Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma...

Aktual

16.01.2021 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Gela Vasadze: “Rəsmi Bakının Ermənistan ərazisindən yeni bir neft və ya qaz kəməri çəkməyə qərar verməsi son dərəcə şübhəlidir”

 

Tornike Şaraşenidze: “Gürcüstanın Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişədən əbədi olaraq xeyir götürə bilməyəcəyi anlaşılandır”

 

Qarabağ münaqişəsinin həlli ətrafındakı sülh prosesinin digər bir nəticəsi Gürcüstanın həm azərbaycanlılar, həm də ermənilər tərəfindən istifadə olunan əsas kommunikasiya dəhlizi rolunun azalması hesab edilə bilər.

 

İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra, yəni, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən 10 noyabr 2020-ci il və 2021-ci il 11 yanvar tarixli imzalanan müqavilələrin nəticələrinə görə, nəqliyyat dəhlizlərinin deblokada olunmasından sonra alternativ yol ortaya çıxdı və bununla əlaqədar Gürcüstanın rolu xeyli azala bilər.

 

Azərbaycan Naxçıvan ərazisindən Türkiyəyə daha qısa nəqliyyat marşrutu alır, Ermənistan isə Gürcüstan marşrutundan daha uzun olmasına baxmayaraq, Azərbaycan ərazisindən keçməklə Rusiya ilə birbaşa əlaqə yolu əldə edir. Rusiya Azərbaycan üzərindən Türkiyəyə və daha sonra Avropa ölkələrinə çatma fürsəti alsa da, ən böyük qazanc Türkiyənindir: müqavilə ona yalnız Azərbaycan, Ermənistan və Rusiyaya deyil, Orta Asiya ölkələrinə və Çinə də yol açacaq.

 

Beləliklə, bu müqavilələri imzalayan bütün ölkələr üçün, hətta İran da daxil olmaqla, yeni nəqliyyat yolları bərpa olunur və açılır, yalnız Gürcüstan heç bir dividend almır, üstəlik gələcəkdə dəhlizlərin açılması Rusiyaya Gürcüstan siyasətinin həyata keçirilməsində təzyiqdən istifadə üçün başqa bir səbəb verəcək.

 

Ərazisi, bildiyiniz kimi indiyə qədər Azərbaycanı Türkiyə ilə və əksinə, Rusiyanı isə Ermənistanla birləşdirən yeganə yol olan Gürcüstanda Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat-kommunikasiyalarının deblokadası necə əks olunacaq? Rusiya gələcəkdə Gürcüstana siyasi təzyiq göstərmək üçün əlavə “kozır” alacaqmı? Bu müqavilələrə Gürcüstanın ümumi baxış necədir? Gürcüstan bölgədə Altılıq formatında - Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə, Gürcüstan arasında yeni bir əməkdaşlıq platforması yaratmaq təklifinə necə münasibət bəsləyir?

 

Tanınmış gürcü mütəxəssisləri AYNA-nın bu suallarını cavablandırıblar.

Գելա Վասաձե․ Ղարաբաղյան հարցի հետ կապված Զուրաբիշվիլին ոչ մեկ անգամ է  հայտարարել Վրաստանի դիրքորոշումը

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı mütəxəssisi Gela Vasadze deyib ki, nəqliyyat xətlərinin blokdan çıxarılması Gürcüstana heç bir təsir etməyəcək: “Rəsmi Bakının Ermənistan ərazisindən yeni bir neft və ya qaz kəməri çəkməyə qərar verməsi son dərəcə şübhəlidir. Enerji yollarının Gürcüstan üçün iqtisadi faydaları o qədər böyük olmasa da, mühüm siyasi əhəmiyyətə malikdirlər”.

 

“Dəmir yoluna gəldikdə, onsuz da Bakı-Tbilisi-Qars (BTQ) əvvəlcə Azərbaycanla Türkiyə arasında bir dəmir yolu olaraq planlaşdırılmışdı və nə qədər yüklənəcəyi Azərbaycanın tarif siyasətindən və bu dəmir yolunun mümkün qədər tez istismarı Gürcüstan ilə Azərbaycan arasındakı razılaşmadan asılıdır. İndiyə qədər həm Gürcüstan, həm də Azərbaycan üçün bu yolun iqtisadi faydası sıfırdır və Orta Asiya ölkələrindən yüklərin cəlb edilməsi məsələsi də həll olunmayıb”, - deyə ekspert vurğulayıb.

 

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki,  Gürcüstan Türkiyəni Azərbaycan ilə birləşdirəcək, Rusiyanın nəzarəti altında olmayan yeganə yolu olmağa davam edir: “Düşünürəm ki, son vurğumun əhəmiyyəti aydındır. Rusiya Federasiyasının Gürcüstana təzyiq göstərmə imkanlarına gəldikdə, Gürcüstanın iki bölgəsi işğal altındaykən, Moskvanın  bu imkanları çox məhduddur. Əlbətdə ki, Gürcüstan bütün bölgə ölkələri ilə əməkdaşlıq edəcək, lakin bununla belə başa düşmək lazımdır ki, əgər formatlardan danışırıqsa, əsas formatımız strateji tərəfdaşlarımız - ABŞ, Avropa Birliyi, NATO ilə münasibətlərdir. Bu münasibətlər institusionalizasiya edilmiş və çoxsaylı beynəlxalq müqavilələrdə təsbit edilmişdir. Düşünmürəm ki, Gürcüstanın Rusiya Federasiyası ilə eyni formatda iştirakı, ən azı Abxaziya və Tsxinvali bölgəsi işğal altında qaldıqca, mümkün olsun. Buna görə bu format, belə deyək ki, obyektiv səbəblərdən bizsiz olacaq”.

Gürcüstanın İctimaiyyətlə Əlaqələr İnstitutunun Beynəlxalq Münasibətlər Məktəbinin rəhbəri, professor Tornike Şaraşenidze isə deyib ki, birincisi, Gürcüstanın Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişədən əbədi olaraq xeyir götürə bilməyəcəyi anlaşılandır: “İkincisi, Gürcüstanın misilsiz üstünlükləri var - həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var və dənizə çıxışı mövcuddur. Gürcüstan öz infrastrukturunu inkişaf etdirirsə - avtobanı tamamlasa, Poti limanını genişləndirsə və ya Anakliyadakı tikintini başa çatdırırsa, o zaman tranzit ölkə kimi əhəmiyyətini qoruyacaq”.

 

“Altılıq platforması ilə əlaqədar olaraq, rəsmi Tiflis Rusiya ilə yalnız işğal altındakı Cənubi Osetiya və Abxaziya ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirdikdən sonra eyni formatda işləmək mümkün olduğunu bildirib. Mənim bu mövqeyə əlavəm yoxdur”, - deyə professor fikrini tamamlayıb.

Müəllif: Mira Həsənova