Sarmaşıqlı darvaza
... Yolun ətrafında dövrə vururdum. Hara gedəcəyimi bilmirdim. Nə etməli idim? Bundan sonra harada yaşamalı? Ətraf yad və boş idi. Sevdiyim heç kim yanımda yox idi. Onları tapa bilmirdim. Mənim evim harada idi?..
Bir neçə gün keçmişdi. Hələ də yolun qırağında fırlanır, Rəhimin qayıdacağını gözləyirdim. Hər uzaqdan gələn maşını görəndə həyəcanlanırdım. Quyruğum durmadan fırlanırdı. Mənə yaxınlaşdıqca hürürdüm. Maşının arxasına düşüb onu təqib edirdim. Bəlkə mənim arxamca gəlmişdilər?..
Bura gələn maşınların əksəriyyəti zibillik tərəfdə dayanırdılar. Düşmədən, maşının pəncərəsindən çıxan əllər ora çoxsaylı torbalar atırdı. Bəzən qutu daşdığına görə atılan torbalar dığırlanaraq yerə düşür və dağılırdı. Buna fikir verməyən maşınlar yollarına davam edir, buradan uzaqlaşırdılar. Gündən-günə böyüyən zibilliyin yanında gəzişən mənə heç kəs fikir vermirdi. İlk gün bu böyük zibil dağına yaxın durmasam da, növbəti günlər mənə güc gələn aclıqdan torbaları eşələməyə başladım. Üfunət qoxusu burnuma dolurdu. Əvvəl məni narahat etsə də, sonradan öyrəşdim. Artıq pis qoxunu hiss etmirdim.
Bəzən torbaların içində yemək qalıqları, atılmış köhnə çörəklər, xırda sümüklər tapırdım. Qarnımı doydurmasa da, aclığımı bir az yatızdırırdı. Hələ də heç hara getmir, mənim arxamca gələcək maşını gözləyirdim...
... Gecələrin birində uzaqdan mənə yaxınlaşan işıq gördüm. Bu saatlarda heç bir maşın bu əraziyə gəlməzdi. Ayağa qalxıb işıq gələn tərəfə zilləndim. Ora-bura yellənən quyruğum sakitləşə bilmirdi. Böyük bir maşın məndən bir az aralıda - zibil dağının yanında dayandı. İçərisindən iki nəfər çıxıb zibilə doğru getdi, atılmış çöpləri təmizləməyə başladı. Bir az aralıda dayanıb onları seyr edirdim. İşlərini bitirdikdən sonra əllərini çırpıb geri - maşına mindilər. Bayaqdan bəri mühərriki sönməyən maşın arxa-arxaya getməyə başladı. Bu zaman qabağa çıxıb düz maşının işığının önündə dayandım. Məni görən bir nəfər pəncərə şüşəsindən boylanıb əli ilə göstərdi:
- Burda it varmış ki.
- Əşi, olsun da. Küçə itidi, – sürücü əlavə etdi.
Maşın məndən uzaqlaşdı...
Sabahı gün bu əraziyə bir neçə adam daha gəldi. Ətrafa baxıb nəyisə uzun-uzun müzakirə etdilər. Sonra divara yazı yapışdırıb getdilər. Gün ərzində bura yaxınlaşan maşınların bəziləri yazını görüb geri qaydırdı. Bəziləri isə fikir verməyib yenə də zibil atmağa davam edirdi. Daha bir neçə gün keçdikdən sonra bura daş hasar çəkməyə başladılar. İşləyən fəhlələr məni qovur, əraziyə yaxın buraxmırdı. Yenidən qayıtdığımı gördükləri zaman yerdən götürdükləri daşları mən tərəfə atırdılar. Sonda uzun çubuqla üzərimə yeriyən ustadan canımı qurtarmaq üçün buradan uzaqlaşdım. Onlar gedənə kimi əraziyə qayıtmadım.
Bir gün daha keçdi. Zibillik olan yerin ətrafı hasarlanmışdı. Buna baxmayaraq bir dəlik tapıb içəri keçə bilmişdim. Zibillik olan yerdə xeyli gəzişdim, lakin yeməyə heç nə tapmadım. Maşınlar da artıq burada dayanmırdı. Aclıq get-gedə məni əldən salırdı. Burada daha qala bilməzdim.
***
Yola çıxdım. Asfaltı iyləməyə başladım. Tanış qoxu axtarırdım. Onun izinə düşüb bəlkə evə qayıda bilərdim. Yarı torpaq, yarı asfalt olan yollarda irəliləyirdim. Bu ensiz yolların hər iki tərəfi iri daş hasarlar idi. Bəzən darvazalardan sallanan yaşıl bitkilər gözümə çarpırdı. Yaxına gedib iylərini burnuma çəkirdim. Lakin tanış sarmaşıq qoxusu gəlmirdi. Ara-sıra hündür hasarlardan görünən evlərin damından quşlar uçurdu. Onların səsi tez-tez ətrafdan eşidilirdi. Hava çox isti idi. İlk dəfə idi ki, belə hərarətlə qarşılaşırdım. Susuzluqdan dilimi çölə çıxarıb ağır-ağır nəfəs alırdım.
Yol bitmək bilmirdi. Ətrafda heç kəs görünmürdü. Hər küncü, darvazanı iyləyə-iyləyə yoluma davam edirdim. Su axtarırdım. Ara-sıra qabağıma yol qırağında eşələnən itlər çıxırdı. Mənə diqqətlə baxır, bəzən mırıldayırdılar. Onları görməzdən gəlib yanlarından düz keçirdim.
