“Biz öz dilimizdə düşünmürük...”

Maraqlı

25.04.2021 - 06:30

Həkimlər Klinikalar SEO Xidməti

Murad Hüseynov: “O dərəcədə təəccüblənmişdim ki, həmin səhvləri gördükdə öz bildiklərimə şübhə etməyə başlamışdım”

 

Əyani görüşlərdə xarici görünüşümüz qarşı tərəfə haqqımızda ilkin informasiya verdiyi kimi, yazılı ünsiyyətdə də dəst-xəttimiz, yazı bacarığımız bu missiyanı öz üzərinə götürmüş hesab olunur. Bu səbəbdən də, gərək ki, qarşı tərəfdə xoş təəssürat yaratmaq istəyən hər kəs yazısının səliqə-sahmanına diqqət göstərsin. Deyə bilərik ki, bu məsələdə şəxsi istəklə yanaşı ictimai nəzarət heç də az rol oynamır.

 

Gündəlik həyatımızın bir parçasına çevrilmiş sosial şəbəkələrdən olan “Facebook”, “Instagram” platformalarında bu nəzarətə laqeyd qalmayan insanların könüllü olaraq toplandığı bir səhifə var. AYNA həmin səhifənin yaradıcısı – “Grammar Azi”nin admini Murad Hüseynovla həmsöhbət olub. Müsahibimiz sözügedən səhifəsində ana dilimizə həssas yanaşan, onun saflığını qorumağa çalışan insanlardan ibarət bir ordu yaratmağa nail olub. Biz də ana dilimizə qarşı münasibətimizə Murad bəyin pəncərəsindən baxmaq üçün onunla həmsöhbət olduq.

 

- Murad bəy, müsahibə üçün razılıq verib zaman ayırdığınız üçün əvvəlcədən təşəkkür edirəm. İlk olaraq mənə maraqlıdır ki, 40 minə yaxın izləyicisi olan “Grammar Azi”nin admini kimi ana dilimizə münasibətimizi necə dəyərləndirirsiniz?

 

- Dəvətə görə mən sizə təşəkkür edirəm! Mənfi dəyərləndirirəm, biz dilimizə laqeyd yanaşırıq.

 

- Laqeyd yanaşdığımızı düşünməyinizə əsas verən səbəblər nələrdir?

 

- Əslində, səhifənin yaranmasından öncə də bu fikirdə idim, amma bu səhifəni yaratdıqdan sonra içində olduğum cəmiyyətin böyük hissəsinin dilə münasibətini daha aydın görməyə başladım. İlk növbədə deyə bilərəm ki, bizdə dilə qarşı adi bir hörmət görünmür. Məsələn, hər bir dildə olduğu kimi, bizim dildə də alınma sözlər var, amma biz buna fərqli yanaşırıq. Yəni Azərbaycan dilinin lüğət tərkibinə daxil olan, məsələn, ərəb mənşəli sözün yazılışına etiraz edərək onun məhz ərəb dilində tələffüz olunduğu kimi yazılmasını tələb edirik. Eyni hal ingilis, rus, fransız və digər dillərdən alınma sözlərə də aiddir. Yəni bizim dillə digər dili vaciblik tərəzisinə qoyarkən halların 80%-də xarici dilə daha böyük önəm veririk.

 

Sizə bir nümunə göstərim: rus dilində olan "кобура", "штаны" sözləri türk dillərindən alınma olsa da, indiyədək hansısa rusun bu sözlərin məhz mənbə dildə olduğu kimi ("qobur", "içdon") yazılmasını tələb etməyini nə görmüşəm, nə də eşitmişəm. Hansısa xarici dili öyrənən kimi onu öz dilimizdən üstün tuturuq. Digər hal ondan ibarətdir ki, öz dilimizdə düşünmürük. Şəxsi müşahidəmdir ki, hansısa şirkətin əməkdaşı bir reklam kampaniyası üçün şüar haqqında düşünərkən ilk növbədə onu türk, rus və ya ingilis dilində qurur, sonra isə Azərbaycan dilinə tərcümə etməyə çalışır. Nəticədə dil baryeri yaranır, yəni həmin şüar Azərbaycan dilində o dildəki qədər axıcı səslənmir, yaxud ümumiyyətlə, çətin tərcümə olunur. Günahkar kimi görürük? Azərbaycan dilini.

