Mövlud, yoxsa doğum günü partisi "/>

"Həppi bözdi, Mehdi" - <font color=red> Mövlud, yoxsa doğum günü partisi </font>

Cəmiyyət

20.11.2019 - 10:16

Məclisin ən maraqlı hissəsində otralığa, üzərində müəyyən dini şəkillər əks olunmuş, hətta şamlar, fişənglər düzülmüş böyük ölçüdə tort gətirilir

 

Məhəmməd peyğəmbərin, imamların, ümumiyyətlə əhli-beyt nümayəndələrinin mövlud günlərinin təntənəli şəkildə qeyd olunması ölkənin dindar kəsimi arasında geniş yayılıb. Ancaq həmin mövlud günlərində bizə yad olan, daha doğrusu, indiyədək ancaq şad günlərdə rastlaşdığımız bir adət-ənənəni də tətbiq etməyə başlayıblar. Belə ki, əhli-beyt ümmətinin mövlud günlərində də doğum günü partilərində olduğu kimi, təmtəraqlı şəkildə tortkəsmə mərasimi qeyd olunur.

 

Məclisin ən maraqlı hissəsində ortalığa, üzərində müəyyən dini şəkillər əks olunmuş, hətta şamlar, fişənglər düzülmüş böyük ölçüdə tort gətirilir. İlahi mahnıların müşayiəti ilə həmin tort eyniylə doğum günü partilərində olduğu kimi, kəsilir. İşin ən maraqlı məqamı isə ondan ibarətdir ki, hətta bəzi mərasimlərdə həmin an məşhur “həppi bözdi” (ad günü mübarək) mahnısı belə, oxunur. İş yoldaşımız bu yaxınlarda belə məclislərin birində “həppi bözdi, Mehdi” – deyə oxunmasının şahidi olub. 

Biz indiyədək tortu ancaq şad günlərdə kəsmişik, eyniylə ancaq şad, bayram əhval-ruhiyyəli günlərimizdə tortu şamla, fişənglə bəzəmişik, gələcəklə bağlı arzu tutub, alqış və musiqi sədaları altında şamları söndürmüşük. Yəqin ki, aramızda dünyasını dəyişmiş valideyninin, əzizinin, qohumunun təmtəraqlı şəkildə ad gününü qeyd edən, onun şəninə tort kəsən olmayıb.

 

Belə günlərdə, adətən maddi imkanımız yol verdiyi təqdirdə, həmin şəxsin ruhuna ehsan süfrəsi açmışıq, “Yasin” oxutdurmuşuq. Çünki həmin şəxsin doğum günü olsa belə, həyatda olmadığına görə, daxilimizi bir nisgil bürüyür, kədərlənirik, ağlayırıq. İnanmıram ki, kimsə həmin anda bayram ovqatında ola bilsin.

Mövlud günlərində həyata keçirilən bu tortkəsmə mərasimləri, həmin mərasimdən çəkilmiş videolar, fotolar sosial şəbəkələrdə də tez-tez qarşımıza çıxır. Və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmır. Əksər insanlar belə mərasimlərin yersiz olduğunu, İslam dinini hörmətdən saldığını, lağ obyektinə çevrilməyə zəmin yaratdığını düşünürlər. Dinə qarşı olan şəxslər - deistlər, atesitlər və başqaları isə belə mərasimlərin ucundan tutub daha da ucuzluğa gedir, dinimizi təhqir edirlər.

Image result for peyğəmbərin mövludu qeyd olunub

Bəs görəsən, məscidlərdə belə təmtəraqlı torkəsmə mərasimlərinin keçirilməsi nə qədər doğrudur? Əgər doğru deyilsə, belə mərasmlərinin qarşısının alınması üçün niyə tədbir görülmür? Ümumiyyətlə, buna şərait yaradan şəxslər İslam dininə kölgə saldıqlarının fərqinə varmırlarmı? Suallarımıza AYNA tutmaq məqsədilə bir neçə ilahiyyatçıya müraciət etdik.

