“Düşünürəm ki, Tehran Bakıdan üzr istədi, əks halda...”

Siyasət

10.05.2020 - 11:00

Tofiq Abbasov: “Allahşükür Paşazadə Donald Trampa müraciəti ilə bölgə xalqlarının vəziyyətinə biganə qalmadığını göstərdi”

 

Politoloq Tofiq Abbasov AYNA-ya müsahibəsində Azərbaycan-İran münasibətlərini şərh edir:

 

- Söhbətimizə ümumi sualla başlayaq. Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

 

- Azərbaycan-İran münasibətləri iki qonşu dövlətin milli elitalarının niyyətlərinə tam uyğundur. Bakı və Tehran praqmatik səviyyəyə yüksələn siyasi dialoqu, həyatın bütün vacib sahələrini əhatə edən ikitərəfli münasibətlərin tonunu müəyyənləşdirir. Əlaqələrin qurulmasının ilkin mərhələsində - Azərbaycan siyasi müstəqillik əldə etdiyi vaxt münasibətlər kəskin idi. Tehran təkəbbürdən irəli gələn yersiz davranış sərgiləyirdi, hətta, bəzən güc nümayişi şəklində siyasi etikadan kənara çıxır, basqı edirdi. Lakin Heydər Əliyev diplomatiyası reallıq baxımından bir pillə yuxarıda dayanırdı. 2000-ci illərin əvvəllərində İranın Azərbaycana qarşı siyasətində özünü mütəmadi hiss edən təkəbbür və basqı tədricən yox olmağa başladı. Bakının qeyd-şərtsiz tələbi odur ki, əməkdaşlıq, mehriban qonşuluq bir-birinə zərbə vurmaqdan daha yaxşıdır. Son illərdə tərəflər daxili və regional problemlərin birlikdə həll edilməsinə maraq göstərməyə başladılar, qarşılıqlı iqtisadi bazanın qurulmasına da həmçinin. Və nəticə özünü çox gözlətmir. Doğrudur, bəzi regional və qlobal fors-major hallar, Qərbin İrana təzyiqləri, İran körfəzi zonasında gərginlik Tehranın imkanlarına mənfi təsir göstərir və ikitərəfli münasibətlərə də təsirsiz ötüşmür. Ancaq buna baxmayaraq, artım özünü hiss etdirir və həm Bakı, həm də Tehran gələcəyə olduqca həssaslıqla baxır.

 

- İşğalı altındakı torpaqlarımıza İran yük maşınlarının yardım aparması barədə məlumatlardan xəbərdarsınız. Bu qalmaqalın Bakı-Tehran münasibətlərinə təsir edəcəyini düşünürsünüz?

 

- Mən qalmaqal olduğu fikri ilə razı deyiləm. Azərbaycan Xarici İşlər Nazirliyi İran hakimiyyətinin dostluğa zidd addımlarına dərhal reaksiya verdi və məsələ həll edildi. Xatırladım ki, İranın Azərbaycandakı səfirliyi qeyd etdiyiniz faktları təkzib etdi. Burada mediamız hadisəyə çox tez və hərtərəfli reaksiya verdi. Şübhəsiz ki, bu, səlahiyyətlilərimizin diqqətindən yayına bilməzdi, məsələ diplomatik kanallar vasitəsilə müzakirə edildi. Həqiqətən də olsaydı, onda İran tərəfinə müvafiq təkliflər verilmiş olardı. Ancaq burada bir məqama da diqqət çəkmək istəyirəm. Bəzi qüvvələr Azərbaycan-İran münasibətlərinin pisləşməsində maraqlıdırlar və bu kimi hadisələri qabartmaqla maraqlarını reallaşdırmağa çalışırlar.

Oxu.az - Tofiq Abbasov: İrəvan məkirli və iyrənc oyun oynayır ...

- Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu mövzuda danışdı. İran tərəfdən də rəsmı açıqlamalar oldu və təkzib verildi. İnsidenti ciddi hesab etmək üçün bunlar kifayət deyilmi?