 

Dilimizi eşitməyi də sevmirik. Mən bir dəfə səhifədə dublyaj haqqında yazı paylaşmışdım, rəy bölməsində Azərbaycan dilində dublyaj olunmuş türk serialından bir parça yerləşdirmişdilər. Deməli, orada "salak" sözü bizim dilə "gic" olaraq tərcümə edilmişdi və istifadəçilər buna gülürdü. Mən gülüşün səbəbini anlamadım, hətta "salak" sözünün mənasına da baxdım, düşündüm ki, bəlkə, mən bu sözün mənasını səhv bilirəm? Qısası, gülüşün səbəbini hələ də başa düşə bilmirəm. Bəli, bizdə dublyajın vəziyyəti ürəkaçan deyil, amma bu, o demək deyil ki, Azərbaycan dilində dublyaj görən kimi onu məsxərə obyektinə çevirmək lazımdır.

 

- Bəli, təəssüf ki,  hansısa xarici dili öz dilimizdən üstün tutmaq kimi bir kompleksimiz var. Bəs, sizcə, ana dilində düzgün yazmaq, oxumaq əhalinin savadlılıq dərəcəsindən xəbər verirsə, bizdə vəziyyət necədir?

 

- Hər bir şəxs hansısa bir sahə üzrə (riyaziyyat, fizika və s.) savadlı ola bilər. Ona görə də mən Azərbaycan dilinin yazı, tələffüz qaydalarını yaxşı bilməyən şəxsi savadsız adlandırmazdım. Məhz ana dili biliyi üzrə vəziyyətin belə olması ilk növbədə bu dilin cəmiyyətin dəyər verdiyi ünsürlər arasındakı mövqeyindən, sonra isə onun bu cəmiyyətdəki fərdə verə biləcəyi əyani faydadan asılıdır. Əyani fayda dedikdə onu nəzərdə tuturam ki, məncə, yaxşı kabab bişirmə bacarığı mənə iş tapmaqda daha çox kömək olar, nəinki Azərbaycan dilini yaxşı bilməyim.

 

- Bəzən səhvini düzəltdikləriniz bir izləyici kimi məni təəccübləndirirlər. Məsələn, hansısa qurumun şəhərdə yerləşdirdiyi bir tabloda nəyisə səhv yazması və s. Sizi də təəccübləndirməyi bacaranlar olurmu?

 

- Yeri gəlmişkən, reklam tablolarında buraxılan səhvlərə görə cərimə nəzərdə tutulub. Sözügedən qərar İnzibati Xətalar Məcəlləsinin 533-cü maddəsində əks olunub. Şəxsən məni təəccübləndirən səhvlərlə elə Azərbaycan dilinin inkişafını izləyən şəxslərdən birinin yazısında rastlaşmışam. Təsəvvür edin, o dərəcədə təəccüblənmişdim ki, həmin səhvləri gördükdə öz bildiklərimə şübhə etməyə başlamışdım. Buna inanmayaraq, hətta müvafiq suallarla dilçilərə də müraciət etmişdim ki, bəlkə, müəllif düz yazıb, mən nəyisə səhv bilirəm.

 

- Müsahibənizdə demisiniz ki, səhvləri əvvəlcə rəydə bildirirsiniz, düzəltmədiklərində özünüz post açıb paylaşım edirsiniz. İndi də belədir, ya necə?

