Hadisə yerindən birbaşa

Maraqlı

07.03.2021 - 10:16

Nurlan Ağa: “Jurnalist bilməlidir ki, reportaj zamanı bir qəzaya qurban gedə bilər, lakin reportajın xüsusiyyəti budur: nə olursa olsun, jurnalist hadisə yerində olmalıdır”

 

Amerikalı yazıçı, jurnalist Mark Tvenə görə, “Qəzet xəbəri sadəcə olduğu kimi verən bir şey deyil. Onun  məqsədi insanları düşünməyə, qəzəbləndirməyə vadar edərək bu mövzuda bir şey etməyə təşviq etmək olmalıdır”.

 

Xəbəri də auditoriyaya çatdıran jurnalistdir. O, oxucusu, izləyicisi və ya dinləyicisi ilə xəbər arasında əlaqə yaradan şəxs olduğundan, təqdimatı zamanı emosional vəziyyəti belə, auditoriyasından yan keçmir. Jurnalistin nəyi necə təqdim etməsi hər zaman önəmlidir. Bundan ötrü o, “xəbərə toxunmalı”, yəni olay yerində olmalı, vəziyyəti özü birbaşa müşahidə etməlidir. Bu zaman jurnalist reportaj janrına müraciət edə bilər.

 

Bəs, yaxşı reportaj necə hazırlanır?, Reportaj hazırlayarkən nələrə diqqət etmək lazımdır? AYNA, bu suallardan yola çıxaraq Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağa (Salamov) ilə həmsöhbət olub.

 

- Bəzi hallarda hansısa 3-5 dəqiqəlik süjet də reportaj adlandırılır. Əslində, reportaj nədir, hansı xüsusiyyətləri var?

 

- Reportaj birbaşa hadisə yerindən hazırlanan, genişləndirilmiş xəbərdir. Yəni jurnalistin olay yerindən hazırladığı materialdır. Gerçək, maraqlı reportaj olayın içindən hazırlanandır. Bunun üçün jurnalist hökmən hadisə yerində olmalı, oradakı vəziyyəti hiss etməli, yaşamalı və auditoriyasına ötürməlidir. Məsələn, bir ərazidə yanğın baş veribsə, jurnalist hadisə yerinə zamanında çatmalı və o anda oradakı təlaşı, həyəcanı özü hiss etməlidir ki, auditoriyasına da bunu ötürə bilsin. Daha bir misal üzərindən izah edək. Məsələn, yanvar ayının 7-də ABŞ konqresinə hücum edildi. Ola bilsin ki, orada jurnalistə bir zərbə dəysin, xəsarət alsın, lakin jurnalistika da elə budur. Dünyanın ən təhlükəli peşələrindən biri jurnalistikadır, bu sahə heç də rahat bir yer deyil. Dünyada ən çox öldürülən peşə sahibləri içərisində jurnalistlər çoxluq təşkil edirlər. Jurnalist bilməlidir ki, reportaj zamanı bir qəzaya qurban gedə bilər, lakin reportajın xüsusiyyəti budur: nə olursa olsun, jurnalist hadisə yerində olmalıdır.

No description available.

Onu qeyd edim ki, reportaj yalnız yanğın yerindən, iğtişaşdan, etiraz mitinqlərindən və s. hazırlanmır. Eyni zamanda, auditoriyanın marağını çəkəcək digər mövzulardan da reportaj hazırlamaq olar. Məsələn, siz Novruz bayramı haqqında reportaj hazırlaya bilərsiniz. Bu zaman təbii ki, Novruz bayramı qeyd edilən bir yerə gedirsiniz, adət-ənənələri, oradakı əhval-ruhiyyəni auditoriyaya çatdırırsınız. Burada belə bir sual ortaya çıxır: Auditoriyanızın özü Novruz bayramını qeyd edənlərdirsə, onlara sizin hazırladığınız reportaj maraqlı olacaqmı? Niyə sizin süjetdən izləsin və ya oxusunlar? Bu, artıq auditoriyanın maraq dairəsini müəyyənləşdirməyə bağlıdır. Deyək ki, siz bu süjeti Albaniya və yaxud da Şimali Makedoniyadan hazırlamısınız. Bu zaman auditoriyanız üçün daha maraqlı olacaq. Ona görə ki, yerli auditoriya Novruz bayramını onsuz da özü qeyd edir, o ab-havanı yaşayır, olayların içindədir, lakin fərqli mədəniyyətin Novruz bayramına baxışı, münasibəti ona daha maraqlıdır. Buna görə Novruz bayramının ölkə səviyyəsində qeyd edilmədiyi Şimali Makedoniyadan hazırlanan reportaj auditoriya üçün daha maraqlıdır. Bu, iğtişaşsız, hansısa çaxnaşmanın, qarşıdurmanın olmadığı bir reportaj olsa da, maraqlı olacaq, çünki fərqli bir baxışın olması onu maraqlı edir.

 

- Jurnalist hansı hallarda reportaj janrına müraciət edir və ya etməlidir?

