATO-dan çıxıb Moskva ilə ittifaq yaratmağın tərəfdarıdırlar. Makron üçün əsas odur ki, o, Avro-Atlantik tərəfdaşlıq və NATO-ya üzvlük çərçivəsində ümumi razılaşma xəttini keçməsin. Heç kimə öz ölkəsində rus düşüncəli fransız və Putin həvəskarları arasında populyarlıq axtarmaq qadağan olunmayıb. Diplomatik frazeologiya, əgər siyasətin tərkib hissəsidirsə, onun əsas hissəsi deyil və bütövlükdə siyasəti müəyyən etmir. Nə qədər ki, Fransa NATO-da qalır və prinsipcə Atlantik həmrəyliyə sadiqdir, qorxacaq heç nə yoxdur”, - deyə Sıtin bildirib.

Müharibədən danışmaq, qoşunları bu və ya digər tərəfə köçürmək, sanksiyaların heç bir şeyə təsir etmədiyini göstərmək bir şeydir, real müharibə, iqtisadi sanksiyalar və s. başqa şey. Bunlar eyni sikkənin iki fərqli tərəfidir. Aydındır ki, Avropanın təhlükəsizliyinə cavabdeh olan Avropa ölkələri, yəni Almaniya və Fransa Rusiyanın müharibəyə başlamaması üçün Ukraynanı, hətta bütün postsovet məkanını qurban verməyə hazırdır, bunu Böyük Britaniya və Amerika Birləşmiş Ştatları haqqında demək olmaz. Bununla belə, başqa sual yaranır: Rusiyanın özü vəziyyətin belə inkişafına nə dərəcədə ciddi hazırdır?

Politoloqun sözlərinə görə, Kreml nə iqtisadi, nə də insan itkilərindən qətiyyən narahatdır: “Prinsipcə bunu arzulayan və gözləyən bu xalqı birləşdirmək üçün istənilən çətinlikdən istifadə olunacaq. Putin buna bir neçə siyasi məhkəmə və böyük müsadirələri də əlavə etsə, onun reytinqi yüksələcək. Qərbin başa düşmədiyi məhz budur. Burada xalqın əksəriyyətinin maddi rifahı siyasi, iqtisadi və sosial baxımdan heç nə demək deyil”.

Müəllif: Nicat Hacıyev