“Əhaliyə “bunu et, bunu etmə!” deməklə müsbət nəticə mümkün deyil”

Cəmiyyət

10.07.2020 - 19:09

Əhməd Qəşəmoğlu: “Əhalini hazırlamadan karantinin yumşalması hər zaman təhlükəli olacaq”

 

“Tez-tez belə ifadələr eşidirik – “bu camaat bilməlidir ki!”, “əhali gərək elə etsin, belə etsin”, “ziyalılar belə hərəkət etməlidir”, “valideynlər öz uşaqlarını elə tərbiyə etməlidir ki...” və s. Xüsusi ilə koronovirus bəlasından sonra tez-tez hamı əhalinin davranışından danışır. “Camaat filan cür etməlidir”, “günah camaatdadır” kimi ifadələri çoxları təkrar edir. Bir çoxları maarifləndirmə prosesini də bu müddəalar üzərində qurmağı düşünür. Amma dərindən fikir versək, bu ifadələrin ciddi əsası yoxdur”.

Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az

AYNA xəbər verir ki, bu sözləri sosioloq-alim Əhməd Qəşəmoğlu karantin dövründə insanların davranışı haqqında danışarkən deyib. O, bildirib ki, günü-gündən mürəkkəbləşən cəmiyyətdə bu tələblərin heç biri işləmir: “Qərbdə artıq 150 ilə yaxın bir dövrdə əhalinin davranışına təsir edə bilən, bu davranışı tənzimləməyə, yönləndirməyə kömək edən, sosiologiya, sosial psixologiya, sosial idarəetmə, pedoqogika, psixologiya, bihoverizm və s. onlarca elm sahələri yaranıb inkişaf etmişdir. Bu ölkələrdə xüsusi elm mərkəzləri ciddi tədqiqatlar aparmaqla, uyğun qurumlar üçün, əhali üçün əhəmiyyətli elmi tövsiyyələr hazırlayırlar. İndi daha 50 il bundan əvvəlki kimi, əhaliyə “bunu et, bunu etmə!” deməklə arzu olunan nəticə almaq mümkün deyil. İndiki mürəkkəb cəmiyyətdə əhalinin davranışının arzu edilən şəkildə olması üçün hökmən elmi təminatlı idarə etmə, maarifləndirmə metodlarından istifadə etmək lazımdır. Təəsüf ki, bu barədə danışanda çoxlarının xoşuna gəlmir”.

 

“Əhalinin davranışının lazımi hala gəlmədən biz koronovirusla da vidalaşa bilməyəcəyik. Əhalini hazırlamadan karantinin yumşalması hər zaman təhlükəli olacaq”, - deyə Qəşəmoğlu bildirib.

 

Alimin qənaətincə, indi olduqca həssaslaşmış cəmiyyətdə buna çox böyük ehtiyac var: “Naşılıqla həyata keçirilən hər hansı bir tədbir əks effekt də verə bilər. Düşünürəm ki, elmi təminat əsasında tədbirlər həyata keçirməklə, ölkəmizdə koronavirusun yayılmasının tempini 15 günə xeyli aşağı salmaq olar”.

 

Ə.Qəşəmoğlu xatırladıb ki, Azərbaycanda bu elmi metodlardan istifadə etmək problem deyil: “Biz hələ 1992-ci ildə ölkədə belə bir elmi mərkəz - "Milli Məclis yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzi" yaratmışdıq. Təəssüf ki, o Mərkəzin əhəmiyyəti o zaman lazımi qədər başa düşülmədiyindən sonralar ləğv edildi. Nəzərə alsaq ki, indən belə bizi belə bəlalar tez-tez əhatə edə bilər, bu sahədə təcili şəkildə işlər görülməlidir”.

Müəllif: Ayna.az