Nəhayət, uzun yolun sonuna çatmışdım. Gəldiyim yoldan fərqli olaraq burada hasarlı evlər yox idi. Açıqlıq bir ərazidə dayanmışdım. Səs-küy artmışdı. Dörd tərəfdən şığıyan maşınların səsi qulağımı deşirdi. Hansı tərəfə getməli olduğumu bilmirdim. Bu an uzaqdan gözümə mavi zolaq dəydi. Dəniz idi... Rəhimlə bura gəldiyim zaman onu görmüşdüm. Həyəcanlandım. Dənizə bir-iki dəfə hürdüm. Ona tərəf qaçmaq istəyəndə siqnal səsi eşitdim. Uzaqdan sürətlə üstümə gələn maşın siqnal verirdi. Səsdən qorxub bir addım dala getdim. Maşın yanımdan bir göz qırpımında keçdi. Özündən sonra buraxdığı küləyi tüklərimi tərpətdi. Yenə sakitlik oldu. Bir həmlə daha etmək istəyəndə növbəti maşının üzərimə şığıdığını gördüm. Yenə geri çəkildim. Bir az yolun qırağında dayandıqdan sonra üçüncü həmləni də etmək qərarı aldım. Axı evimə bu qədər yaxınlaşmışdım. Geri dönə bilməzdim. Quyruğumu bulayıb sağa-sola gəzişirdim. Maşınların sayı get-gedə artırdı. Heç biri yolu boşaltmaq istəmirdi.
Məndən bir az aralıda qoca kişi dayanmışdı. Bu kişi ilə bir az əvvəl yolun qırağında qarşılaşmışdıq. Onun yanından sürətlə keçib yol kəsişməsinə çatmışdım. O da asta addımları ilə arxamca gəlirdi:
- Yolu keçə bilmirsən deyəsən...
Kişi gülümsədi. Ona baxdım.
- Lap mənim günümdəsən. Heç mən də keçə bilmirəm. Yaxşı gəl, gəl bir-birimizə kömək edək.
Kişi əlindəki çəliyi qaldırıb yol tərəfə uzatdı. Niyə belə etdiyini anlamadım. Maşınlar kişini görüb onun qabağında dayandılar. Kişi çəliyini aşağı salıb maşınların arasından keçməyə başladı. Bir-iki addım getdikdən sonra mən tərəfə döndü:
- Gəl!
Onun arxasınca özümü maşın yoluna atdım. Yenə kişini qabaqlayıb ünvana birinci çatdım. Yaşlı kişi ayağını yolun bu tərəfinə basdığı anda yenə maşınlar şütüməyə davam etdi. Kişi mənə “sağ ol” deyib öz yolu ilə getdi. Onun arxasınca xeyli baxdıqdan sonra hürdüm. Mən də ona minnətdarlığımı bildirirdim. Üzünü mən tərəfə çevirmədən çəliyini qaldırdı. Mənimlə sağollaşdığını anladım. Sinəsi parıltılı kişiyə xeyli baxdıqdan sonra dəniz tərəfə yollandım.
Qumsallıqla dənizə tərəf irəliləyirdim. İsti qum pəncələrimi yandırırdı. Gün şüaları düz üzümə vururdu. İstini daha çox hiss edirdim. Tüklərim nəmişlikdən bir-birinə yapışmışdı. Susuzluqdan artıq nəfəs ala bilmirdim. Suya yaxınlaşdıqda qum ilıq palçıqla əvəz olunurdu. Pəncələrimi bir-bir qaldırıb çırpırdım. Dalğaların səsi onlara yaxınlaşdıqca daha çox eşidilirdi. Suya yaxınlaşıb ondan bir qurtum almaq istədim, lakin yerində durmayan dalğa məndən uzaqlaşdı. Bir az daha yaxına gedib başımı suya tərəf uzatdım. Yenə məndən uzaqlaşan dalğanın ardınca qabağa qaçdım. Nəhayət, onu tuta bildim. Duzlu su dilimi yandırdı. Başımı yellədim. Bir az durub ondan içə bilərəmmi deyə düşündüm. İkinci cəhdim də uğursuz oldu: sinəmi yandıran dəniz suyu ürəyimi bulandırdı. Lakin suya ehtiyacım olduğu üçün bir-iki dəfə də dilimi suya salıb çıxardım.
Anidən üstümə gələn dalğa gözlərimə doldu. Başımı qaldırmağa macal tapmamışdım ki, iri dalğanın altında qaldım. Özümü itirdim. Geri çəkilmək istəsəm də, ayağım sürüşdü. Dalğa məni də özü ilə bir yerdə sahildən dənizə doğru apardı. Pəncələrimi tərpədərək özümü suyun üstündə saxlamağa çalışırdım. Nəhayət, başımı sudan çıxara bildim. Sahilin necə get-gedə məndən uzaqlaşdığını gördüm. O istiqamətdə üzməyə çalışırdım. Lakin nə qədər hərəkət etsəm də, ağır dalğaların öhdəsindən gələ bilmirdim. Suyun məni apardığı istiqamətə gedirdim. Son anda dəniz tərəfdən gələn iri dalğa məni özünə qatıb sahilə çırpdı. Ağzıma xeyli su getmişdi. Öskürürdüm. Duzlu su bədənimi yandırırdı. Təngnəfəs halda sudan bacardığım qədər uzağa qaçmağa başladım. Suyun mənə çatmayacağına əmin olduğum yerdə dayanıb nəfəsimi dərdim. Tüklərim dərimə yapışmışdı. Arıq bədənimi biruzə verirdi. Çırpındım...
... Hava qaralmağa başlayırdı. Dəniz boyu qumsallıqla irəliləyirdim. İsti get-gedə azalırdı. Gün batdıqca hava qaranlıqlaşırdı. Bəzən dayanıb batan günəşə tamaşa edirdim. Göyün üzərində bir-birini əvəz edən rənglərin ahəngi məni valeh edirdi. Əvvəl günəşin qürubunu heç bu qədər aydın görməmişdim... Kaş ki, “O” da indi mənimlə burada batan günəşi seyr edəydi... Bir xeyli sahillə irəlilədikdən sonra qabağıma daş hasar çıxdı. “Yenə bu hasarlar”, - deyə düşünürdüm. Yol tamamən bağlı idi. Hasarın bitdiyi yeri axtarmağa başladım. Nəticədə yenə yol ayrıcına çıxdım.
