“Bu sahədə monopoliya yoxdur, ya da…”

Mədəniyyət

11.12.2022 - 10:25

Bahəddin Həzi: “Ədəbiyyat konkret zamandan yuxarıda, konkret məkandan qıraqdadır”

Tanınmış publisist, çoxsaylı analitik yazıların, eyni zamanda maraqlı bədii əsərlərin müəllifi Bahəddin Həzi ilə AYNA-da müasir ədəbiyyatımız ətrafında həmsöhbət olduq. Beləliklə:

- Bu yaxınlarda müəllifi olduğunuz "Ölümcül həqiqətlər" kitabı işıq üzü gördü. Əvvəla ondan başlayaq ki, niyə "Ölümcül həqiqətlər"?

- Bu adı seçmək asan olmadı. Çünki sual doğuracağını təxmin etmişdik. Bu adın üç cür interpretasiyası mümkündür: birincisi, həqiqət yalana ölümcül zərbədir; yalanın da həqiqəti ölümcül hala saldığı momentlər olur; bir də həqiqəti deməyin ölümcül təhlükəsi də var.

- Bu kitabı necə adlandıraq: bədii, yoxsa publisistik?

- Kitabda həm bədii əsərlər, həm esselər, həm də publisistik yazılar, portretlər, yol qeydləri var. Oxucu necə adlandıracaqsa, elə də olsun.

- İrihəcmli bədii əsər yazmağı düşünürsünüzmü?

- Bəli, düşünürəm. Qələmin gücü və ömrüm çatsa.

- Belə bir ənənəvi sual: müasir ədəbiyyatı qısaca necə təhlil edərdiniz?

- İndi ədəbiyyatda gerçək hekayələr trenddir. Çox şeylər uydurmağa ehtiyac yoxdur. Ədəbiyyat artıq yaşanmış həyat situasiyalarının bədii həllidir. Bu, əlbəttə, daha çox nəsrə aiddir. Kinoda da bu trend var. Əvvəl də vardı. İndi daha qabarıqdır.

- Dünən ədəbiyyatımız hara baxırdı, bu gün hara baxır?

- Ədəbiyyat konkret zamandan yuxarıda, konkret məkandan qıraqdadır. Ədəbi prosesi cari konyukturalara tabe tutanda, o, şikəst görünür. Bu haqda kitabımda bir essem var.

- Dünya nə yazır, biz nə yazırıq?

- Tam səmimi sözümdür: bizim dünya miqyasında tanınmağa və oxunmağa layiq yazıçılarımız var. Ancaq, təəssüf ki, dünyaya çıxa bilmirik. Məncə, ədəbiyyat hər zaman insanın öz içinə baxır. Ədəbiyyat üçün, sənət üçün insanın özündən maraqlı nə ola bilər?!

- Son zamanlar kitaba maraq artır, rəngarəng kitablar meydana gəlir...

- Bu, yaxşıdır.

- Amma yazanlar da çoxalır. Bunu da yaxşılığa yozaq?

- Əlbəttə. Kim yaxşı yazmaq, oxunmaq iddiasındadırsa, qoy yazsın.

- Rəqabət yaranacaq?

- Bilirsiniz, bu işdə monopoliya yoxdur. Ya da azdır...

- Sizcə, niyə?

- Burda böyük pullar yoxdur.

- Sosial şəbəkələr kitaba necə təsir edir? Sizcə, kitab internetlə, roman "Facebook" statusları ilə, ədəbi tənqid "layk"larla rəqabətə dözəcək?

- Məncə, yüksək sənət həmişə var və olacaq. Mənim kitabımda bir fikrim var: bəyənmək hələ sevmək deyil. Sevgi ilə yazılan əsərlər hər zaman sevilərək oxunacaq. Bəyənən çox, sevən az ola bilər. Yüksək sənətin, böyük ədəbiyyatın da qisməti budur.

- Oxucularımıza sualınız var?

- Var: niyə öz yazıçılarımızı az oxuyursunuz?

- Kimləri oxusunlar?

- Seyran Səxavət çox maraqlı yazıçıdır. Şərif Ağayarın, Aqşin Yeniseyin, Pərviz Cəbrayılın çox yaxşı əsərləri var. Natiq Məmmədlinin "Sev" romanı çox xoşuma gəldi. Ən çox da hekayəsini sevdim. Elçin Hüseynbəylini oxuyurlarmı, məsələn? Çox adlar çəkə bilərəm. Dünya ədəbiyyatını, təbii ki, izləmək, oxumaq lazımdır. Ancaq Azərbaycan yazıçılarının da çox gözəl əsərləri var.

Müəllif: Tural Talehoğlu