 

- Bu göstərdi ki, tərəflər baş verənlərin şişməsində maraqlı deyillər. Hər halda, hadisə təəssüf doğurur, çünki Tehran rəsmi səviyyədə ölkəmizin ərazi bütövlüyünü tanıyır. Lakin bu cür əməllər ortaya çıxanda ikili standartlardan çıxış edərək, etdiyini boynuna almır. Hər halda, hadisə ilə əlaqədar fikir mübadiləsi aparıldı və yaxşı ki, qəfil sıçrayış effekti vermədi. Hesab edirəm ki, Tehran səhvini etiraf etdi və üzr istədi. Əgər bu, baş verməsəydi, münasibətlərimizdə yeni bir gərginlik dövrünün şahidi olardıq.

 

- Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ Prezidenti Donald Trampa məktub yazaraq, humanizm və həmrəylik naminə İrana qarşı sanksiyaların qaldırılmasını rica etdi. Pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verilməsini istədi. Bu müraciəti necə qiymətləndirirsiniz, bu məsələ Azərbaycan-İran münasibətlərinə təsir edəcəkmi?

 

- Güman ki, bu, qlobal pandemiyada gözlənilməz şəkildə davranan Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizə təsir edə bilər. Axı, onlar yenə də avropalı müttəfiqlərinə zərbələr endirərək, onlardan uzaqlaşdılar. Əgər Vaşinqton yaxın dostları ilə münasibətlərdə bu qədər sərt bir təpki nümayiş etdirirsə, digər ölkələrə münasibətdə bunu təsəvvür edin. Azərbaycan-İran münasibətlərinə gəlincə, əminəm ki, bu nəcib addım qarşılıqlı etimadın təməlini yalnız möhkəmləndirəcək. Yeri gəlmişkən, humanitar əlaqələrin səviyyəsi bəzən münasibətlərin mahiyyətini, onların görünməz semantikasını daha aydın göstərir.

 

Burada yadda saxlamalıyıq ki, virusa qarşı mübarizənin başlanğıc mərhələsində - pandemiyanın İranı bürüdüyü zaman Azərbaycan cənub qonşusuna 5 milyon dollar yardım ayırdı. Bu, sadəcə xoşməramlı bir hərəkət deyil, dostluğa, mehriban qonşuluğa və bizi birləşdirən yüksək mənəvi dəyərlərə sadiqliyin təcəssümüdür. Ümumiyyətlə, pandemiya dövründə Azərbaycan Prezidenti yüksək məharət nümayiş etdirir, təhlükəli bir bəla ilə qarşılaşmağa hazır olmayan ölkələrlə həmrəylik nümunələrini göstərir.

 

- Ötən həftə ABŞ Azadlığa Dəstək Aktına 907-ci düzəlişin icrasından imtina müddətini uzatdı. Bu şəraitdə Allahşükür Paşazadənin ABŞ Prezidentindən 907-ci düzəlişin ləğvini xahiş etməsi daha doğru olmazdımı, nəinki İranın xahişini etməsi?

 

- Şeyx siyasi xadim deyil, ruhani xadimdir. Onun səlahiyyətlərinə sırf dini, mədəni, sivilizasiya və humanitar məsələlər aiddir. Digər tərəfdən, unutmayaq ki, İran bizim yaxın qonşumuzdur və bu ölkədə 30 milyon soydaşımız yaşayır. Dini liderimiz Trampın diqqətini bu ölkədəki pandemiya ilə mübarizəyə yönəltməklə, bölgəmizdə, dost ölkələrdə insanların və xalqların vəziyyətinə biganə qalmadığını göstərir. QMİ rəhbəri belə bir vaxtda, 10 illərlə davam edən ABŞ-İran gərginliyini aradan qaldırmaq, bu ölkələrin xalqları arasında etibarlı münasibətlərin qurulmasına yardım etmək kimi təbii haqqından istifadə etdi.

Müəllif: Əkbər Həsənov