Yolu keçmək üçün yenə dayanıb uyğun zaman gözləyirdim. Ancaq maşınlar mənə yol vermirdi. Sehirli çəliyim olsa idi, artıq yolun o biri tərəfində idim deyə düşündüm. Bu zaman məndən bir az aralıda dayanmış iki nəfərə gözüm sataşdı. Yaşlı kişi ilə onun qolundan tutmuş cavan oğlan yolu keçməyə hazırlaşırdı. Kişinin əlindəki çəliyi görəndə sevinib onlara tərəf getdim. Yaxınlaşdığımı görən cavan oğlan kişinin qabağına keçdi. Ağzını büzüb, qaşlarını çatdı. Hisslərim qarışdı. Ayaq saxladım. Oğlanın baxışları məni hürkütdü. Cavan oğlan qışqırdı:
- Rədd ol burdan!
Üzərimə yeriməyə başladı. Üzümü çevirib onlardan uzaqlaşmaq istəyirdim ki, arxadan mənə dəyən təpiyin ağrısından zingildədim. Müvazinətimi saxlaya bilməyib yolun ortasına dığırlandım. Üzbəüz gələn maşının sürücüsü mənim anidən yola yıxılmağımı nəzərə almasa da, son anda maşının istiqamətini dəyişə bildi. Qorxumdan tez ayağa qalxıb qarşı tərəfə qaçmağa başladım. Məni əzməmək üçün istiqamətini dəyişən maşınlar çaxnaşdı. Siqnal səsləri bir-birnə qarışdı. Var gücümlə geriyə baxmadan qaçmağa başladım. Arxamca səslər eşidirdim: “Küçük!”, “Axmaq heyvan!”...
***
... Bağların arası ilə gedirdim. Mavi zolaqdan bacardığım qədər uzaqlaşmağa çalışırdım. Dəniz boyu uzanan daş hasar məni yolumdan ayırmışdı. İndi hara getməli olduğumu bilmirdim. Aclıq məni hər saat daha çox halsızlaşdırırdı. Hava da artıq qaralmışdı. Bağların arasında özümə otluq bir ərazi tapıb orada uzandım. Yorğun idim. Bir müddət sonra yuxusuzluq aclığa qalib gəldi, dərin yuxuya getdim...
... Səhərə yaxın ayılsam da, halsızlıqdan yerimdən qalxa bilmirdim. Bir tərəfdən isti, digər tərəfdən aclıq bədənimi qaldırmağıma mane olurdu. Üzərimə qonan milçəkləri quyruğumla qovurdum. Tüklərimin arasına bit-birə dolmuşdu. Bədənim hey qaşınırdı. Ayaqlarımın yan hissələrində xırda, qara ləkələr əmələ gəlməyə başlamışdı. Nə olduğunu bilmirdim. Lakin canlı idilər. Dərimi içdən yeyirdilər. Nə qədər çalışsam da, onlardan azad ola bilmirdim. Bədənimin ayrı-ayrı hissələrindən, tüklərimin arasından sanki dayanmadan nəsə qaçırdı. Pəncələrimlə qaşınan yerləri təmizləməyə çalışırdım.
Axşama qədər yerimdən tərpənmədim. Taqətsiz uzanmışdım. Bu zaman yaxınlıqda, otların arasından xışıltı eşitdim. Başımı qaldırmadan gözümün ucu ilə səs gələn tərəfə baxdım. Tikanların arasından boz quyruq görünürdü. Ora-bura yellənən, hərəkət edən quyruq sürətlə yerini dəyişirdi. Onu bir az izləyəndən sonra başı otların arasından göründü. Yaşıl gözləri ilə məni süzən, balaca, boz küçüklə baxışlarımız toqquşdu. Sonra başını yenidən aşağı salıb eşələnməyə davam etdi.
Üzümü çevirib gözlərimi yumdum. Az sonra küçük otluqdan çıxıb hansısa istiqamətdə qaçmağa başladı. Marağıma aldanıb yenə ona baxdım. Bir xeyli aralıda yerləşən ağ darvazaya yaxınlaşdı. Darvazanın ağzına qoyulmuş qabdan su içməyə başladı. Bəh-bəhlə xeyli su içdikdən sonra yoluna davam etdi. Suyu gördüyüm anda bədənimə güc gəldi, yerimdən qalxıb qaba doğru qaçmağa başladım. Paslanmış, iri qabın içərisində su, demək olar ki bitmişdi. Yalnız dibində quma qarışmış palçıqlı su qalmışdı. Onu ləzzətlə içdim.
Anidən darvazanın qapısı açıldı. Oradan bir baş çıxıb mənə gözünü zillədi. Qorxub geri çəkildim.
- Deyəsən yanırsan? Can!
Qapı bağlandı. Özümü itirdim. Bir az gözləyib getdiyinə əmin olduqdan sonra yenə qaba yaxınlaşıb dibini yalamağa başladım. Bu zaman qapı yenə açıldı. Cavan bir qız oradan çıxıb mənə doğru gəlməyə başladı. Qorxub tez qabdan uzaqlaşdım. Üzümü çevirib qaça bilərdim. Lakin arxadan yediyim təpikdən sonra ikiayaqlı canlılara arxamı çevirməyə də qorxurdum.
Məndən xeyli aralıda olduğuna əmin olduqdan sonra dayandım. Qız gülümsədi:
- Təzəsən deyəsən. Heç görməmişəm səni buralarda. Bir ayağı da işləmir. Yazıq... Yəqin hansısa vicdansız maşınla vurub...
Su qabına yaxınlaşıb onu doldurdu. Qızı diqqətlə süzürdüm. Əlində tutduğu qabdan süzülən suya baxdıqca boğazım quruyurdu. İstidən çöldə qalmış dilimdən dayanmadan selik axırdı. Tez zamanda suya qovuşmaq istəyirdim. Qızın qapıdan içəri girməyini gözləməyə səbrim çatmırdı. Quyruğum yellənirdi. Bu an gözüm qızın sinəsinə sataşdı. Yenə bu parıltı... Onu bayaqdan necə görməmişdim?
