“Hələ yayda demişdim ki, Azərbaycan yeni müharibəyə hazırlaşmalıdır” - KUZNETSOV

Aktual

15.11.2021 - 19:21

Rusiyalı politoloq: “Nə Kreml, nə də sülhməramlılar özləri onların davranışlarını kimin necə tənqid etdiyinə əhəmiyyət verir”

Qarabağda və Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət hələ sabit səviyyəyə çata bilmir. Demək olar ki, hər gün sərhəddə xırda atışmalar baş verir və hər iki tərəf bir-birini atəşkəsi və ya bu gün dəbdə olan kimi, üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham edir. Lakin son dəfə qeyri-adi hadisə baş verib. Bir erməni avtomobilini Laçın-Şuşa-Xankəndi yolunun Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaxınlığına sürüb və Azərbaycan hərbçilərinə tərəf qumbara atıb.

Sülhməramlılar ermənini tutub, sonra separatçılara təhvil veriblər. Baxmayaraq ki, hüquqi nöqteyi-nəzərdən bunu Azərbaycana verməli idilər, çünki cinayət bizim ərazimizdə törədilib. Bu hadisə ermənilər üçün Norayr Mirzoyanı terrorçudan qəhrəmana çevirib. Təbii ki, “separatçı qəhrəman”a qarşı ədalətli məhkəmə gözləməyə əsas yoxdur. Amma sülhməramlıların davranışı narahatlıq doğurur.

Məşhur rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində baş verənləri şərh edib.

- Son təxribatı necə qiymətləndirirsiniz? Aydındır ki, burada hər iki tərəfdən bütün ittihamlar Rusiya sülhməramlılarına yönəlir...

- Baş verənlər mütləq baş verəcəkdi və dünən olmasa da, bu gün, bu gün olmasa, sabah, o biri gün... amma yaxın gələcəkdə baş verəcəkdi. Son bir il ərzində Cənubi Qafqazda cavabı olmayan çoxlu suallar yığılıb və əgər bu qumbara atanla bağlı hadisə olmasaydı, bu sualları canlandıracaq və gündəmə gətirəcək başqa bir şey baş verəcəkdi. Bunlar gündəmdədir, çünki heç birinə dürüst və dəqiq bir cavab verilmədən vəziyyətin bir bütün olaraq anlaşılması yoxdur və olmayacaq.

Təbii ki, suala sualla cavab vermək çox nəzakətli deyil, amma mən bunu etmək məcburiyyətindəyəm: niyə sizcə, Rusiya müharibədən sonrakı Qarabağ nizamlanması prosesində bunun üçün bütün imkanlara malik olmaqla Azərbaycanın, yoxsa Ermənistanın maraqlarına xidmət edəcək? Son illərdə Bakı və İrəvan bərabər şəkildə Moskvadan, birinci Ankaraya, ikinci Vaşinqtona üz tutdu ki, bunun da nəticəsində Kreml dörddə bir əsrdə ilk dəfə olaraq Dağlıq Qarabağa tərəflərdən bərabər məsafədə hərəkət etməsinə şərait yaratdı. Və onlar da Qarabağ münaqişəsi fonunda sırf öz geosiyasi və geostrateji məsələlərini həll etməyə başlayıb. Bunun üçün qədim Ermənistan-Azərbaycan ziddiyyətlərindən istifadə edirlər. Azərbaycanda son iki onillikdə dövlət ideologiyası səviyyəsində, Rusiyanın son iki əsrdə Türk dünyasına qarşı ermənilərin maraqlarına xidmət etməsi tezisi məqsədyönlü şəkildə kütləvi ictimai şüura daxil edilib. Eyni zamanda, ermənilərin ənənəvi olaraq hələ də Rusiyanın geosiyasi manipulyasiya aləti olaraq qaldığını və onun hakimiyyətinin yalnız başqa, daha güclü dövlət  müqabilində bundan əl çəkəcəyini düşünmək heç kimin ağlına da gəlmirdi. Azərbaycan bu və ya digər səbəbdən belə alət olmaqdan imtina etdi və ona görə də indi gördüyümüz mənzərə ilə qarşılaşmışıq.

Rusiya indi Cənubi Qafqazda Azərbaycanın maraqlarından və Ermənistanın maraqlarından uzaq olan öz maraqlarını təmin edir və buna görə də Moskva hakimiyyəti ilkin olaraq beynəlxalq arenada digər oyunçuların buna reaksiyası nəticəsində yaranan bəzi emosional narahatçılığa dözməyə hazır idi. Bəli, Rusiya sülhməramlılarına indi Azərbaycan və Ermənistan mətbuatı hücum edəcək, amma bu, onların peşəsidir, onlar psixoloji cəhətdən buna hazırdırlar, ona görə də nə onlar, nə komandanlıqları, nə də Kreml onları kimin və necə tənqid edəcəyinə fikir verir. Çünki bu, mövcud vəziyyəti heç bir şəkildə dəyişməyəcək.

- Rusiya sülhməramlıları terrorçunu Ermənistan tərəfinə təhvil verib. Niyə? Axı cinayət Azərbaycan ərazisində olub. Bu, Azərbaycanın Rusiya sülhməramlılarına olan inamını sarsıtmayacaqmı?

