Azərbaycanlılar “suriyalı muzdlularla” necə danışır – <font color=red> Düşmənin yaydığı səs yazısına diqqət</font>

Aktual

04.10.2020 - 15:41

Döyüşlər müasir hərbi texnologiyalar əsasında aparılırsa, Azərbaycanın bir ovuc muzdluya nə ehtiyac var?!

 

Azərbaycan Ordusunun Dağlıq Qarabağda irəliləməsini dayandırması üçün dünya liderlərinə yalvaran Ermənistan rəhbərliyi, Suriyadan olan muzdluların, guya Azərbaycan tərəfində döyüşdüyünü beynəlxalq ictimaiyyətə sübut etmək üçün dəridən-qabıqdan çıxır. Bu ittihamlar çox gülüncdür. Azərbaycan qoşunların komplektləşdirilməsində heç bir problem yaşamır, ölkə ümumi səfərbərlik belə, elan etməyib.

 

Bundan əlavə, Azərbaycan Ordusu müasir texnologiyalardan istifadə edərək hərbi əməliyyatlar aparır. Suriyalı muzdluların bu cür döyüş bacarıqlarına sahib olduğunu təsəvvür etmək çox çətindir. Eyni zamanda, bir çox beynəlxalq nəşrlər ermənilərin ötürməsi ilə, guya Azərbaycanda suriyalı muzdluların olması barədə saxta məlumatlar yaysa da, bunu sübut edəcək heç bir inandırıcı faktlar təqdim etmir.

 

Bu səbəbdən “sübutedici dəllillər” tapmaq missiyasının Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) həvalə olunduğunu anlamaq çətin deyil. Beləliklə, bu xidmət onlara verilən tapşırığın öhdəsindən gəldiyini sübut etmək üçün Azərbaycan hərbçilərinin radio danışıqlarını yayımladı.

 

Sputnik Ermənistan-ın xəbərinə görə, “epizodlardan birində həmsöhbət uçuş şərtləri, koordinatlar (xüsusən Yevlax şəhəri göstərilir – red.) barədə fikir mübadiləsi aparır. Daha sonra türkcə danışan pilotlar Gəncədəki bazaya qayıtmaq üçün icazə tələb edirlər”. Amma, təqdim edilən materiala diqqətlə baxsaq, məsələnin mahiyyəti üzə çıxır.

 

Hər şeydən əvvəl, bu radio danışıqlarda hərbi əməliyyatların aparılmasından bir dəfə də bəhs edilmədiyinə diqqət edin. Bu danışıqların Türkiyə ilə Azərbaycanın ölkəmizdə müştərək keçirdiyi "TurAz Qartalı-2020" hərbi təlimləri zamanı yazıldığını düşünmək daha məntiqli olar.

 

Türkiyə hərbi aviasiyasının iştirakı ilə təlimlər 29 iyul - 10 avqust tarixlərində Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçirilib. Bu siyahıda sonuncu Azərbaycan şəhərinin radio danışıqlarında qeyd edilməsi, pilotların danışıqlarının hərbi aviasiya təlimlərinin başlandığı anda qeyd edildiyini sübut edir.

 

Bundan əlavə, radio danışıqlarda “türkmənlər”dən də bəhs olunur. Güman etmək olar ki, Azərbaycan əsgərləri xüsusi bir hərbi hissəyə ad vermək üçün bu şifrə sözündən istifadə edirlər. Amma Ermənistan Milli Təhlükəsizlik Xidmətinin anlayışında bunlar “Suriya türkmənləridir”.

 

Onlar və bu feyk maetriala inananlar bir şeyi nəzərə almayıblar ki, Suriyada yaşayan türkmənlər Azərbaycan dilinin ləhcələrindən birində danışırlar. Başqa sözlə, onlarla Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında dil maneəsi olmamalıdır. Və bu “ifşa edilmiş” radio danışıqlarda “Suriya türkmənlərinin komandiri” öz döyüşçüləri ilə ərəbcə danışır.

 

Qəribə vəziyyət alınır. Belə çıxır ki, “türkmənlərdən ibarət olan suriyalı muzdlular”ın başında bir ərəb dayanır və radio dinləməsinə görə, azərbaycanlı hərbçi onunla ərəbcə ünsiyyət qurmalıdır, baxmayaraq ki, aralarında dil maneəsi olmaması lazım idi.

 

İndi isə gəlirik Ermənistan MTX tərəfindən təqdim olunan radiodinləmənin ən maraqlı hissəsinə. Əgər Azərbaycan hərbçiləri aralarındakı söhbətlərdə hərbi ratsiya ilə aparılan danışıqlar zamanı spesifik səs-küy, xırıltılar vardısa, “ərəb muzdluları”nın etdiyi söhbətlərdə onlar yoxdur. Efirdə heç bir əlavə poxuntu olmadan, sakitcə bir köşədə yazılmış ərəb dilində danışıqlar gedir. Heç mobil telefonla danışanda insanların səsləri elə təmiz gəlmir.

 

Adama elə gəlir ki, bu söhbət professional studiyada lentə alınıb və orada bir neçə dəfə “Azərbaycan” sözü qəsdən vurğulanır. Və “bura gəlməyin, bizi aldadıblar, burda kütləvi qırğın gedir” ifadəsi üç dəfə təkrarlanır.

 

Ümumiyyətlə, “küləyin haradan əsdiyi” və bu saxta məqsədin nədən ibarət olduğu aydındır. Suriyada müxtəlif qoşunlara, o cümlədən kürdlərə qarşı qəddarlığı ilə seçilən İŞİD və PPK yaraqlılarına qarşı vuruşan, ermənilər və ermənipərəstlərin dedikləri kimi, peşəkar muzdlular niyə zəif erməni işğalçı ordusu ilə ilk döyüşdəcə qorxdular? Ermənilər İŞİD-dən daha qorxunc və sərtdirlər? Yoxsa bəlkə, düşmənin tərkibində eyni PKK-dan və ümumiyyətlə Yaxın Şərqdən daha təcrübəli döyüşçülər var? Beləliklə, necə bir uyğunsuzluq ortaya çıxdı, cənab feykatanlar?!

 

Bir daha qeyd edək ki, Azərbaycan Ordusu kadr hazırlığında heç bir problem yaşamır. Buna görə də Azərbaycanın, guya bir neçə min muzdlunu hərbi əməliyyatlara cəlb etdiyi barədə məlumatlar tamamilə məntiqdən kənardır. Əgər döyüşlər müasir hərbi texnologiyalar əsasında aparılırsa, Azərbaycanın bir ovuc muzdluya nə ehtiyac var?!

Müəllif: Asif Aydınlı