Qız qabı su ilə doldurandan sonra bir az gözlədi. Ona yaxınlaşmadığımı görüb geri - evə girdi. Qapı örtüldükdən sonra qaba yaxınlaşıb soyuq və təmiz suyu içməyə başladım...
***
... Bağların arası ilə gəzirdim. Hər küncü iyləyir, hər darvazanı nəzərdən keçirirdim. Hələ də sarmaşıqlı darvaza qabağıma çıxmamışdı. Buralarda nə qədər süləndiyimi xatırlamırdım. Zaman keçdikcə yaddaşım sanki silinməyə başlayırdı. Həyatımdan ancaq qırıq-qırıq parçalar xatırlayırdım. Yalnız burnuma tanış qoxu gəldiyi zaman bu xatirələr oyanırdı. Bəzən kimi və nəyi axtardığımı da unudurdum. “O”nu gözümün önünə gətirməyə çalışırdım. Ancaq dağınıq silueti qaranlıqla birgə yox olurdu. Qoxusunu hər yerdə axtarırdım. Onu yenidən tapmaq, tanımaq üçün bezmədən, usanmadan hər qapını gəzirdim. Bəlkə bir gün...
Axşama doğru ağ darvazaya çatdım. Bu saatlarda mələk qız həmişə həyətə çıxıb su qabını doldurar, yanına yemək tökərdi. Məni gördüyü zaman iri ət dilimləri, yağlı quyruqlar, sümüklər gətirərdi. Hər gün bu vaxt ağ darvazaların yanına qayıdıb onun qapıdan çıxmağını gözləyirdim.
Adını bilmirdim. Bu səbəbdən ona mələk qız deyirdim. Orta boylarda, bir az da dolu bədənli idi. Ağappaq dərisi pambıq kimi yumşaq idi. Məni sığalladığı zaman hiss etmişdim. Balaca burnu, iri, çəhrayı dodaqları var idi. Uzun, qəhvəyi saçlarını həmişə yuxarıdan yığdığı üçün uzun qaşlarını və iri gözlərini aydın görmək olurdu. Həmişə gülər, mənimlə söhbət edərdi. Dərisindən xoş və təravətli qoxu gələrdi. Mələkləri xatırladırdı. Əslində mən heç mələk görməmişdim. Amma mələk onun kimi deyildisə, bəs necə idi? Bəzən gecikərdi. Belə vaxtlarda onu qapının ağzında dayanıb saatlarla gözləyərdim. Gec də olsa, çıxar, mənə gülümsəyərdi. Onu gördüyüm zaman ürəyim daha tez-tez döyünərdi. Artıq ondan qorxmurdum. Yanına qaçıb ətrafında dövrə vururdum. Bəzən üzərinə atlanıb onu qucaqlayırdım. Onu tapdığım üçün çox xoşbəxt idim. Nə yaxşı ki, bu bağların arasında bir mələk qız yaşayırdı...
Məni gördüyü zaman “Yumaq” deyə səsləyərdi. Mənasını bilməsəm də xoşuma gəlirdi. Sevgi dolu cümlələri, səsi məni valeh edirdi. Par-par yanan parıltılı sinəsi ürəyimi isidirdi.
Bəzən yeməyi və suyu balaca boz küçüklə bölüşərdik. O da mənim kimi qapının bir yanında dayanar, mələk qızı gözləyərdi. İkimizin də onun sevgisinə ehtiyacı vardı. Bəzən onu boz küçüyə qısqanırdım. Qısqandığım zaman mırıldayır, onu yanımdan uzaqlaşdırırdım. Ancaq mələk qız mənə şəhadət barmağını göstərib silkələyərdi. Üz ifadəsindən düz etmədiyimi anlayır, utanırdım.
Beləcə günlərim keçirdi. Mələk qız və sarmaşıqlı darvazanı tapmaq xəyalları...
***
Bir neçə gün idi ki, mələk qızı görmürdüm. Nə qədər gözləsəm də, ağ darvazalar açılmırdı. Əvvəllər geç də olsa oradan çıxar, üzünü bir dəfə də olsun görərdim. İndi isə yox olmuşdu... Yoxsa mələk qız da artıq geri dönməyəcəkdi? Onu bir daha görməyəcəkdim? Narahat idim. Son zamanlarda bağın ətrafında çox sayda itlər peyda olmuşdu. Əvvəllər mələk qızı gözləyən mən və boz küçük idisə, indi itlərin sayı artmışdı. Mələk qız heç birimizə yox demir, hər kəsə yemək və sevgi paylayırdı...
... Zibillikdə eşələnirdim. Neçə gün idi qarnıma heç nə getmirdi. Aclıq yenə dözülməz hala çevrilirdi. Tullantılar arasında özümə yemək axtarırdım. Nə qədər ətrafında dövrə vursam da, bir şey tapmırdım. Bu zaman məndən bir az aralıda gəzişən boz küçüyün nəsə gəmirdiyini gördüm. Marağım mənə güc gəldi. Ona tərəf yaxınlaşdım. Küçük tapdığı iri sümüyün qırağında qalmış ətləri qoparmağa çalışırdı. Burnumu önə verib sümüyü iyləməyə başladım. Bunu görən küçük sümüyü dişlərinə alıb məndən aralanmaq istədi. Pəncəmi onun başına sıxıb yerə yıxdım. Qabağına keçib sümüyü iyləməyə davam etdim. Özünü itirən küçük sakitcə dayanmışdı. Bədəninin əsdiyini hiss etdim. Sümüyün qoxusu və aclıq bu sümüyü ondan almaq fikrini beynimə saldı. Mırıldamağa başladım. Küçük qorxub bayaqdan dişləri arasında saxladığı sümüyü yerə qoydu. Arxa-arxaya gedib məndən aralıda dayandı. Sümüyü yerdən götürüb ondan uzaqlaşdım.
