Gəmi lövbər saldığı Qoqland adasına yollanıb
Rusiya Estoniyanın Sillamae limanından çıxaraq razılaşdırılmış marşrutla hərəkət edən “Green Admire” neft tankerini Baltik dənizindəki ərazi sularında saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Liberiya bayrağı altında üzən tanker Yunanıstanın “Aegean Shipping” şirkətinə məxsusdur. Gəmi mayın 17-də axşam Sillamaeni tərk edib və gecə yarısından sonra ruslar tərəfindən dayandırılıb.
Daha sonra gəmi lövbər saldığı Qoqland adasına yollanıb. Tanker şist nefti daşıyır və onun son nöqtəsi Rotterdamdır.
Estoniya Xarici İşlər Nazirliyi qeyd edib ki, tankerin marşrutu təhlükəsizlik baxımından seçilib və Rusiya, Estoniya və Finlandiya arasında razılaşma çərçivəsində təsdiq edilib. İndi oxşar hadisələrin qarşısını almaq üçün Estoniya nəqliyyatı yalnız öz ərazi suları vasitəsilə Sillamae limanına yönəltmək niyyətindədir.
Xarici işlər naziri Marqus Tsakhkna bildirib ki, Rusiya gözlənilməz davranmaqda davam edir.