Image result for İlahiyyatçı Hacı Şahin

İlahiyyatçı Hacı Şahin Həsənli bu cür təmtəraqlı mərasimlərin qeyd olunmasını doğru hesab etmir: “Mövlud günlərinin qeyd olunması dində normal bir haldır. Müsəlmanlar onlar üçün dəyərli olan şəxsləri yad edirlər və onların ildönümünü, doğum gününü qeyd edirlər. Həmin mərasimlərdə onlar haqqında danışılır, ilahilər oxunur, yəni bu, sırf şadlıq mərasimidir. Amma diqqətli olmaq lazımdır ki, belə şadlıq mərasimləri keçirilən zaman mövludu qeyd olunan şəxsiyyətlərin ucalığına kölgə salacaq, ləkə gətirəcək əməllərə yol verilməsin".

 

“Bununla bağlı dində hər hansı bir qayda müəyyən edilməyib, çünki bu, dini ibadət deyil. Bunu keçirməkdə insanlar sərbəstdirlər. Amma bunu keçirən insanlar bir şeyi nəzərə almalıdırlar ki, müqəddəs şəxslərin doğum günlərində, onlarla bağlı mərasimlərdə həmin şəxslərin şəninə, məqamlarına uyğun addımlar atılsın, belə mərasimlər gülüş obyektinə çevrilməsin. Ümumiyyətlə tort kəsilməsinin mövlud tədbirlərinin xarakterinə uyğun olmadığını hesab edirəm. Belə şəkildə tortların kəsilməsinin əleyhinəyəm”, - deyə Hacı Şahin bildirib.

 

O, həmçinin qeyd edib ki, hansısa inzibati yolla buna müdaxilə etmək mənasızdır: “Ümumiyyətlə, belə bir mexanizm yoxdur. Belə mərasimlərlə bağlı ancaq maarifləndirmə tədbirləri görmək olar. Düşünürəm ki, əsasən din xadimləri bu barədə öz fikirlərini bildirməlidirlər. Kütləvi informasiya vasitələrində bu kimi məsələlərə toxunula bilər. Elə geniş vüsət almasa da, belə hallar olduğuna görə mütləq münasibət bildirilməlidir”.

Image result for Hacı Faiz Nağızadə

Təzəpir məscidinin axundu Hacı Faiz Nağızadə isə belə tədbirlərin keçirilməsində heç bir qəbahət görmür: “Mövlud məclisləri hər zaman qeyd olunub. Əgər şəriətə uyğun olmayan əməllərə, israfçılığa yol verilmirsə, mövlud mərasimlərində tort kəsilməsində qəbahət yoxdur. Ehsan vermək, fəqirlərə sədəqə paylamaq müstəhəbdir, xüsusilə də mövlud günlərində. Tortu da ehsan kimi paylamaq olar. Bir şərtlə ki, bu, başqalarının qınağına səbəb olmasın, dinin təhqir olunmasıyla nəticələnməsin. Həmin məclislərdə oxunan ilahilər belə, musiqi ilə oxunmamalıdır. İndi tar-kamanın müşayəti ilə ilahilər oxunur ki, bu, düzgün deyil. Musiqi birmənalı olaraq İslam dinində haramdır”.

 

Hacı Faiz onu da qeyd edib ki, belə mərasimlər xoşagəlməz hala çevrilsə və geniş vüsət alsa, ancaq o zaman bu barədə tədbirlər görmək olar.

Image result for Elşad Miri

İlahiyyatçı Elşad Miri isə, ümumyyətlə, mövlud günlərinin qeyd olunmasını doğru hesab etmir: “Mövlüd günlərində tort kəsilməsi müasir dövrümüzdə dəb halını almış bir məsələdir. Bunu da gətirib din ilə calaşdırmağa çalışırlar. Ancaq bu, həqiqətən də doğru olmayan, əsassız, gülməli bir variant ortaya çıxarıb. Bu, ən yaxşı formada desəm, biabırçılıqdır”.

 

“Nə Məhəmməd peyğəmbərin dövründə, nə də ondan sonrakı dövrdə ad günü, mövlud qeyd etmək analayışı mövcud olub. Bu, əsrlər sonra ilk dəfə Misirdə Fatimilər dövləti tərəfindən orataya atılıb. Ondan sonra Osmanlı tərəfindən də mənimsənilib və müasir dövrümüzə gəlib çıxıb. Bu gün mövludların qeyd olunması İraqda daha geniş vüsət alıb. Bunun, nə "Quran"la, nə peyğəmbərlə, nə də səhabələrlə əlaqəsi var”, - deyə E.Miri vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan

Ramanada faciə

Dünən, 17:26 Hadisə