İstanbul zəlzələsi barədə ziddiyyətli açıqlamalar var

Dünya

26.09.2019 - 18:22

İmamoğlu heç bir ziyanın olmadığını desə də, Ərdoğan dağıntı və xəsarətlərin olduğunu bildirib

 

 

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində zəlzələ olub. Zəlzələ nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, məktəblər, xəsətxanalar, ticarət mərkəzləri boşaldılıb. Hətta hava limanlarında uçuşlar da təxirə salınıb.

 

AYNA xəbər verir ki, İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu zəlzələdən sonra mətbuata açıqlama verib: “Bu gün Türkiyə üçün böyük xəbərdarlıq günü idi. Böyükçəkməcə, Bəylikdüzü ərazilərində dağıntı qeydə alınmayıb. Bütün hesabatları şəxsən yoxlayırıq. Mənfi hal qeydə alınmayıb. Bu hadisənin İstanbul üçün nə qədər vacib olduğunu bilirik. Yaxın zamanlarda daha ətraflı məlumat veriləcək. Ciddi hazırlıqlara ehtiyacımız var. Allaha şükür olsun ki, bu gün insan itkisi baş vermədi”.

 

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan isə xalqı bu ifadələrə inanmamağa çağırıb: “Bu gün 5,8 bal gücündə zəlzələ meydana gəlib. Bir neçə ərazidə fəsadlar müşahidə olunub. Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Bəzi binalara isə ziyan dəyib”.

 

Ölkə başçısı bildirib ki, bu baərədə hava limanında xəbər tutub: “Zəlzələnin şiddəti 5,8 bal gücündə olub. 28 təkan qeydə alınıb. Hətta təkanların sayının artacağı da istisna deyil. Vitse-prezidenti Fuat Oktayın başçılığı ilə təcili yardım mərkəzi fəaliyyətə başlayıb. Müvafiq qurumlar nəzarəti öz üzərinə götürərək işlərini davam etdirəcək”.

Müəllif: Ayna.az