Heç kəsin məni görmədiyi bir yerdə dayanıb sümüyü gəmirməyə başladım. Sümüklərlə bir yerdə qırılıb tökülən dişlərimi mədəmdə hiss edirdim. Az sonra başımın üzərini kölgə örtdü. Ona tərəf çevriləndə iri bir qara itin başımın üzərində durduğunu gördüm. Sümüyü dişlərimin arasına alıb sakitcə dayandım. İy alan itin bir az ətrafımda gəzişəndən sonra mırıltılarını eşitdim. Sümüyü ona verməyimi tələb edirdi. Məndən iki dəfə böyük olan itə qarşı heç bir şansım olmadığını artıq anlamışdım. Ancaq sümüyü yerə qoymaq istəmirdim. Nə edəcəyimi düşünmək üçün zamana ehtiyacım var idi. Lakin bu an qara it dişləri ilə ayağımdan yapışdı. Ağrıdan zingildədim. Tutub buraxmaq istəmədiyim sümük ağzımdan düşdü. Qara it önə keçərək onu qamarladı.
Məndən uzaqlaşan qara itin arxasınca baxdım. Boz küçüyün mənə gücü çatmadığı kimi, mənim də qara itlə boğuşmağa gücüm yox idi...
Daha bir neçə gün keçdikdən sonra, nəhayət, mələk qız geri döndü. Uzaqdan darvazanın açıldığını eşitdim. Səs gələn tərəfə var gücümlə qaçmağa başladım. Gəldiyim zaman artıq mələk qız gülə-gülə ətrafındakı itləri sığallayırdı. Onların arasından sivişib önə keçdim. Üzərinə hoppanan boz küçüyü əzizləyən mələk qız məni görüb gülümsədi:
- Darıxmışdın mənim üçün, Yumaq? Gəldim, gəldim...
***
Günlər əvvəlki axarına qayıtmışdı. Lakin bu, uzun çəkmədi. Mələk qızın qapısına yığılan itlərin sayı günbəgün artırdı. İlk başlarda yeməyi bərabər bölmək mümkün idisə, indi artıq çətinləşirdi. İtlər çoxaldıqca hər birimizə çatan yeməyin miqdarı azalırdı. Bundan əlavə böyük itlər öz paylarını yedikdən sonra digərlərinə göz dikirdi. Nəticədə, zəiflərin və balacaların mədəsinə heç nə getmir, ac qalırdılar. Bəzən hansısa bir ət dilimini gizlincə götürüb qaça bilirdim. Hərdən isə alınmırdı. Nəticədə digərlərindən qalan qalıqları çeynəyir, bəzənsə heç nəsiz qalırdım.
... İsti günlərdən biri idi. Kölgəlik yerdə xeyli uzandıqdan sonra ağ darvazaya yaxınlaşıb bir az su içdim. Qızmar günəş belimi yandırırdı. Tüklərim tökülməyə başlamışdı. Çəhrayı dərim bədənimin ayrı-ayrı hissələrindən görünürdü. Onsuz artıq əvvəlki kimi qalın, ağ, parlaq tüklərim yox idi. Çirkdən və tozdan rəngini dəyişmişdi.
Ətrafda gəzinməyə başladım. Həyətdən bir xeyli uzaqlaşmışdım. Torpaqda tanış qoxu sezmişdim. Onun arxasına düşüb irəliləyirdim. Sonda qoxunun gəldiyi istiqaməti tapdım. Nəyin qoxusu olduğunu hələ də anlamamışdım. Qoxu gələn tərəfi qarğalar örtmüşdü. Başları nəyəsə qarışmışdı. Məni görəndə bəziləri uçub getdi. Onlar tərəfə getməyə başladım. Az sonra hamısı qanadlarını açıb uzaqlaşdı. Gözümə qaraltı sataşdı. Hərəkət etmirdi. Ona tərəf getdim. Boz küçüyün cansız bədəni qarğaların dimdiyindən dəlik-deşik olmuşdu. Ona diqqətlə baxdım. Bir-iki dəfə onu çağırıb başımla qarnından itələdim. Ancaq yenə də hərəkət etmədi.
Görünür aclığa dayana bilməmişdi. Bir daha onu başımla itələyib ayılmayacağına əmin olduqdan sonra geri qayıtdım. Oradan uzaqlaşan kimi qarğalar yenə onun ətrafına toplandılar.
Ağ darvazanın yanına çatdığım zaman yenə burada toplanmış iri itləri gördüm. Hər gün daha çox artan itlərin əlindən ağ darvazanın yaxınlığına belə, getmək olmurdu. Az sonra mələk qızın başı qapıda göründü. Onu görən itlər hürə-hürə qapının ağzına doğru yaxınlaşdılar. Eyni zamanda qonşu bağdan çıxan kişi itlərin üstünə qışqırmağa başladı. İlk başda heç kəs ona fikir verməsə də, əlində çomaqla onların üstünə gəldiyini gördükdə hərəsi bir tərəfə qaçışdı:
- Cəhənnəm olun! Bunların əlindən həyətə çıxmaq olmur. Yığılıblar sürü kimi.
Mələk qız acıqlandı:
- Nə işiniz var onlarla?! Sizə nə edirlər ki?!
- Necə yəni nə edirlər? İtdi e bunlar. Küçə itləri! Bəlkə aralarından biri quduzdu? Sabah burada oynayan nəvəmi dişləsə, nə olacaq?!
Mələk susdu. Qaşqabağını salladı. Kişi sözünə davam etdi:
- Yemək verirsən, ona görə sayları artır! Əvvəl yenə cəhənnəm, bir-iki it idi balaca. İndi nə qədər avara it var hamısı burdadı. Kəs yeməyi, yoxsa zəng vuracam, hamısını gəlib aparsınlar.
- Yaxşı, yaxşı! Heç hara zəng vurmayın.
Mələk qızın üzü tutuldu. Əlində saxladığı torbanı açıb yeməyi küçəyə səpələdi...
