Ermənilər Nikoldan da, Robertdən də beziblər: amma daha çox Köçəryandan

Dünya

30.08.2022 - 14:17

"Gallup"un sorğusu və ya erməni cəmiyyəti iki pisdən nisbətən az pis olanı - Paşinyanı dəstəkləyir

Beynəlxalq təşkilat - "Gallup İnternational" iyul-avqust aylarında Ermənistanda keçirdiyi sorğuların nəticələrini elan edib. Nəticələrə görə, əgər gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, o zaman 16,1 faiz Baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” Partiyasına, 5,1 faiz isə müxalif “Ermənistan” blokuna səs verəcəkdi.

Sorğudan məlum olur ki, potensial seçicilərin hər iki siyasi qüvvəyə rəğbəti azalıb. Belə ki, apreldə dərc olunmuş sorğulara əsasən, respondentlərin 20,4 faizi Paşinyanın partiyasına səs verməyə hazır idi, indi isə bu rəqəm 16,1 faizə qədər azalıb. Apreldə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 8,3 faizi “Ermənistan” blokuna səs verməyə hazır idi. İndi isə bu rəqəm yuxarıda qeyd edildiyi kimi, cəmi 5,1 faiz təşkil edir. 

"Gallup İnternational"ın sorğusuna görə, respondentlərin 32,8 faizi seçkilərdə səsvermədə iştirak etməyəcəyini bildirib. 12,1 faiz isə suala cavab verməkdən imtina edib, 15,6 faiz cavab verməkdə çətinlik çəkib. 

Anket məlumatlarında qeyd edilir ki, seçkilər gələn həftəsonu keçirilsə, sorğulara görə, yalnız iki siyasi qüvvənin  - "Mülki müqavilə"nin və "Ermənistan"ın parlamentə düşmək şansı var. Qalan partiyalar baryeri aşa bilməzdi. Məsələn, keçmiş Prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku cəmi 2,7 faiz rəğbət qazanıb.

Erməni analitik Tevos Arşakyan iqtidar və müxalifətin xalqın gözündən düşməsinin bir sıra səbəbləri olduğunu bildirir. Onun sözlərinə görə, hakim elitaya ictimai inamın və bu qüvvələrin reytinqinin aşağı düşməsini asanlıqla izah etmək mümkündür: "Ölkədə həyatın yaxşılaşdırılması ilə bağlı bütün vədlərə və hətta Ermənistanda guya sosial-iqtisadi fonun yaxşılaşdığı və ÜDM-in artdığı barədə bəyanatlara baxmayaraq, reallıqda hər şey fərqlidir. Ərzaq və ilkin tələbat mallarının qiymətinin demək olar ki, hər gün bahalaşdığı, əhalinin böyük təbəqəsi üçün əlçatmaz hala gəldiyi zaman yəqin ki, hər birimiz işsizliyin və inflyasiyanın artması nəticəsində öz vəziyyətinin pisləşməsini hiss edirik. Maaşlar və pensiyalar artarsa da, yenə də bahalaşmaya adekvat deyil. Başqa cür ola bilməz, çünki iqtisadiyyatda hər şey pisdir, insanlar hər şeyə dözməkdən yorulublar. Kim bacardısa, ölkəni tərk etdi, qalanlar isə kəmərlərini daha sıx bağladı".

"İndi keçək müxalifətimizə. Bizi məyus edən müharibənin nəticələrindən sarsılan və ilk aylarda ümidsizliyə qapılan müxalifət ayağa qalxaraq indiki hakimiyyəti devirməyə cəhd etdi. Hətta hərbçilərin bir hissəsi andını pozaraq, müxalifətin tərəfinə keçdi. Ancaq nə hakimiyyətə xəyanət edən generallar, nə diaspora və Rusiyanın dəstəyi Paşinyanın rəqiblərinə kömək oldu. Bu fakt ötən il keçirilən növbədənkənar parlament seçkilərində də, bu ilin yazında keçirilən mitinqlərlə də sübut olundu. Müxalifət cəmiyyətin əksəriyyətini öz bayrağı altında toplaya bilmədi və indi sorğunun nəticəsi kimi, getdikcə daha az vətəndaş tərəfindən dəstəklənirlər", - Arşakyan əlavə edib.

Siyasi icmalçı qeyd edib ki, Sarkisyanın bloku ümumiyyətlə heç kim tərəfindən nəzərə alınmır: "Köçəryan və onun Daşnaksütyun Partiyasındakı müttəfiqləri seçkilər gələn bazar günü keçiriləcəyi təqdirdə 5 faizlik həddi böyük çətinliklə keçə biləcəklər. Etiraf edirəm ki, Paşinyanın qızğın tərəfdarı olmasam da, keçən il “Ermənistan” blokuna səs veən həmvətənlərimi anlaya bilmirəm".

