Ermənistanda son durum: ordu üçün 2 dollar və ya "jengəlov xaç" çıxış yolu deyil

Maraqlı

22.10.2020 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Ruhdan düşən erməni cəmiyyəti bu israrlı müraciətin arxasında nəyin dayandığını yaxşı başa düşürlər

 

Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş əraziləri uğurla azad edərkən, İrəvanın özündə Hərbi Qulluqçuların Həyat və Sağlamlıq Sığortası Fonduna (HQHSSF) ödənişlərdən narahatlıq ifadə edilir. Beləliklə, Ermənistan Dövlət Gəlir Komitəsi (DGK) bir bəyanat yayaraq, vətəndaşları HQHSSF-ə vaxtında ödəmələr etməyə çağırdı.

 

Bu ödəmələrin aylıq məbləği min dramdır (iki dollardan bir az çox) və bu Fonddan döyüş əməliyyatları zamanı zərər çəkmiş əsgərlərin müalicəsi üçün xərclər ödənilir. Ölkədəki hərbi vəziyyəti nəzərə alaraq, DGK borcların bu ödənişlər üçün vaxtında ödənilməsinin vacibliyi barədə vətəndaşlara xəbərdarlıq edib.

 

2016-cı ilin sonunda yaradılan sözügedən Fond dəfələrlə qalmaqallar mövzusuna çevrilib. Dövlət faktiki olaraq, yaralı əsgərlərə və ya ölən hərbi qulluqçuların ailələrinə dəstək vermək imkanı olmadığını etiraf edir və bu funksiyanı adi vətəndaşların çiyinlərinə qoyur. Lakin bu yenilik vəziyyəti yaxşı tərəfə dəyişdirmədi. Hələ bu ilin may ayında deputat Tiqran Urixanyan parlamentdə yaralı hərbçilərə bu Fonddan pul verilməməsi məsələsini qaldırdı. Yoxlama nəticəsində Fonda toplanan pulların müəmmalı şəkildə yoxa çıxdığı bəlli oldu. Bunu həll etmək üçün Urixanyan araşdırma aparmaq üçün bir komissiya yaratmağı da təklif etdi, ancaq hakim “Mənim addımım” blokunun fraksiyası onun təklifini rədd etdi.

 

Bu hal, bütün Ermənistan vətəndaşlarından Fonda toplanan pulların taleyi barədə müəyyən düşüncələrə səbəb olur. Ermənistan hökuməti yalnız yaralı hərbçilərə müntəzəm ödənişlərin təmin edilməsində deyil, həm də Fondun fəaliyyətinin şəffaf olmasını təşkil etməkdə maraqlı deyil. Bu səbəbdən də vətəndaşların Fonda az miqdarda pul ödəməkdən yayınması təəccüblü gəlmit. “Fonddan gələn pul kimlərin ciblərini doldurur” sualının cavabı göz qabağındadır.

 

Ermənistanda COVID-19-un yayılması ilə əlaqədar epidemioloji vəziyyət iqtisadi fəaliyyət üçün əlverişli deyil. Karantinə görə çoxları itkilərlə üzləşir və qarşıda bundan da çətin iqtisadi dövrlərdən narahatdır. Biz hələ Ermənistandakı uzanan iqtisadi böhranın Qarabağdakı hərbi əməliyyatlar tərəfindən də gücləndiyindən danışmırıq.

 

Buna baxmayaraq, DGK hələ də vətəndaşları HQHSSF-ə ödəmələri vaxtında və tam şəkildə həyata keçirməyə çağırır. Vətəndaşları həvəsləndirmək üçün erməni mediası hiyləyə əl ataraq, Qarabağdan İrəvana qaçan Armine Abramyan haqqında bir məqalə yayımladı. “Sputnik Ermənistan”ın dərc etdiyi məqalədə bildirilir ki, Abramyan Abovyan küçəsində “jengəlov xaç” (göy qutabı, kətə) hazırlayır və satır və satışdan əldə etdiyi bütün gəliri Hayastan Ümumerməni Fonduna və Qarabağa yönəldir.

Ancaq arzularla reallıq çox zaman üst-üstə düşmür. Çünki acı təcrübədən ruhdan düşən Ermənistan vətəndaşları Dövlət Gəlir Komitəsinin israrlı müraciətinin arxasında nəyin dayandığını yaxşı başa düşürlər...

Müəllif: Asif Aydınlı