- Yuxarıda dedim ki, Kreml sülhməramlıların Azərbaycan tərəfdən etimadını vecinə almır. Son bir ildə Azərbaycan mətbuatına və sosial şəbəkələrin Azərbaycan seqmentinə diqqətlə nəzər salıb təhlil etsəniz, bu müddət ərzində Rusiyanın siyasi rəhbərliyinə və Rusiya sülhməramlılarına qarşı aqressiya və neqativliyin səviyyəsinin dəfələrlə artdığını görmək asandır. Demək olar ki, Ukrayna və ya Baltikyanı səviyyəyə çatıb və buna görə də Moskvada heç kim uzun müddətdir ki, belə münasibətin yaxşılığa doğru dəyişəcəyini gözləmirdi. Odur ki, bu hadisə Azərbaycan cəmiyyətinin Qarabağdakı rus sülhməramlılarına münasibətinin emosional fonunda heç nəyi kökündən dəyişə bilməz, bu, onsuz da neqativdir, heç də yaxşılaşmayacaq.

Əksinə, bu terrorçu ilə bağlı iş bir növ çoxdan gözlənilən “həqiqət anına” çevrildi və indi son dərəcə narahat olan sualların qoyulması və cavablandırılması vaxtıdır. Ondan başlayaq ki, azərbaycanlılar indi mütləq öz suallarına cavab verməli olacaqlar: Dağlıq Qarabağ münaqişəsi doğrudanmı tarixin çevirilmiş səhifəsidir? İndi tam aydındır ki, Ermənistan heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamayacaq və Qarabağ iddialarından əl çəkməyəcək, çünki bu, ölkənin konstitusiya qanunvericiliyinə zidd olacaq və Paşinyan da daxil olmaqla, heç bir siyasətçi belə addım atmayacaq. Bu addım istənilən erməni siyasətçisini soydaşlarının gözündə avtomatik olaraq vətən xaininə çevirəcək.

Mən bu barədə hələ bu ilin iyulunda, demək olar ki, dörd ay əvvəl saytınıza verdiyim müsahibədə demişdim. Lakin Paşinyan və ətrafının sınacağına sadəlövhcəsinə inanaraq, mənim fikrimə məhəl qoyulmadı, amma onlar sınmadılar. Mən təxminən, eyni zamanda demişdim ki, Azərbaycan Ermənistanla dövlət sərhədinin konfiqurasiyasını müəyyən etmək üçün yeni müharibəyə və ya ən azı hərbi əməliyyata hazırlaşmalıdır, çünki dövlət sərhədi ilə bağlı da razılaşma olmayacaq. 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağ bölgəsində atəşkəs və bütün hərbi əməliyyatlar haqqında üçtərəfli bəyannamənin imzalanmasının birinci ildönümü əlamətdar hadisə oldu ki, bu da Azərbaycanın Ermənistan üzərində hərbi qələbəyə nail olduğunu açıq şəkildə göstərdi, siyasi qələbəyə deyil. Azərbaycan cəmiyyətində son qələbədən gələn eyforiya dalğası artıq kuliminasiya nöqtəsini keçərək, azalmağa başlayıb, erməni cəmiyyəti də hərbi məğlubiyyətin psixoloji sarsıntısından çıxmağa başlayıb, cəmiyyətin təfəkkürü dünyagörüşünün rasional müstəvisinə keçir və indi bütün məsələlərə birdəfəlik nöqtə qoymağın vaxtıdır.

Qumbara atan ilə bağlı insident və onun sülhməramlılar tərəfindən Ermənistan hakimiyyətinə verilməsi rəsmi Bakını həm xarici çağırışlar, həm də öz cəmiyyəti qarşısında bu vəziyyətə cavab vermək zərurəti qarşısında qoydu. Və bir sıra çox çətin suallara əməli hərəkətlərlə cavab verməli olacaqsınız. Azərbaycan bu halda Rusiya əleyhinə təbliğat ritorikasında nə qədər irəli gedəcək? Rəsmi Bakı Rusiya sülhməramlıları ilə hərbi münaqişəyə, Laçın dəhlizinin öz idarəsinə və hələ də Ermənistanın nəzarətində olan anklavların, eləcə də Dağlıq Qarabağın qalan hissəsinin öz yurisdiksiyasına qaytarılması üçün əməli addımlara hazırdırmı? Azərbaycan Kremllə şəxsi münaqişə naminə Zəngəzur dəhlizi ideyasını qurban verəcəkmi? Ankara, Kremllə açıq qarşıdurmaya getsə və ya Akkuyu AES-in tikintisi kimi strateji layihələrdə Rusiya ilə marko-iqtisadi əməkdaşlığı qorumaq naminə kənara çəkilməyə üstünlük verərsə, Bakının hərəkətlərini dəstəkləyəcəkmi? Və nəhayət, son vaxtlar haqqında ağızdolusu danışılan türk həmrəyliyi həqiqətən ekstremal vəziyyətdə nə dərəcədə güclüdür? Bütün dünya siyasətçiləri indi bütün bu suallara cavab almağa can atırlar və onlara bir neçə gün ərzində son dərəcə tez cavab verilməli olacaq.

- Qarabağda vəziyyətin gərginləşəcəyini gözləyirsiniz? Ermənilər indiki vəziyyətlə barışa bilmirlər...

- Ermənistan azsaylı qüvvə və vasitələri ilə Qarabağda vəziyyətin yeni gərginlik mərhələsinə gətirilməsi üçün artıq hər şeyi edib və buna tam nail olub. Rusiya sülhməramlıları ona bu məsələdə rəvac vermədilər, lakin ona qarşı da olmadılar. İndi Qarabağda vəziyyətin sabah və o biri gün daha da pisləşəcəyi, yoxsa rəsmi Bakının buna reaksiya verməyəcəyi, bununla da ötən ilin payızındakı hərbi qələbədən sonra ilk mənəvi məğlubiyyəti alacağı yalnız Azərbaycan hakimiyyətindən asılıdır.

Müəllif: Nicat Hacıyev