Yol polisi sürücülərə və piyadalara çağırış edir

Cəmiyyət

02.01.2020 - 14:25

“Piyada keçidlərini keçərkən diqqətli olun, tələsməyin”

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib. Qurumun mətbuat xidmətindən AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Müşahidələr göstərir ki, son günlər vətəndaşlarımızın avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçmələri halları artıb. Vətəndaşlar yolun hərəkət hissəsini yalnız yerüstü və yeraltı keçidlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməklə keçməlidirlər.

 

Bununla yanaşı, piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq, günün qaranlıq vaxtı üzərlərində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlidirlər.

 

Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığından əmin olduqdan sonra yolu keçmək lazımdır.

 

Eyni zamanda, sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar.

 

Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə riayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyi tövsiyə edirik”.

Müəllif: Ayna.az