 

- Reportaj isti xəbərin ardınca verilir. Məsələn, “Tovuzda döyüşlər başlayıb”, “Gəncəyə raket atıldı” və s. Birinci, isti xəbər verilir və bunun ardınca mütləq hadisə yerindən  reportaj hazırlanmalıdır, çünki dedik axı, reportaj genişləndirilmiş xəbərdir. Genişləndirilmiş xəbərdə korrespondensiyanın da adını çəkə bilərik, amma əvvəldə də vurğuladığımız kimi reportaj janrında jurnalist olay yerində olmalıdır. Kənardan yazmaq mümkün deyilmi? Mümkündür, amma bu, peşəkar yanaşma olmaz.

 

- Televiziya, radio, qəzet üçün hazırlanan reportajları bir-birindən fərqləndirən hansı xüsusiyyətlər var?

 

- Mediadakı janrlar öz aralarında yaxın olmalarına baxmayaraq, ənənəvi və rəqəmsal jurnalistikada (onlayn jurnalistika) da janrların özünəməxsus keyfiyyətləri, xarakteristik özəllikləri meydana çıxmağa başlayır. Əlbəttə ki, qəzet reportajı ilə televiziya, radio reportajının fərqləri çoxdur. Əvvəla, yazılı reportajdan danışaq. Çap mətbuatı üçün hazırlanan reportajı bu janrın ən çətin növü adlandıra bilərik, çünki radioda siz hiss-həyəcanınızı səslə, televiziyada birbaşa görüntü ilə çatdıra bilmə üstünlüyünə sahibsiniz, lakin çapda bu imkan yoxdur. Qəzetdə yazı dilidir və bu dil çox quru, hissiyatsız dildir. Antik Yunanıstanda yazı danışmağın, nitqin əlavə bir feili olaraq görülürdü. Diqqət etsək, görərik ki, ümumiyyətlə, antik yunan fəlsəfəsində Platona qədər heç kəsin yazısı və ya kitabı olmayıb. Məsələn, Sokratın bir dənə belə, yazısı yoxdur. Həmçinin Sokrata qədərki fəlsəfə nümyəndələrinin də mətnləri yoxdur. Yazmağa Platon başlayıb. Yazı dilinə keçməklə hiss-həyəcan itib. Fikir versəniz, özünüz də buna şahid ola bilərsiniz. Adicə mesajlaşmada belə, bəzən mövzu fərqli bir yöndə ikən, başqa bir yönə doğru yol alır. Məsələn, yazılı şəkildə mesajlaşarkən bir də görürsünüz ki, qarşı tərəflə sözünüz çəpləşir. Halbuki görüntülü və ya səsli zənglə danışdıqda emosiyalarınızı qarşı tərəfə rahatlıqla ötürə bildiyinizə görə, bu cür hala daha az rast gəlinir. İndi belədir, mesajlaşarkən “emoji”dən istifadə etmədən kiməsə “Salam, necəsən?” yazdığımızda soruşacaq ki, “Niyə əsəbisən?” və ya “Niyə bikefsən?”. Yəni bizim ruh halımızı müəyyən edən “emoji”dirmi? Deyəsən, bəli. Sadəcə mesaj – yazı dili ilə danışdığımızda həmsöhbətimizin emosiyaları barədə suallar qarşısında qala bilirik. Çap mətbuatı üçün yazı da belədir. Qəzet, jurnal üçün yazan jurnalist dilə o qədər önəm verməli, təmiz, səlis, hiss-həyəcanı özündə birləşdirən sözlərdən istifadə etməli, cümlənin axıcılığını, mətnin kompozisiyasını elə qurmalıdır ki, görüntünün və səsin əskikliyini minimuma endirə bilsin.

 

Radio jurnalistikasında səsdən istifadə etdiyimizə görə, görüntü olmadan qarşı tərəfin beynində bir canlandırma edə bilərik. Televiziya reportajında isə həm səs, həm görüntü olduğu üçün tamaşaçımızda empatiya hissini rahatlıqla yarada bilmək imkanımız olur. Bu baxımdan televiziya radio və çap mətbuatını üstələyir. Qaldı ki, onlayn jurnalistikaya, buranın da digərlərindən fərqli xüsusiyyəti konvergensiyadır. Multimedia dediyimiz bu sahədə həm səs, həm görüntü, həm də yazıdan istifadə edə bilmək imkanımız var. Bu zaman hər üçündən də istifadə edə bilərik ki, istəyən oxuya, dinləyə, istəyən də izləyə bilsin. Eyni zamanda materialı hazırlayarkən hər üç ünsürdən faydalanaraq reportajımızı daha canlı hala gətirə bilərik.

Azerforum.com - В Азербайджане начались реформы в сфере медиа

- Jurnalist reportaj üçün hansı hazırlıqları görməlidir?