***
Qaranlıq idi. Havada yenə tanış qoxular vardı. Yarpaqlarını tökən ağacların arabir yağan yağış damcılarından islanıb ətrafa dağıtdığı qoxu burnuma gəlirdi. İlk dəfə Tofiqin məni əllərinə alıb anamın sinəsinə qoyduğu gecə ağlımdan ildırım sürəti ilə keçdi. Havada belə bir qoxu var idi. Tanış qoxu... Ürəyimin necə parçalandığını hiss etdim. Başımı qaldırıb səmaya baxmağa başladım. Ulduzlar bu gecə par-par yanırdı. Bəziləri daha iri və parlaq idi. Sanki mənə göz vururdular. Anidən bir parlaq ulduzun yanıb-sönən işığı fikrimi özünə çəkdi. Hərəkət edirdi. Başqa ulduzların yanından ötərək aşağıya doğru düşürdü. Az sonra gözdən itdi.
Ulduza bir-iki dəfə hürdüm. Onu səsləyirdim. Ancaq geri dönmədi. Sevdiklərim də belə idi. Nə qədər səsləsəm də, heç biri mənə geri dönməmişdi. Yenə ağlıma “O” gəldi. Onunla keçirdiyim hüzurlu, sevgi dolu zamanlar ağlıma muncuq kimi düzüldü. Onun qoxusunu axtarmağa başladım. Hüzüntünü içimdən çıxara bilmirdim, buna görə də başımı qaldırıb ulamağa başladım. Səsim ətrafı bürüdü. Darıxmağımı başqa cür ifadə edə bilmirdim. Üzümü səmaya, ulduzlara tutub bərkdən ağlayırdım. Az sonra bütün küçələrdən tənha itlərin ağlamaq səsi bir-birinə qarışdı...
Gecə yarısı idi. Ağ darvazanın ətrafında uzanmışdıq. Küçə sakit və qaranlıq idi. Heç bir evdə işıq yanmırdı. Gecəyə doğru əsməyə başlayan sərin meh tüklərim arasından keçərək dərimi sığallayırdı. Uzun zamandır davam edən dözülməz istilərdən sonra, nəhayət, hava sərinləşmişdi. Artıq günəş dərimin çılpaq qalmış hissələrini yandırmırdı.
... Məndən bir az aralıda yuxuya getmiş iri, qara it gözlərini açdı. Bir-iki dəfə gərnəşdikdən sonra gözlərini mənə zillədi. Əvvəlcə fikir verməsəm də, az sonra mənə baxan ac baxışlarından narahat oldum. Üzünü görməmək üçün ayağa qalxıb ona əks istiqamətdə uzandım. Sürünə-sürünə arxadan yanıma yaxınlaşmağa başladı. Səsini eşitsəm də, başımı qaldırmırdım. Lap yaxınıma gəlib quyruğumla oynamağa başladı. İri pəncələri ilə onu sığallayır, mırıldayırdı.
Quyruğumu qaldırıb onun pəncələrindən azad etdim. Qara it ayağa qalxdı. Ətrafımda dövrə vurmağa başladı. Bir-iki dəfə sinəsini qabağa verib atlandı. Bərkdən hürdü. Başımı hələ də qaldırmırdım. Gözlərimi yumub onu görməzdən gəlirdim. Qara it arxama keçib quyruğumun ətrafını iyləməyə başladı. Nəhayət, dözməyib ayağa qalxdım. Ondan uzaqlaşmaq istəyəndə qabaq pəncələrini qaldırıb belimə söykədi. Özünü buranın ağası hesab edən bu erkəyə yox demək olmazdı. Ani bir hərəkətlə arxadan bədənimə yapışdı. Zingildədim. Artıq ondan azad olmaq gec idi. Nə qədər çalışsam da, mümkün olmadı.
Az sonra işini bitirib aralandı. Əvvəlki yerinə qayıdıb uzandı və məni unutdu. Bir daha məni narahat etməsin deyə mən də qalxıb bayaqdan uzandığım yerdən və digər itlərdən xeyli aralandım. Qaranlıq küçə ilə bir az getdikdən sonra yolun qırağında duran iri bir maşının altına girdim...
... Qulağıma maşın səsi gəldi. Tez başımı qaldırdım. Hələ səhər açılmamışdı. Alatoran idi. Maşın yavaş sürətlə ağ darvazaya yaxın bir ərazidə dayandı. İçərisindən düşən üç kişinin üzünü görə bilmirdim. Örtmüşdülər. Əvvəlcə onların yemək gətirdiyini düşünüb o tərəfə getmək istədim, lakin əllərində salladıqları ipləri gördükdən sonra ayaq saxladım. Mən bu ipləri çox yaxşı tanıyırdım. Bütün itlər ayaqlandı. Bu yad insanların kim olduğunu heç kəs bilmirdi. Qara it önə çıxıb kişilərə dişlərini göstərməyə başladı.
Bir-birilərinə baxıb başlarını yellədilər. Onlardan biri maşının arxasını açdı. Ətrafa yayılan yemək qoxusu mənə kimi gəlib çatdı. Nə qədər ac olsam da qorxu məni üstələdi - yeməyə doğru getmədim. Bütün itlər maşının ətrafında dövrə vururdular. Hamını yeməyin qoxusu cəlb etsə də, heç kəs ürək edib maşına tərəf getmirdi. Sonda itlərdən biri özünü qabağa verib oraya cumdu. Onun ardınca digər itlər də maşına doluşmağa başladı. Qara it xeyli qıraqda dayansa da, son anda maşına atladı. Başqa itləri itələyib yeməyə cumdu. Anidən qapını bağlamağa hazırlaşan balacaboy kişi bərk zərbədən yerə yıxıldı. Qara it ağzında iri tikə maşının arxasından atlanıb qaçmağa başladı. Onun ardınca boğazına atılan iplərə ilişərək yerə yıxıldı. İri tikəsi ağzından yerə düşdü. Güclü və sağlam iti ipdə saxlamaq çox çətin olacaqdı. Ora-bura dartınır, ipi boğazından atırdı. Onu saxlamağa çalışan iki nəfərin köməyinə üçüncü də gəldi. Qara it bərk hürür, hamısına dişini göstərirdi. İpləri dartır, cırmaqlayırdı. Qabağa qaçmağa çalışsa da, iplərdən bərk yapışmış kişilər onu buraxmırdılar. Sonda qara it onun boynundan yapışmaq istəyənlərdən birinin üstünə cumdu. Onu yerə yıxıb boğazından yapışmışdı. Kişinin qışqırıq səsi aləmi götürdü. Bəzi darvazaların qapıları yüngülcə aralanmağa başlamışdı. Bu zaman maşına qaçan balacaboy kişi oradan tüfəng çıxarıb qara itə dirədi. Eynilə Rəhimin mənə dirədiyi kimi...
Səs eşidildi. Dik atıldım. Qara it hərəkətsiz uzanmışdı. Çənəsi dağılmışdı. Ətraf get-gedə qana bulanırdı. Yerə yıxılan kişini qaldırdılar. Boğazını tuta-tuta maşına doğru qaçdı. Digərləri qara iti sürüyüb maşına atdılar. Həyətdən uzaqlaşdılar. Aralanmış qapılar təzədən örtüldü.
Ürəyim bərk döyünür, bədənim tir-tir əsirdi. Gözlərim hədəqəsindən çıxırdı. Ağır-ağır nəfəs alırdım. Səhərə qədər maşının altından çıxmadım. Gördüyüm səhnə, qara it, qan... Ağlım dumanlanmışdı. Axı nəyə görə...?
Səhər maşının altından çıxıb ağ darvazaya tərəf getməyə başladım. Gecədən torpağa tökülmüş qan artıq qurumuşdu. Yolun düz ortasında iri ət tikəsi dururdu. Ona yaxınlaşdım. İyləməyə başladım., qırağından yaladım. Ağzıma qum getdi - hər tərəfi batmışdı. Onu dişlərimin arasına alıb çırpdım. Qumu bir az təmizlənəndən sonra yeməyə başladım...
***
Döşlərimdə ağrılar günbəgün artırdı. Məmələrim qabarıb çölə doğru çıxırdı. Günbəgün böyüyən qarnımı daşımaq çətinləşirdi. Əvvəlkindən daha çox acır, bədənim daha çox su tələb edirdi. Qabırğalarım içimdə böyüyən balaların təpiklərindən az qala qırılırdı.
Həyətdə məndən başqa it qalmamışdı. Get-gedə havalar soyuduqca insanlar da bağları boşaldırdı. Küçə bomboş idi. Mələk qız da artıq yox idi, gəlmirdi. Ən son onu gördüyüm zaman mənim üçün qaynatdığı iri ət parçalarını qaba qoyub qapının ağzına yerləşdirmişdi. “Bir neçə gün səni idarə edər”, - deyib içəri girmişdi. Ondan sonra onu daha görmədim.
Yenə günlərlə qapının ağzında dayanıb gələcəyini gözləyirdim. Arada onu səsləsəm də, cavab ala bilmirdim. Yenə sevdiyim bir insan məndən çox uzaqlara getmişdi. Yenə tək idim...
Havalar artıq soyumuşdu. Ağacların üzərində bir yarpaq belə, yox idi. Daha yaşıl otlar arasında qaçan böcəklər, səmada süzən quşlar görünmürdü. İnsanlarla birgə sanki təbiət də getmişdi. Boş küçələr ürəyimi qızdırmırdı.
Evimi axtarmağa davam edirdim. Harada idi? Onu tapa bilmirdim. Həyətləri, küçələri gəzir öz yerimi tapmağa çalışırdım. Bəzən qapısı aralı qalmış darvazalardan içəri boylanırdım. Həyətdə gəzişən sağlam, iri itlərə baxırdım. Səliqə ilə daranmış par-par yanan tüklərə, düzgün qidadan sağlam qalan bədənə, işləyən ayaqlara... Nə zamansa mən də belə idim axı...
***
Dənizlə üzbəüz dayanmışdım. Dar küçələr yenə məni mavi zolağın yanına çıxarmışdı. Hava tutqun idi. Göyün üzünü örtən buludlar eyni istiqamətdə hərəkət edirdi. Bəzən onların arasından sivişib çıxan günəş şüası tez zamanda yenidən itirdi.
Dənizboyu sahilə atılan tullantılara baxırdım. Bir-bir hamısına yaxınlaşır, özümə nəsə axtarırdım. Gözümə sataşan iri şüşəyə yaxınlaşdım. Şüşədən gələn qoxu başımı hərlətdi. Aralandım. Sahildən bir az kənarda yerləşən tikilidən dadlı qoxular gəlirdi. Çıxan tüstünün iyinə getməyə başladım. Xudmani kafenin ətrafında iki maşın dayanmışdı. Onların yanından keçib kafeyə yaxınlaşdım. Qapı açıq idi. Həyətdə heç kəs yox idi. İçəridən səslər gəlirdi. Səs gələn tərəfə diqqətlə baxdım. Enlikürək, hündür bir kişi masanın üstünə düzdüyü ətləri baltalayırdı. Çiy ətin qoxusu hər yerə yayılmışdı. Qapının ağzından aralanıb kafenin arxasına tərəf getdim. Tüstünün haradan gəldiyini tapmaq istəyirdim. Bu zaman qabağımı kəsən bir qadın əlindəki süpürgə ilə üzümə vurmağa başladı:
- Rədd ol burdan! Get!
Tozlu süpürgənin ucları gözümə girib məni incitdi. Tez üzümü çevirib qadından uzaqlaşdım. Evin önünə tərəf qayıdanda içəridə səs-küy qopmuşdu. Bir kişi bərkdən bağırırdı:
- Əti indicə bura qoydum, əlimlə!
