Gözü çıxan qardaşından dərs: Arkadağ Elbasının düşdüyü tələyə düşmək istəmir

Dünya

16.02.2022 - 19:19

Anar Həsənov: “Nazarbayev kimi avtokrat bir şəxs rəzil şəkildə hakimiyyətdən getdisə, bu, Berdiməhəmmədovu narahat etməyə bilməzdi”

Türkmənistanda maraqlı siyasi proses başlayıb. Belə ki, 10 gün əvvəl ölkə Prezidenti, Türkmənistan Parlamentinin yuxarı palatasının sədri, Arkadağ Qurbanqulu Berdiməhəmmədov vəzifəsindən getmək qərarı verdiyini açıqladı (“Arkadağ” onun özünəməxsus tituludur). Berdiməhəmmədov gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəklədiyini söylədi. Bundan sonra parlamentin aşağı palatası Türkmənistanda Prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul etdi. 

Artıq Türkmənistanda Prezident seçkiləri ilə bağlı kampaniya gedir. Ölkənin Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara və vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidir.

Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var: hakim Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası. Türkmənistan Prezidenti postuna namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir.

Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın Prezidenti seçilə bilər. Türkmənistan Prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Bu ölkədə sonuncu dəfə Prezident seçkiləri 2017-ci ildə keçirilib və Berdiməhəmmədov yüksək faiz səslə yenidən ölkə başçısı olub.

Bir çoxları Arkadağın anidən belə qərar verməsini təəccüblə qarşıladılar. Çünki Orta Asiyanın ən sərt diktatorlarından sayılan Berdiməhəmmədovun postundan belə tez və sakit şəkildə gedəcəyi inandırıcı görünmürdü. Amma beynəlxalq ekspertlər hesab edirlər ki, burada gözlənilməzlik yoxdur. Arkadağın bu açıqlamasından sonra parlamentin seçki gününü təyin etməsi, atılan addımlar göstərdi ki, əslində Berdiməhəmmədov hakimiyyətdən getmir, sadəcə postunu ailəsinin başqa bir üzvünə ötürür. Yəni gözlənilir ki, Berdiməhəmmədovun yaşı 40-ı keçmiş, Baş nazirin müavini olan oğlu Sərdar Berdiməhəmmədov "taxta çıxacaq".

S.Berdiməhəmmədovun atasının varisi olmağa hazırlaşması uzun müddət idi ki, ekspertlər tərəfindən müzakirə olunurdu. 2020-ci ildə parlament islahatı aparıldı, bu müddət ərzində Xalq Maslaxatı parlamentin yuxarı palatası, Məclis isə aşağı palatası oldu. Konstitusiya Türkmənistan Prezidentinin parlamentə seçilməsini qadağan etsə də, Xalq Maslaxatına şəxsən Arkadağın özü rəhbərlik edir.

2021-ci ilin əvvəlində S.Berdiməhəmmədov Baş nazirin müavini vəzifəsini tutdu (Türkmənistanda Prezidentin özü həm də Baş nazirdir). Nəhayət, Xalq Maslaxatının növbədənkənar iclası 2022-ci il fevralın 11-nə təyin edildi. Həmin gün Qurbanqulu Berdiməhəmmədov növbəti seçkilərdə yerini gənclərə vermək istədiyini bəyan etdi. Prezident çoxdan Peyğəmbər yaşına qədəm qoyduğunu (63 yaş) və “gənclərə yol vermək” istədiyini bildirdi. Arkadağın sözlərinə görə, o, gələcəkdə Xalq Maslaxatının rəhbəri kimi fəaliyyətini davam etdirmək niyyətindədir. 

Proqnozlar isə özünü doğrultmaqdadır. Belə ki, Türkmənistanın hakim Demokratik Partiyasının növbədənkənar qurultayında ölkə Prezidentinin oğlu, Baş nazirin müavini S.Berdiməhəmmədovun növbədənkənar Prezident seçkilərində namizədliyi irəli sürülüb. Türkmənistanın dövlət xəbər agentliyinin yaydığı məlumatda qeyd edilib ki, namizədliyin irəli sürülməsinə səbəb “onun xidmətləri, rəhbər vəzifədə təcrübəsi, yüksək işgüzar və mənəvi keyfiyyətləri” olub.

