Nazir: “Hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərində iş gedir”
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib. Sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev açıqlama verib.
“Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərində iş gedir: “Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb. Universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq. Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq”.