 

- Birincisi, texniki avadanlıqların olmasıdır. Məsələn, televiziya jurnalistisinizsə, reportaja getdiyinizdə kameranın işlədiyindən, enerjisinin dolu olmasından, mikrofonu götürmüş olduğunuzdan əmin olmalısınız. Radio jurnalisti üçün də yenə mikrofon, diktofon önəmlidir. Qəzet jurnalistisinizsə, diktofonunuz, qeyd dəftəriniz yanınızda olmalıdır. Dəftərinizdə qeydləriniz aydın və səliqəli tərtib edilməlidir. Ümumiyyətlə, bir jurnalist üçün peşəkarlıq və texniki təminat önəmlidir. O, gedəcəyi yerdə qarşılacağı vəziyyətlərə hazırlıqlı olmalıdır. Qarşısına hansı problemlərin çıxacağını təxmin etməli, risk şablonunu hazırlamalıdır. Ehtimalları qeyd edərək həmin anda necə davranacağını əvvəlcədən müəyyənləşdirməlidir. Məsələn, “Milli Məclisdə dava düşsə, mən nə edəcəyəm?” sualını verməli, bununla bağlı beynində ssenarilər qurmalıdır. 

 

- Reportaj janrında hekayə üslubu nə dərəcədə uğurlu alınır?

 

- Təbii ki reportaj janrında hekayələşdirmə dediyimiz zaman bunu bir roman və ya uydurulmuş tərzdə təsəvvür etmirik. Jurnalistikada bədii-publisistik janrlar belə, mütləq şəkildə həqiqətə, fakta arxalanması ilə xarakterizə edilir. Sadəcə, bu janrda faktı hekayələşdirməkdən söhbət gedir. Nizami Gəncəvi demişkən, “Hər köhnə nüsxədən əsas alaraq, onu öz şeirimlə bəzədim ancaq”. Jurnalist də faktları müəyyən bir təhkiyə, hekayə üslubu ilə daha canlı, təbii çatdırmaq imkanı qazanır. Hekayələşdirmə zamanı diqqət etmək lazımdır ki, roman, şeir havasındakı sözlər üstünlük təşkil etməsin, seçdiyimiz ifadələr sadəcə vəziyyəti ifadə etmək üçün kafi olsun.

 

- Reportajda mövcud vəziyyətlə bağlı müxtəlif tərəflərin fikirlərini öyrənməyə ehtiyac varmı?

 

- Əlbəttə ki, var. Tərəfsiz jurnalistika ilə məşğulsunuzsa, obyektiv olmaq istəyirsinizsə, inanılması və inandırılması mümkün olanı deyil, mütləq həqiqəti çatdırmaq istəyirsinizsə, sözsüz ki, hər iki tərəfin fikrini verməlisiniz. Lakin burada da diqqət edilməsi gərəkən məqamlar var. Hər iki tərəfin fikrini vermək lazımdır, amma necə? Məsələn, İkinci Qarabağ müharibəsi dövründə “The France 24 Observers”dən Ərşad Əlicani adlı müxbir Gəncədən, eyni zamanda da Xankəndidən reportaj hazırlamışdı. Başlıq fotosu sintez edilmiş bir foto idi. Sol tərəfdə Şuşadakı Qazançı kilsəsinin, guya Azərbaycan ordusu tərəfindən dağıdılmış halı, sağ tərəfdə isə Gəncəyə raket atılandan sonrakı vəziyyəti özündə əks etdirən görüntü yer almışdı. Materiala ilk baxdığımızda görərik ki, jurnalist hər iki tərəfi də verib, amma elə başlıqda verilmiş görüntünü təhlil etdiyimizdə obyektivliyin qorunması şübhə altına düşür.

No description available.

Fotonu təhlil etsək, deyə bilərik ki, hər zaman sol tərəf daha çox gözə çarpır. Axı biz yazını da soldan sağa oxuyur və yazırıq. Göz birinci sol tərəfi görür, biz bu şəklə baxdığımızda ilk olaraq kilsənin dağılmış halına fokuslanırıq. Daha sonra mətndə tərəflərin fikirləri verilərkən birinci, Anuş adlı erməni qadının, daha sonra 22 yaşlı Əmrah Cəfərovun müsahibəsini görürük. Məlum olur ki, fotodan sonra yazılı mətndə də erməniyə üstünlük verilib. Yəni sıralama da önəmlidir. Axı həqiqət deyilən bir şey var. Lap həmin kilsə Azərbaycan tərəfdən dağıdılmış olsa da, orada ölən olmamışdı. Gəncədə isə ölən və yaralanan insanlar var idi. Kilsə mədəniyyət mirası olaraq dəyərli olsa da, biz düşünməliyik ki, bir daş-divarın yıxılması ilə canlı insana qəsd edilməsi arasında fərq var. Hansı daha qiymətlidir: canlı insan, yoxsa cansız mədəniyyət nümunəsi? Bir sözlə, jurnalist əgər qərəzsiz, obyektiv olmaq istəyirsə, bunun üçün hər incə detala diqqət etməlidir. 

Müəllif: Aləmdə Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə