Gənclərin kumirləri niyə zərərli çağırışlar edirlər – <font color=red> PARADOKS</font>

Cəmiyyət

19.06.2020 - 19:18

Orqanizm üçün zərərli məhsulların təbliği nə dərəcədə düzgündür?

 

Keçən il enerji içkilərinin zərərlərinin klinik araşdırmalarının nəticələri açıqlandı. ABŞ-ın Pasifik Universitetində (Sakit Okean) aparılan bir araşdırma göstərdi ki, enerji içkiləri aritmiya yaradır və qan təzyiqini pozur.

 

Kanadalı bioloqlar isə enerji içkilərini fəal şəkildə istifadə edən yeniyetmələr və gənclərin taxikardiya, ürək bulanması və özündəngetmə xəstəliyindən digər uşaqlara nisbətən daha çox əziyyət çəkdiklərini müəyyən ediblər.

 

Amerika Pediatriya Akademiyasının 2011-ci ildə yaydığı bir tövsiyəyə əsasən, uşaqlar və yeniyetmələr enerji işkiləri içməməlidirlər. Belə içkilərdən mütəmadi istifadə kofein asılılığı yaradır, habelə inkişaf edən ürək və beyinə zərər verir.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmaya görə isə, enerji içkiləri içərisində yüksək dozada mövcud olan kofein insan sağlamlığı üçün bir çox problemlər yaradır. Bədəndə kofeinin həddindən artıq yüksək dozası ürəkbulanma və qusma, yüksək təzyiq və bəzi hallarda, hətta ölümlə nəticələnir.

 

Onlardan tez-tez istifadə insanlarda 2-ci tip diabetə səbəb olur, dişləri çürüdür, piylənmə, nevroloji və ürək-damar xəstəliklərinə səbəb ola bilir. Enerji içkiləri xüsusilə hamilə qadınlarda bir sıra ciddi problemlər meydana çıxara bilər.

 

2015-ci ildə “Interantional Journal of Health Sciences” nəşrində dərc olunan bir araşdırmanın nəticəsinə görə, enerji içkilərinin həddindən artıq istehlak edilməsi sinir qıcıqlanmasına, yuxusuzluğa, mədə narahatlığına, baş ağrısına və sidik ifrazının da artmasına səbəb olur.

 

Yuxarıdakı faktlar enerji içkilərinin zərərləri sübut edilmiş bir məhsul olduğunu demək üçün bəs edir. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da enerji içkilərinin yetkinlik yaşına çatmayanlara satılması qadağandır. Ancaq bu məhdudiyyətlərə baxmayaraq, gənclər arasında enerji içkiləri çox populyardır. Son illərdə Azərbaycanda müşahidə olunan enerji içkiləri istehlakının artmasının səbəbi bu məhsulların aktiv şəkildə reklam edilməsidir.

 

Azərbaycanda tanınmış idmançılar belə, enerji içkilərinin reklamı ilə məşğul olurlar. Məsələn, 8 Mart 2019-cu ildə imzalanan müqaviləyə əsasən, məşhur karateçi Rafael Ağayev “Bizon” markasının Azərbaycandakı siması oldu. “Bizon” enerji içkisini təbliğ edən beş dəfə dünya, on bir dəfə Avropa çempionu olan Rafael Ağayevin şəkli olan reklam lövhələrini Bakının bir çox yerində görmək mümkündür.

 

Tanınmış simaların enerji içkilərini reklam etməsi ilə bağlı başqa nümunələr də gətirmək olar. Bütün bu mənzərənin fonunda isə bəzi suallar yaranır. Məsələn, ölkədə məşhur idmançıların enerji içkilərini reklam etməsi nə dərəcədə məntiqlidir? Nəzəri olaraq, idmançılar sağlam həyat tərzi və düzgün qidalanmanı təbliğ etməli, millətin sağlamlığına necə qayğı göstərməli olduqlarını nümayiş etdirməlidirlər. Onlar enerji içkiləri ilə yanaşı, tütün, narkotik və alkoqolun gənclərin orqanizmində hansı fəsadlar yaratmasından danışmalıdırlar.

 

Amma reallıqda məşhur idmançıların enerji içkilərini fəal şəkildə reklam etdiklərinin, sağlam həyat tərzini bilərəkdən bu məhsullara caladıqlarının şahidi oluruq. Azərbaycanlı gənclərin idman kumirinin öz azarkeşlərini sağlamlıqlarını pozmağa həvəsləndirərək, orqanizm üçün zərərli məhsulları təbliğ etməsi nə dərəcədə düzgündür?

 

İlk olaraq bu sualı, özlərinə zərərli məhsulların reklamlarında iştirak etmək üçün razılıq verən idmançılar verməlidirlər. Sağlamlığının öz əllərində olduğunu başa düşənlər isə bir həqiqəti unutmamalıdırlar - yaxşı məhsulun reklama ehtiyacı olmur.

Müəllif: Asif Aydınlı