Floydun qətli Trampın reytinqini aşağı salıb

Dünya

10.06.2020 - 14:36

Amerikalıların 57 faizi onu Prezident kimi istəmir

 

ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbi ilə dayandırdığı seçki mitinqlərinə yaxın vaxtlarda başlayacağını açıqlayıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, ABŞ lideri “Twitter”də qeyd edib ki, mitinqlərə böyük tələb var.

 

“Mitinqlərə yaxınlarda başlayırıq. Bu gələn həftə ola bilər”, - deyə Tramp bildirib.

 

Xatırladaq ki, ABŞ-da prezident seçkilərinin bu il noyabrın 3-də keçirilməsi planlaşdırılıb.

 

Yeri gəlmişkən, ABŞ-da “CNN” televiziyası üçün aparılan sorğuda Trampın xalq tərəfindən dəstəyinin bir ay əvvəlkinə nisbətən azaldığı məlum olub. SSRS Araşdırma Mərkəzinin 2-5 iyun aralığında 1259 vətəndaş arasında keçirdiyi sorğunun nəticəsinə görə, Trampın rəhbərliyini bəyənənlər 38 faiz, bəyənməyənlər 57 faiz olub. Qalan 5 faiz heç bir fikir bildirməyib. Həmin şirkətin may ayında apardığı sorğuda ABŞ liderini dəstəkləyənlər 45 faizdən bir qədər çox idi.

 

Qeyd olunur ki, Trampın reytinqinin düşməsi ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən qətli, buna görə mitinqə çıxanlara Prezidentin xəbərdarlıqları böyük rol oynayıb.

 

Müəllif: Ayna.az