 

- Bəli, bu üslub həmişə belə qalacaq. Səhifə yaranmazdan əvvəl “Facebook”dakı dostlarımdan birinin statusunda səhv yazılan sözlər haqqında danışırdıq, orada bir nəfər yazmışdı ki, dəfələrlə statusunda səhv buraxmış səhifələrə həmin səhvlər barədə müraciət edib, heç birini düzəltməyiblər. Bu rəy səhifənin iş mexanizminin qurulmasında mənə çox kömək oldu. Səhifə bütün digər səhifələrlə eyni cür rəftar edir.

 

- Necə düşünürsünüz, küçələrdə, efirlərdə gördüyümüz təkrarlanan səhvlərin dil savadlılığına təsiri nə qədərdir, orta məktəbdə öyrəndiklərimizi təkrarlanan yanlışları ilə unutdura bilirlərmi?

 

- Çox böyükdür. Səhifənin də məqsədi həmin səhvləri insanlara göstərməklə düzgün yazılışı xatırlatmaqdır. İş orasındadır ki, Azərbaycan dilinin qaydaları çoxumuza elə ali məktəbə qəbul imtahanlarına qədər lazım olur. Həmin dövrdən sonra buna ehtiyac duymuruq. Uğurlu karyera qurmaq üçün xarici dilləri öyrənirik, xarici dillərdə mahnılara qulaq asır, mütaliə edir, filmlərə baxırıq. Mən özümü də bu cəmiyyətdən ayırmıram. Dilimizin yazı qaydaları haqqında məlumat da zehnimizin dərinliklərində qalır, bəzilərini isə tamamilə unuduruq. Zamanla müxtəlif səhvlər meydana çıxdıqca onlara artıq fikir vermirik, həmin yazılara tələbkar yanaşmırıq. Belə bir mənzərə yaranıb ki, artıq reklam agentliklərindəki, televiziyadakı müəlliflərin də qarşısında yazı qaydalarına qarşı tələbkar olmayan bir kütlə dayanıb. Belə bir şəraitdə, təbii ki, səhvlər də getdikcə artacaq. Mən başa düşürəm, dil ictimai bir hadisədir, cəmiyyətlə, xalqla bağlıdır və bu şəraitdə dəyişir, amma bu dəyişikliyə nəzarət edən də olmalıdır.

 

- Yəqin ki, mütaliə edirsiniz, kitablarımızın vəziyyətini necə dəyərləndirirsiniz?

 

- Doğrusu, daha çox ingilis və rus dillərində bədii ədəbiyyat oxuyuram. Azərbaycan dilində son oxuduğum əsər Xalid Hüseyninin “Min möhtəşəm günəş”inin tərcüməsi olub. Onu deyə bilərəm ki, işini yüksək səviyyədə bacaran və dilimizi gözəl bilən tərcüməçilərimiz var. Buna baxmayaraq, səhifəyə kitab mətnlərində buraxılan kobud səhvləri göndərən istifadəçilərin də sayı az deyil. Məsələn, kitablarda “O, siçovula iki dəfə basdı” (kompüter siçanından söhbət gedir) kimi anlaşılmaz cümlələr olur. Ümumiyyətlə, səhvlərə mümkün qədər anlayışla yanaşmağın tərəfdarıyam, amma şəxsən mənim etiraz etdiyim məqam kitabların cildində xarici müəlliflərin adlarının transliterasiyasız, yəni mənbə dildə yazılmasıdır.

 

- Televiziya kanallarımızın da səvlərini düzəltdiyiniz çox olub. Yəqin xəbər agentlikləri, onlayn qəzet, ciddi saytları oxuyursunuz. Heç onların monitorinqini aparmısınızmı?

 

- Televiziyada buraxılan yazı səhvlərini, əsasən istifadəçilər göndərirlər, özüm isə vaxtaşırı yerli xəbər portallarına baş çəkirəm, yəni həm xəbərləri oxuyuram, həm də mətnləri yoxlayıram.

 

- Vəziyyət necədir? Daha çox nələrdə səhv edirlər?