Arşakyan həmvətənlərinə müraciətində belə davam edib: "Qardaşlar, Köçəryanın hakimiyyətinin “cazibəsini” unutmusunuz? Bu qədər sadəlövhsünüz ki, onun illər ərzində dəyişdiyinə inanırsınız? Köçəryan xalqına xor baxan siyasi fiqurdur. Ancaq "Gallup International"ın son sorğusunun nəticələri göstərdi ki, insanlar yavaş-yavaş hər şeyi aydın görməyə başlayır".

"Müxalifətin özü də Paşinyanla mübarizədə məğlubiyyətini etiraf etmiş kimi görünür. Bu barədə "Ermənistan" fraksiyasından olan deputatı, "Müqavimət" Hərəkatının koordinatoru İşxan Saqatelyan müsahibəsində bildirib. Saqatelyanın sözlərinə görə, Nikolanın sülh proqramı müxalifətin təqdim etdiyi mübarizə proqramından daha çox insanı cəlb edib. Cənab Saqatelyan insanların ağıllanmasına niyə təəəccüblənir ki...Onlar qabiliyyətli mübarizə proqramını hazırlayıb cəmiyyətə təqdim etdi? Xeyr!. Onlar ancaq çox arzuladıqlarını - hakimiyyəti ələ keçirməyə çalışdılar və bununla az qala ölkədə vətəndaş müharibəsinə səbəb olacaqdılar", Arşakyan vurğulayıb. 

Analitik hesab edir ki, həm iqtidar, həm də müxalifət “Gallup İnternational”ın sorğusunun nəticələrini diqqətlə təhlil etməlidir: "Çünki sorğunun nəticəsi erməni xalqının həm Paşinyandan, həm də Köçəryandan bezdiyini göstərdi. Düzdür, Paşinyan artıq 2018-2019-cu illərdə olduğu kimi cəmiyyətdə qeyd-şərtsiz dayağa malik deyil. Amma cəmiyyət hələ də başa düşür ki, iki pisdən ən yaxşısı Nikoldur. Ona gör də, insanlar Paşinyana dözürlər".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov AYNA-ya bildirib ki, “Gallup”-ın keçirdiyi sorğunun nəticələrindən bir çox nəticələr çıxır: "Belə qənaət hasil olur ki, müharibədəki məğlubiyyətə baxmayaraq, Paşinyana Ermənistanda hələ də müəyyən qədər inam var. Düzdür, Nikolun reytinqi əvvələ nisbətən düşüb, amma müxalifətdən qabaqdadır. Bunun səbəbi hazırkı Baş nazirin uğurlu siyasəti yox, keçmiş hakimiyyətin korrupsiya əməlləri və digər cinayətlərə görə ictimai nüfuzunu itirməsi, revanşistlərin Ermənistanı yenidən keçmişə qaytarmaq niyyəti, bunun riskləri və vətəndaşların xarici siyasət orientrləridir. Müharibənin Paşinyanın hakimiyyəti dövründə Ermənistanın məğlubiyyəti ilə nəticələnməsinə baxmayaraq, əhalinin daha çox hissəsi Azərbaycan liderinin də söylədiyi fikirləri dəstəkləyərək ölkənin düşdüyü bu durumda məhz Köçaryan-Sarkisyan hakimiyyətini günahkar sayır". 

Analitik deyib ki, Köçəryan və Sarkisyan mitinqlər keçirsə də, mənasız vədlər versə də, əhalinin əksər hissəsi onları hakimiyyətdə görmək istəmədiyini nümayiş etdirdi: "Onların mitinqlərinə qatılan olmadı. Çünki ermənilər Köçəryanın, Sarkisyanın hakimiyyətdə olarkən hansı əməllər 

"Hakimiyyətdə Paşinyanı da görmək istəməyən erməni cəmiyyəti sadəcə olaraq bu gün seçim variantının olmaması səbəbindən hələlik “pis və daha pis” seçimində nisbətən az pisi seçir", - politoloq vurğulayıb.

Z.Məmmədovun sözlərinə görə, bütün bunlar göstərir ki, erməni cəmiyyəti keçən 30 il ərzində Azərbaycanın xəbərdarlıqlarına qulaq assaydı, indi belə vəziyyətə düşməzdilər: "Bu gün Ermənistanda hər kəs bilməlidir ki, bu ölkə Azərbaycanla müharibəni uduzub və onun ancaq və ancaq bir yolu var: gələcəyə baxaraq regionda yaranmış  yeni proseslərdə iştirak etmək. Yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Başa düşsün ki, dövlətçiliklərini qorumaq üçün Azərbaycanla ən azı  normal qonşuluq münasibətlərinə malik olmalıdır".

Müəllif: Anar Bayramoğlu