Daha bir NONSENS: Güzəştli mənzil “möcüzələri” davam edir

Cəmiyyət

26.12.2019 - 15:56

“Cəmi 10 saniyəyə mənzillərin siyahısına çatsam da, sistemdə bir dənə olsun, mənzil qalmamışdı”

 

“Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dünən sayca 6-ci (2 dəfə sistem çökməsini nəzərə alsaq, sayca 8-ci) satışını həyata keçirdi. Tövsiyyə olunduğu kimi, satış vaxtından bir neçə saat əvvəl, sahib olduğum “ASAN imza” vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil oldum və satışın başlamasını gözlədim. Amma hər dəfə olduğu kimi bu dəfə də hansısa oyunlar getdi. 10-15 saniyə ərzində mənzillərin siyahısına çatsam da, sistemdə bir dənə də olsun, mənzil qalmamışdı. Üstəlik də satış başlayan an sistemin qısa müddətə donması, gecikməsi əsaslı şübhələr yaradır”.

 

Bu barədə AYNA-ya, MİDA-nın mənzillərinə namizəd olan və prosesdə iştirak edən vətəndaş Elyar İslamoğlu məlumat verib. Şikayətçinin sözlərinə görə, seçim etdiyi ofis MİDA-ya yaxın olduğu üçün dərhal MİDA-nın baş ofisinə yaxınlaşıb: “Problemin nədən ibarət olduğunu və bir neçə saniyəyə mənzillərin necə satıldığını öyrənmək istəyirdim. Qarşımıza özünü təqdim etməyən iki şəxs çıxaraq (biri saqqallı, əlində elektron siqaret, digəri keçəl) bizimlə çox aqressiv danışdı, “gedin hara istəyirsiniz, şikayət edin, heç kim bizə heç nə deyə bilməz”, - deyərək, bizdən başqa bir ağsaqqal kişiyə də çox kobud münasibət göstərdilər. Ağsaqqal kobud cavabdan əsəbləşdi, halı pisləşdi, təcili yardım çağırıldı. Sonra MİDA rəhbərliyindən birinci mərtəbəyə düşdülər və həmin iki şəxsin onların işçisi olmadığını, RİSK şirkətinin işçiləri olduğunu dedilər. “Bəs RİSK şirkətinin əməkdaşları niyə MİDA-nın səlahiyyətli şəxsləri kimi şikayətçilərin qarşısına çıxır, onlarla aqressiv davranırlar?” - deyə soruşduqda, MİDA işçiləri “onlar bizim işçilərimiz deyil”, - deməklə kifayətləndilər”.

Raminə Eyvazqızı