Məlumatda belə deyilir: “Natiqlər Türkmənistan Prezidenti vəzifəsinə namizəd S.Berdiməhəmmədovun mükəmməl liderlik və təşkilatçılıq keyfiyyətlərini qeyd ediblər. O, təvazökar və rəğbətli insan, yaxşı ailə başçısı və sağlam həyat tərzinin tərəfdarı kimi həmkarlarının hörmətini qazanıb”.

Partiyanın növbədənkənar qurultayında oğul Berdiməhəmmədovun özü isə belə açıqlama verib: “Mən xalqımıza, onun yüksək və sarsılmaz ruhuna inanıram ki, güclərimizi birləşdirərək, Vətənimizi daha da dəyişmək, Prezident Arkadağın parlaq və xoşbəxt gələcəyə inamını gücləndirmək üçün çalışacağıq”.

Prezident postuna daha bir namizəd isə Aqrar Partiyası tərəfindən irəli sürülüb. Bu barədə qərar partiyanın növbədənkənar qurultayında qərar qəbul edilib. Qərara əsasən, Aqrar Partiyası tərəfindən Marı vilayəti rəhbərinin müavini Ağacan Bəymıradovun prezidentliyə namizədliyi irəli sürülüb. Güman ki, Sənayeçilər və Sahibkarlar Partiyası da formal olaraq namizəd irəli sürəcək. Formal ona görə deyilir ki, bu partiyalar Arkadağ Berdiməhəmmədova hər zaman sədaqətli olduqlarını dəfələrlə bəyan ediblər. 

Bəzi ekspertlər isə Türkmənistan liderinin bu siyasi gedişini 2022-ci ilin ilk günündə Qazaxıstanda yaşananlarla əlaqələndirirlər. Necə deyərlər, Berdiməhəmmədovun "gözü çıxan qardaşından" dərs aldığını, hakimiyyətin ailədən olmayan birinə ötürülməsinin hansı ağır nəticələr doğurduğunu anladığı söylənilir. Bir zamanlar Qazaxıstanın şəksiz lideri olmuş Elbası Nursultan Nazarbayevin siyasi taleyi göz qabağındadır.

Türkmənistanda baş verənləri, Arkadağın siyasi gedişlərini AYNA-ya şərh edən Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq  Anar Həsənovun sözlərinə görə, Türkmənistanda hakimiyyətin tranzitinə hələ 2016-cı ildən, Sərdarın ölkəsini bir sıra vəzifələrdə təmsil etməsi ilə start verilib: "Yəni ki, hakimiyyətin atadan oğula ötürüləcəyi əvvəlcədən məlum idi. Ancaq prosesin indi baş verəməsi birbaşa məlum Qazaxıstan hadisələrindən qaynaqlanır. Əgər Nazarbayev kimi avtokrat rəzalətlə hakimiyyətdən getdisə, bu, Berdiməhəmmədovu narahat etməyə bilməzdi”.

“Feodal bəy və xan düşüncəli Türkmənistan rəhbərinə qonşuluqdakı hadisələr hakimiyyətin ancaq ailədə qalma dərsini verdi. Həm də bu proses Arkadağın sağlığında baş verməlidir. Deməliyəm ki, bu, faciədir. Həm də, bir neçə nəfərin etik müflisliyi nəticəsində uzun illər davam edən ümumxalq faciəsi”, - deyə həmsöhbətimiz bildirib.

“Sözügedən dəyişiklik - əgər buna dəyişiklik demək olarsa - Türkmənistana nəsə yenilik gətirməyəcək. Sərdarın Avropada təhsil alması, yaxud ingiliscə danışması heç kəsi çaşdırmasın. Düşünmürəm ki, oğul atasından fərqli dəyərlərin daşıyıcısıdır. Bu dəyişkilyi iki kəlmə ilə xarakterizə etmək olar "Король умер, да здравствует король!”, - deyə Həsənov vurğulayıb.

Analitik hesab edir ki, Türkmənistanın dəyişməsi üçün xarici təsir, siyasi elita içərisində islahatçı qanadın formalaşması və daxildə fəal müxalifətin olması əsas şərtdir: “Bu şərtlərin heç birini Türkmənistana münasibətdə müşahidə etmirəm. Ona görə də heç bir dəyişiklik gözlənilmir”.

Müəllif: Anar Bayramoğlu