Gəncənin köksündə gözdağı: baiskar düşmən deyil, özümüzük - FOTOLAR

Mədəniyyət

16.12.2021 - 15:16

Dəhşətli mənzərə: keçmişimizə, dəyərlərimizə, mədəniyyətimizə qarşı vandal davranışın qarşısı alınmalıdır

Tarixi Gəncə qalasının qalıqları məişət tullantıları, torpaq tökülərək basdırılır, tarixi yaddaşımızdan bir parça məhv edilir. Bu barədə AYNA-ya Gəncə sakinlərindən şikayət daxil olub. Mənzərəni əks etdirən foto və video görüntülərdən də aydın olur ki, tarixi divarların qalıqları ətrafına topa-topa torpaq tökülüb, məişət tullantıları ilə zibillənib.

Görüntülər ilk olaraq belə bir təəssürat yaradır ki, ərazidə heç bir tarixi abidədən söhbət gedə bilməz - adi bir torpaq sahəsidir, sadəcə bir tərəfdə uçub dağılmış divar qalıqları var, vəssalam. Yəni tarixi abidənin yerindən xəbəri olmayan, nabələd birisinin həmin yerə yönü düşsə, heç ağlından da keçməz ki, buralarda tarixi yaddaşımızı özündə saxlayan bir nişanə var.

AYNA problemi aydınlaşdırmağa çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən (GŞİH) bildirildi ki, ərazinin məişət, xüsusilə də tikinti tullantılarından təmizlənməsi üçün müvafiq tapşırıqlar verilib: “Bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq qurumların rəhbərləri ilə birlikdə Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunda olub, burada yerləşən qədim Gəncə qalası və ətraf ərazilərin məişət, xüsusilə də tikinti tullantılarından təmizlənməsi və abadlaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib. Qısa müddətdə işlərə başlanılacaq”.

“Abadlaşdırılma dedikdə konkret olaraq nəyi nəzərdə tutursunuz?” sualına GŞİH-dən belə cavab verildi: “Orada söhbət ətraf ərazilərin abadlaşdırılmasından gedir. Abidənin restavrasiyası və ya orada arxeoloji qazıntıların aparılması kimi məsələlərlə bağlı isə Mədəniyyət Nazirliyi və ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verə bilər”.

Mədəniyyət Nazirliyindən (MN) məsələ ilə bağlı MN yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərbası üzrə Dövlət Xidməti (MİQİBDX) ilə əlaqə saxlamağımız tövsiyyə olundu və aidiyyəti üzrə müraciət etdiyimiz  MİQİBDX-dən faktı təsdiqlədilər: “Təəssüflər olsun ki, bu hadisə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə məişət və təsərrüfat tullantılarının tökülməsi ilə bağlı ilk hal deyil. Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə bir müddət əvvəl qoruqda monitorinq aparılıb və akt tərtib edilib. Monitorinq zamanı qədim Gəncə ərazisində Qala divarlarının qalıqları, bürclər və körpü qalıqları ətrafına iri yük maşınları ilə məişət və təsərrüfat tullantılarının töküldüyü aşkar edilib”.

Xidmətdən bildirildi ki, ərazinin təmizlənməsi üçün GŞİH-ə kömək üçün müraciət edilib: “Qoruq ərazisinin təmizlənməsi və belə neqativ halların qarşının alınmasında köməklik göstərilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət də edilib. Qeyd edək ki, bir neçə gün öncə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də ərazidə olub. İnşaat tullantılarının ərazidən daşınması, yolun hamarlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və kompleks işlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Məlumat üçün onu da bildirək ki, qoruq əməkdaşları mütəmadi olaraq ərazidə müşahidələr aparır, baş vermiş neqativ halları qeydə alaraq məlumat verirlər”.

"Gəncə qalasının qalıqlarının bərpası istiqamətində hansısa addımların atılması planda varmı?" sualına cavabda isə Xidmətdən bildirildi ki, hələ belə bir plan yoxdur.