Arxasını eşidə bilmədim. Səslər bir-birinə qarışmışdı. Arada qırıq-qırıq “Səsini eşidirəm, buralardadı!”, “Qoymayın qaçsın!” cümlələri eşidirdim. Qapıya yaxınlaşdım. Anidən qapıdan sivişib çıxan pişik məni qorxutdu. Ağzında tutduğu iri, çiy ət dilimlərindən balaca parça yerə düşdü. Pişik gözdən itdi. Onun arxasınca baxdım. Çiy ət parçasına yaxınlaşıb onu iyləməyə başladım. Bu zaman qapı taybatay açıldı. Əlində balta, qapının ağzında dayanan kişi mənə qəzəblə baxırdı:
- Deməli sənsən?! İndi sənə göstərəcəm!
Qışqıra-qışqıra üstümə yeridi. Qaçmağa başladım. Dalımca düşən kişi sürətlə mənə yaxınlaşırdı. İşləməyən ayaq və zəif bədən mənim daha sürətlə qaçmağıma mane olurdu. Sahil boyu geri - gəldiyim yerə doğru qaçırdım. Hardan gəlmişdim ki? Ondan xilas olmaq üçün harada gizlənə bilərdim? Evim yox idi...
Bu zaman qarnımda bərk ağrı hiss etdim. İri daş mənə dəyərək qırağa yuvarlandı. Müvazinətimi itirdiyim üçün yıxıldım. Qarnımdan qopan ağrı məni ləngitdi. Özümə gəlib ayağa qalxırdım ki, arxamca gələn kişi iri baltanı zərblə başıma endirdi. Son anda zərbədən xilas ola bilsəm də, balta məndən yan keçmədi. Qulağımdan fışqıran qandan başım gicəlləndi. Bərk uğultu hiss edirdim. Hər şey başıma fırlanırdı. Bir qulağımı hiss etmirdim...
Qaçmağa davam edirdim. Hara və niyə qaçdığımı bilmirdim. Hissiyatım sanki itmişdi. Sadəcə burdan bacardığım qədər uzağa qaçmalı olduğumu bilirdim. Kişi artıq məni təqib etmirdi.
Sahildən aralanıb özümü maşın yoluna atdım. Boş yolu sürətlə keçib bağların arasına girdim. Qulağımın qanı axmağa davam edirdi. Mənim ardımca yol boyu gah asfalta, gah torpağa süzülürdü. Bədənim get-getə daha çox zəifləyirdi. Sonda tamam taqətdən düşüb dayandım. Yolun qırağında yerə yıxıldım. Qarnıma dəyən zərbə məni daha çox üzmüşdü. Zərbənin yerini yalamağa başladım. Bayaqdan bəri içəridə hiss etmədiyim təpikləri duydum. Hər şey yaxşı idi...
Gözlərimi yummuşdum. Hava artıq qaralmışdı. Səmanı örtən buludlar bir-biri ilə toqquşaraq göyləri guruldadırdı. Yağış damcıları bədənimin ayrı-ayrı hissələrinə toxunurdu. Ağır-ağır nəfəs alırdım. Qulağımdan çıxan ağrı və uğultu hələ də kəsməmişdi. Bir tərəfimi hiss etmirdim.
Yağış artmışdı. Bağların birindən qadın və balaca oğlan çıxdı. İsti paltarlarına bürünmüşdülər. Qadın əlindəki torbaları yaxınlıqda yerləşən zibilliyə atdı. Ana əlində qalmış son torbanı oğluna uzatdı. O da sevinə-sevinə zibil qutusuna yaxınlaşıb var gücü ilə torbanı onun içinə tulladı. Bu zaman yerdə uzanan məni gördü.
- Ana, ay ana! Burda it var!
- Oğlum, yaxın getmə! Birdən quduz olar.
- Ana, həyətə salaq da, nolar? Yağışda tək üşüyür.
- Yox, yox! Bura gəl, tez. Onlar üşümür, sən narahat olma.
Uşaq bir xeyli mənə baxdıqdan sonra anasının yanına qaçdı. İçəri girdilər. Az sonra yenə qapı səsi eşidildi. Uşaq qaça-qaça yanıma gəldi. Uzaqdan anasının “Çox yaxına getmə” deyən səsi eşidildi. Məndən bir az aralıda dayandı. Başımı qaldıra bilmədiyim üçün gözümün ucu ilə ona baxdım. Əlində saxladığı kolbasa dilimini mən tərəfə atdı. Dilim başımı söykədiyim yerdən bir az aralıya düşdü. Sonra geri - evinə qaçdı və gözdən itdi.
Bu gördüyüm oğlan sinəsində parıltı olan son insan idi. Onun ardınca baxdım...
Başımı kolbasa diliminə doğru uzatmağa çalışdım. Ancaq zəif olduğumdan yerimdən qalxa bilmirdim. Son gücümü toplayıb bir cəhd daha etdim. Artıq burnumun ucu düz kolbasa diliminə toxunurdu. Tərpənmədən, bu vəziyyətdə qalmışdım. İkinci cəhdi edib onu götürməyə artıq gücüm yox idi...
Yağış kəsmək bilmirdi... Gözümü açdım. İslanmış sarmaşıqları külək sağa-sola yellədirdi. Dəmir darvazanın qapısı bir az aralı idi. İçəridən ətrafa səpilən işıq get-gedə artırdı. Tanış səs məni çağırırdı. O səsə doğru qaçmağa başladım. Gülümsəyən nürani kişi kobud əllərini mənə doğru uzatmışdı. Nəhayət “O”, mənim səsimə cavab vermişdi. İndi yenə onunla bir yerdə, sevgi və hüzur dolu yaşayacaqdım. Mənə baxıb “Bundan sonra evindəsən” deyirdi. Artıq heç vaxt ayrılmayacaqdıq. Bundan sonra hər şey yaxşı olacaqdı...
Yağış axan qanı yollardan silirdi. Son izlərim də yağışla birgə dünyadan axıb gedirdi...
Nə idi bu onların sinəsində yanan işıq, parıltı? Niyə onlar digərlərindən seçilirdilər?..
Hekayənin müəllifi Aysel Şıxlinskaya,
AYNA üçün