 

- Orfoqrafik səhvlərlə yanaşı leksik səhvlərə, pleonazm hallarına da (söz artıqlığı) rast gəlmək olur. Bəzi ifadələr türk dilindən götürülür, bunu isə yerli oxucuların çoxu sezmir, çünki həmin kütlə türk dilində də mütaliə edir.

 

- Bunu özlərinə bildirirsinizmi?

 

Bəli, verilmiş səhv səhifədə paylaşılarkən müvafiq portalın “Facebook” səhifəsi də işarə edilir.

 

- Media nümayəndələri arasında belə hesab edənlər var ki, xəbər, analitik, publisist yazılarda akademik məqalə yazırmış kimi nöqtə-vergülə həsas yanaşmaq yazını oxucu üçün ağırlaşdırır. Siz necə düşünürsünüz?

 

- Orta məktəbdə müəllimimiz bizə deməyib ki, verilmiş yazı qaydaları akademik məqalələr üçün nəzərdə tutulub. Bəli, üslubdan asılı olaraq müəllif özünəməxsus yazı yaza bilər. Məsələn, bədii əsərdə müəllif oxucunu hadisələrin ab-havası ilə tanış etmək, ona əsərə dalmağa imkan yaratmaq üçün özünəməxsus şəkildə yaza bilər. Bu isə o demək deyil ki, həmin üslub xəbər mətnlərinə, analitik yazılara tətbiq olunmalıdır.

 

- Səhifəniz kifayət qədər populyardır. Səhvlərini düzəltdiyiniz tanınmışlardan, qurumlardan ərköyünlük edib inciyənlər olurmu?

 

- Məşhur şəxslərdən inciyən olmayıb. Əksinə, alicənabcasına təşəkkür edərək səhvi düzəldiblər. Burada heç bir qəbahət yoxdur, səhv etmək insana xasdır. İnciyən şəxslər də olub, amma onlar məşhur deyil. Buna baxmayaraq, səhvi göstərilmiş heç bir şəxsə, quruma, səhifəyə qarşı heç vaxt mənfi münasibət bildirilmir.

 

- Murad bəy, səhifə ilə bağlı planlarınız nələrdir?

 

- Sosial şəbəkə çərçivəsindən çıxmaqdır. Mən istəmirəm ki, "Grammar Azi" sadəcə “Facebook”da və “Instagram”da fəaliyyət göstərən bir səhifə olsun. İnsanların yararlana biləcəyi sayt və mobil tətbiq yaratmağı planlaşdırıram. İstəyirəm ki, bütün bu proseslərlə paralel bu səhifə bir hərəkata çevrilsin və çevrilməkdədir. Təsəvvür edin, hansısa məşhur reklam mətnində, verilişdə, saytda bir səhv aşkar edildikdə səhifəyə bu barədə təqribən 20 nəfərədək istifadəçi yazır. Bu, birlikdir. Birliyimiz də böyüyür. Mən sizə planların yarısı haqda məlumat verdim, qalanını da sürpriz kimi saxlamaq istəyirəm.

 

- Bu işdə sizə uğur diləyirəm! Sözlərin düzgün yazılışına baxdığımız məlum sayt və tətbiqlərdən fərqi nələr olacaq?

 

- Təşəkkür edirəm! Tez-tez bir sözün müxtəlif elektron lüğətlərdə müxtəlif cür yazılışına rast gəlirik, bu tətbiqdə isə sözlərin yazılış qaydası rəsmi lüğətə uyğun olacaq. Digər tərəfdən, bu mənbədə təkcə lüğət deyil, yazı qaydaları da öz əksini tapacaq. Çalışacağam ki, bir istifadəçinin dil üzrə ehtiyacı olduğu hər şey saytda və tətbiqdə olsun.

 

- Gözləyirik, uğur olsun!

 

- Çox sağ olun!

 

Aləmdə Nəsib

Müəllif: Aləmdə Nəsib

Simurq

Dünən, 16:45 Mədəniyyət