Mövzu ilə bağlı AYNA-ya danışan tarix elmləri doktoru, professor Arif Məmmədovun sözlərinə görə, bu proses çoxdan başlayıb: “Mən illər əvvəl Gəncə Regional Mərkəzində işləyirdim. Həmin vaxtlar Gəncə İmamzadə türbəsinin ətrafında ərazilərdən orta əsrlər dövrünə aid tapdığım materialları ora təqdim etmişdim. Həmin materialları keçmiş icra başçısı Elmar Vəliyevə təqdim etmişdilər. Bunun əsasında Amerikadan bir nəfər çağırmışdılar, o da mənim orta əsr Gəncə şəhərindən tapdığım materialları özü tədqiq etmiş kimi qələmə verərək, e.ə 2 minilliyə aid material kimi təqdim etmiş və bunun da əsasında demişdilər ki, Gəncənin dörd minillik yaşı var. Mən də onlara izah etmişdim ki, bu cür tarix müəyyənləşdirilmir. Materialların hamısını orta əsr Gəncə şəhərindən tapmışam. Söyləmişdim ki, siz bu gün Gəncə şəhərinin dörd minillik yaşı olduğunu deyirsiniz, sabah ölkə başçısı kimlərisə dəvət etsə, desə ki, bəs dörd minillik yaşı olan şəhərə gedirik, mən arxeoloq kimi dəvət olunanda dörd minillik yer əvəzinə orta əsrlər şəhərini göstərəndə deməzlərmi ki, bu necə olur? Məgər biz orta əsrlərə aid materialla dördüncü minilliyə aid materialı müəyyənləşdirə bilmirik?”.

“Belə olan halda da Elmar müəllim göstəriş verdi ki, Şəmkirdə, Gəncədə, Samux, Göygöl rayonunda nə qədər zibil varsa, gətirin tökün ora, üstü basırılsın ki, qazıb çıxarmaq mümkün olmasın. Biz də deyək ki, Gəncə şəhərinin dörd min il yaşı var. Mən o vaxt – 2013-cü ildə mətbuatda bununla bağlı “Gəncə: uydurmalar və reallıqlar. Gəncə şəhərinin dörd min il yaşı və orada faytonlar yoxdur” başlıqlı məqalə ilə çıxış etmişdim. Orada da şəhərin zibilliklər içərisində olduğunu, orta əsr Gəncə şəhərinin zavodun üzüm bağlarına, bir hissəsinin dəmiryolçulara ev kimi verilməsini yazmışdım, bunların qarşısının alınmasına çağırış etmişdim. Amma faydası olmadı”, - deyə professor bildirib.

Mütəxəssis mövcud vəziyyətin məsul şəxslərin tarixə və tarixi abidələrə olan laqeyd münasibətindən yarandığını deyib: “Bu məsələlərlə şəhər rəhbərliyi ilə yanaşı, Gəncə Regional Elm Mərkəzi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olmalı idi. Orada Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Milli Elmlər Akademiyasının bölməsi fəailiyyət göstərir, dörd yüz nəfərə yaxın işçisi var. Bundan da əlavə, Dövlət Xidmətinin təxminən 30-40 nəfər əməkdaşı var. Onlar neçə illərdir, əməkhaqqı alırlar, amma onlardan bir nəfər belə, həmin yerə nəzarət etmir. Gözlərinin qarşısında Gəncənin tarixi məhv olur, bunu da erməni etmir ki?! Oraya bir ilin yox, on illərin zibilini töküblər. Yay aylarında gedib orada arxeoloji qazıntı aparırdım, bir nəfər yaxınlaşıb demirdi ki, sən kimsən, buranı niyə qazırsan? Bəlkə mən başqa millətin nümayəndəsiyəm, gəlib oranın altını-üstünə çevirib gedirəm? Yəni bu işlə maraqlanan bir adam yox idi”.

“Bu yaxınlarda gedib demişdim ki, ərazidə xəbərdarlıq lövhələri yerləşdirin ki, qoruq ərazisidir, zibil tökmək olmaz. Amma mənə deyirlər, “sən ekspedisiyaya gəlmisən, imkanın olarsa, özün də körpünün üstündə kağıza yaz, yapışdır”. Bəs o qədər aidiyyəti qurum hara baxır, işlərinin adı nədir? Mövcud vəziyyət acınacaqlıdır. Tarixi abidəni bərpa etmək üçün çox böyük qüvvə, maliyyə lazımdır”, - deyə A.Məmmədov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, mövcud problemin ictimai əhəmiyyətini nəzərə alaraq Kəpəz (Gəncə) seçki dairəsindən deputat Müşfiq Cəfərovla dəfələrlə əlaqə saxlamağa çalışdıq, lakin heç bir halda zənglərimizə cavab vermədi.

Müəllif: Aləmdə Nəsib