Keçmiş döyüşçü: “Əməliyyatlar hərb tariximizə “Məngənə” adıyla düşəcək”

Aktual

02.10.2020 - 12:44

Elxan Şükürlü: “Görünən odur ki, əməliyyat planı, rusların və ermənilərin iddia etdikləri kimi qurulmayıb”

 

“Azərbaycan Ordusunun 27 sentyabrdan başladığı əks-hücum və cəzalandırma əməliyyatı planının olduqca ustalıqla hazırlandığı, bütün risk və təhdidlərin, təhlükələrin öncədən hesablandığı getdikcə daha aydın görünür və yəqin ki, hərb tariximizə də "Məngənə" adıyla düşəcək”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri keçmiş döyüşçü, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib. Ordumuzun əməliyyat planından danışan Şükürlü bildirib ki, planını qısaca belə xarakterizə etmək olar: - Şimal və Cənub cinahından düşmənin strateji yüksəkliklərini, əsas əlaqə yollarını nəzarətə götürməklə, bütün Dağlıq Qarabağı mühasirəyə salmaq, dinc əhaliyə ziyan vurmamaq şərtiylə onların Ermənistana köçünə nail olmaq və sonda da Dağlıq Qarabağdakı Ermənistanın hərbi qüvvələrini təslim olmağa sövq etmək!

Elxan Şükürlü yazır: “Son çarə – müharibə!” | Xural qəzeti

“Görünən odur ki, əməliyyat planı, rusların və ermənilərin iddia etdikləri və gözlədikləri kimi, heç də "ən qısa müddətə maksimum ərazi tutmaq" taktikası üzrə deyil, düşməni uzunmüddətli savaşa çəkib resurslarını tükətmək, xüsusən Qərb sərhədlərimiz istiqamətində qoşun yerdəyişmələri aparmağa sövq etmək və canlı-texniki itkilərini maksimum çoxaltmaqla birdəfəlik sarsıtmaqdır. Sonda isə kapitulyasiyaya məcbur etmək strategiyası üzərində qurulub!”, - deyə keçmiş döyüşçü vurğulayıb.

 

E.Şükürlünün qənaətincə, buna əsl məngənə deyilir: “Nəzərə alsaq ki, bütün dünya üçün fövqəladə əhəmiyyətli hadisə sayılan ABŞ-dakı seçkilərə düz bir ay vaxt var, deməli, Azərbaycan tərəfi atəşi saxlamaq haqda bütün çağırış və bəyanatları da çox rahatlıqla rədd edə biləcək. Azərbaycan əsgəri qanıyla, canıyla millətimizin şərəf və qürur tarixinin qızıl səhifələrini, qurulacaq yeni dünya düzənində ölkəmizin gələcək taleyini yazır. Allah onu bütün savaşlardan qalib çıxarsın!”.

Müəllif: Ayna.az