“Millət gedər Mersinə, biz gedərik tərsinə”
“Millət gedər Mersinə, biz gedərik tərsinə”. Yəqin ki, çoxunuz bu deyimin Kültəpə kəndində yarandığından bixəbərsiniz. Bu misalın və növbəti qəribə əhvalatımızın qəhrəmanı Qurbanqulunun xanımı Bibixanımdır.
Bir gün qonşuların söhbətinə qulaq verən Bibixanım eşidir ki, bəs deyirlər, Mersində bir qızıl quyusu var, fərqli məmləkətlərdən ora gedənlər varlanıb qayıdırlar. Ancaq Kültəpə kəndinin sakinləri ha vuruşub-əlləşsələr də, Mersinə gedə bilmirlər. Gedə bilənlər də bir quruşsuz qayıdırlar.
Bibixanım bu eşitdiklərini Qurbanquluya ərz edib deyir:
– A kişi, sən get molladan bir yaxşı səyahət duası al. Mən də falçı Nisədən məsləhət alım. Gedək Mersinə, biz də ağ günə çıxaq.
Belə də edirlər. Qurbanqulu mollanın, Bibixanım da falçı Nisənin yanına gedir. O, falçı Nisəni görməmiş Cəlil bəyin xanımı Hənifə xanımla rastlaşır. Ona da hər şeyi danışır.
Hənifəxanım deyir:
– Ay qonşu, falçıya gedib bu qədər xərc çəkməkdənsə, bir kitab al. Sənin bildiyin o əhvalat qızıl quyu deyil, “Qızıl quyu” adlı bir elm məclisi barəsindədir. Həmin elm məclisinə gedənlər öz adət-ənənələrini təbliğ edirlər. Çıxış müqabilində aldıqları isə qızıl nişandır.
Bibixanım deyir:
– Eh, ay qonşu! O qədər qəliz danışırsan ki, belə gedişlə sən Mersindən çətin xeyir tapasan, vallah.
Hənifə xanım dərindən ah çəkib evə qayıdır. Cəlil bəy xanımını fikirli görüb bunun səbəbini soruşur. Xanımı olub-bitəni bəyə danışır.
Gözləri ilə Hənifə xanıma gülümsəyən Cəlil bəy deyir:
– Fikir vermə, Hənifə qadası. Bizdə belədir də! Millət gedər Mersinə, Biz gedərik tərsinə...
Müəllif: Günel Natiqqızı,
AYNA üçün