İrəvanda fantastika: möcüzəni gerçəkləşdirəcəklər

Siyasət

21.04.2023 - 13:15

Mərkəz rəhbəri: “Bu, fantaziya aləminə aid bir şeydir, bəlkə də…”

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla pozulmuş hərbi balansı bərpa etmək üçün “ciddi proqramlar” var. O, bunu parlamentin növbədənkənar iclasında “Ermənistan hökumətinin proqramının (2021-2026-cı illər) 2022-ci il üçün icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı, hakim Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Vigen Xaçatryanı cavablandırarkən bildirib.

İki ölkə arasında hərbi potensial baxımından çox böyük uçurum olduğunu deyən millət vəkili hökumətin bu uçurumu azaltmaq üçün nələr etdiyini də soruşub. Və Paşinyan söylıyib ki, “Biz balansı bərpa etmək üçün çox ciddi proqramlar hazırlamışıq, lakin biz onları açıq müzakirə etməyəcəyik”.

Baş nazir əlavə edib ki, milli təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etməyə hazırdır. Həm də təkcə iqtidar partiyasından olan deputatlarla deyil, həm də müxalifətdən olan deputatlarla.

Bu, nə deməkdir? Birincisi, Ermənistanın Baş naziri hansı balansdan danışır? Azərbaycanın illik hərbi büdcəsi artıq Ermənistanın bütün illik dövlət büdcəsini üstələdiyi halda, onun bu boşluğun real ölçüsündən xəbərsiz olduğuna inanmaq çətindir. Yaxşı, "tarazlıq" anlayışına nə vaxt yaxınlaşmaq realdır? İkincisi, İrəvan bu işdə kimə arxalana bilər? Ola bilsin ki, “balans” sözü arxasında onlar hərbi dəstəkdə Azərbaycana hansısa yolla çatacaqları havayı texnika yardımı gözləyirlər? Amma bunu haradan almaq olar?

Ermənistanın özünün müdafiə sənayesi praktiki olaraq yoxdur. Rusiyanın yağlı hədiyyələrinə arxalana bilməzlər - Ukrayna cəbhəsində artıq 1950-ci illərin silahlarından istifadə etməyə məcbur olan ölkədən bu yardımı gözləmək yanlış mövqedir. Başqa dövlətlər də yaxşı həyat üçün ermənilərə öz silahlarını verməyəcək. Bəs Paşinyanın sözlərinin arxasında nə dayanır? Bəlkə, bu, sadəcə blefdir?

Mövzunu AYNA-ya “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu şərh edib:

“Obyektiv təhlil və mövcud reallıqlar nöqteyi-nəzərindən Paşinyanın bu bəyanatını dəyərləndirmək çox çətindir, çünki o, sadəcə olaraq real olmayan şeylərdən danışır. Birincisi, münaqişəni öz nəzarətində saxlamağa çalışan Rusiyanın bir tərəfdən Azərbaycana silah satdığı, digər tərəfdən “kredit” adı altında Ermənistana silah ötürdüyü zamanlar keçib. Rusiya hər iki dövlətin aralarında paritet saxlamağa çalışdı və uzun müddət buna nail oldu. Amma sonra Azərbaycan silah və müdafiə texnikasının alınması ilə bağlı siyasətini şaxələndirməyə başladı və paritet pozuldu. Amma Azərbaycan həm də ona görə uğur qazandı ki, neft satışından böyük gəlirlər əldə etməyə başladı.

Bəs Paşinyan bütün bunları doğrudan da öz əhalisini sakitləşdirmək üçün deyil, ciddi deyirsə, nəyə ümid edir? Düşünürəm ki, o, bəlkə də NATO və Qərb dövlətlərindən kömək gözləyir. Amma NATO üzvlərinin Ankara ilə münasibətləri gərginləşsə də, necə deyərlər, NATO üzvü Türkiyənin burnunun dibində olsalar belə, Ermənistanı Azərbaycanla hərbi paritet əldə edəcək qədər silahlandırmaları da çox qeyri-sabitdir və real deyil. Bu, mümkün deyil.

Üstəlik, Ermənistanın böyük ordunu təmin etmək və saxlamaq, döyüşə hazır vəziyyətə gətirmək üçün kifayət qədər resursları, ilk növbədə insan resursları yoxdur. Onun nə adamı var, nə də buna imkanı. Axı məlum olur ki, deyilənlərə çatmaq üçün bəzi hipotetik sponsorlar hər il Ermənistanın silah almasına 3-5 milyard dollar sərmayə qoymalı olacaqlar. Belə xeyirxahların peyda olacağına dair fantastik ehtimal olsa belə, Ermənistanla qonşu olan ölkələr buna imkan verməyəcək. Ən əsası isə Moskva buna imkan verməyəcək. Çünki Rusiya regiona təsir etmək üçün Ermənistanı 200 il əvvəl özünün forpostu kimi yaradıb.

Məncə, Paşinyanın dediklərini siyasi təcrübəsizliyi ilə izah etmək olar. Məsələn, əgər NATO-nun Baş katibi Brüsseldə keçirilən görüşdə ona və ya müdafiə nazirinə geniş təbəssümlə baxıbsa, o zaman Ermənistan artıq Alyansın məmnuniyyətlə onu silahlandırmağa tələsəcəyinə arxalana bilər – bu, fantaziya aləminə aid bir şeydir.

Bəlkə də, Paşinyan İrandan belə bir dəstəyə ümid edir. Bəs Tehran İsraildən və Türkiyədən, Avropadan yeni silahlar alan Azərbaycanın 10 ildən artıq bir müddətdə çatdığı səviyyədə Ermənistanı silahlandıra bilirmi?

Buradan belə nəticəyə gəlmək məntiqlidir ki, Ermənistanın Baş naziri bu bəyanatlarla sadəcə öz əhalisini bir az da sakitləşdirmək istəyib, çünki Azərbaycan ordusu ilə hərbi texnika səviyyəsində boşluq o qədər böyükdür ki, orada qorxu yaradır. Deyilənlər siyasi PR-dır, başqa heç nə!”.

Müəllif: Rauf Orucov