"Azərbaycanla hansısa bağlılığı olmasını sübut edə bilməyən şəxsə bu vəsiqə verilə bilməz"
Xəbər verdiyimiz kimi, xaricdə yaşayan azərbaycanlılara “soydaş vəsiqəsi” veriləcək. Bu barədə, Diaspora Komitəsinin yeni hazırladığı "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsində qeyd olunur. Belə ki, valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki Respublikanın vətəndaşı olmuş, ancaq xarici ölkə vətəndaşı olanlara, həmçinin özünü azərbaycanlı sayan hər kəsə "soydaş vəsiqəsi" veriləcək.
“Soydaş vəsiqəsi”nin üstünlüklərinə gəlincə isə, bu vəsiqəyə sahib olanlara müxtəlif imtiyazlar veriləcək. Belə ki, “soydaş vəsiqəsi” olanlar və onların ailə üzvləri həm Azərbayacana vizasız gəlmək, həm də 90 gün müddətində burada qalmaq imkanı qazanacaqlar.
Sözügedən qanun layihəsi hələlik qəbul olunmasa da, bəzi məqamlar ictimaiyyət üçün qaranlıq qalıb. Məsələn, qanun layihəsində qeyd olunan “soydaş” fikri konkret olaraq nəyi ehtiva edir? Həmçinin "özünü azərbaycanlı sayan hər kəs" deyiləndə, nə nəzərdə tutulur? Belə anlaşılır ki, hansısa bir ingilis, italyan, lap elə erməni də özünü azərbaycanlı sayırsa, “soydaş vəsiqəsi”ni əldə edə biləcək? O cümlədən İranda, Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımıza da bu vəsiqə veriləcək?
İctimaiyyəti "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsi ilə bağlı narahat edən bu və digər məqamlara ekspertlərlə AYNA tutmağa çalışdıq.
Hüquqşünas Tural Şükürovun sözlərinə görə, özünü azərbaycanlı sayan şəxs dedikdə, hansısa arqumenti olan şəxslər nəzərdə tutulacaq: “Məsələn, “soydaş vəsiqəsi"ni almaq istəyən şəxs atasının, babasının və ya həyat yoldaşının əslən azərbaycanlı olması ilə bağlı sənəd təqdim etməlidir. Azərbaycanla hansısa bağlılığı olmasını sübut edə bilməyən şəxsə bu vəsiqə verilə bilməz".
Hüquqşünasın fikrincə, bu qanunu hazırlayan qurumun məqsədi xaricdə, o cümlədən Gürcüstanda, İranda yaşayan azərbaycanlılara uctantuma “soydaş vəsiqəsi” verməkdən ibarət deyil: “Məsələn, istəməzlər ki, Gürcüstandakı bütün azərbaycanlılara Azərbaycanda vətəndaşlıq verilsin, ancaq həmin azərbaycanlıların Azərbaycana rahat gediş-gəlişini istəyərlər. Ona görə də həmin şəxslərə soydaş vəsiqəsi verərək öz vətəninə gediş-gəlişlərini asanlaşdıracaqlar”.
“Bu gün xaricdə yaşayan və arzuolunmaz kimi qəbul edilən, hətta barələrində cinayət işi açılmış azərbaycanlılar var ki, dövlətimizə, dövlətçiliyimizə xələl gətirməkdə ittiham olunurlar, həmin şəxslərə, təbii ki, “soydaş vəsiqəsi” verilməyəcək”, - deyə T.Şükürov qeyd edib.
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov isə bildirib ki, "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsini müzakirə etmək hələ tezdir: “Sözügedən qanun layihəsi hələ heç aidiyyəti üzrə müzakirə olunmayıb. Bu gün hansısa komitə qanun layihəsi hazırlayıbsa, bir sıra strukturlar – Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi həmin sənədə baxmalı, öz tövsiyələrini verməlidir. Bundan sonra qanun layihəsi müzakirəyə çıxarılacaq və Milli Məclisə təqdim olunacaq. Bu gün isə ictimaiyyətin müzakirəsinə çıxarılmayan qanun layihəsinə hansısa formada şərh verməyimiz yanlış olar”.
A.Allahverənovun dediyinə görə, bu gün ortada ictimaiyyətin diqqətinə çıxarılmış hər hansı sənəd yoxdur: “Bu, hələ ki, Diasporla İş üzrə Dövlət Komitəsinin divarları arasında saxlanılan layihədir. Məsləhət görürəm ki, gözləyək, qanun layihəsi tam hazır olandan, aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunandan sonra qaranlıq qalan məsələlərə, əgər olarsa, aydınlıq gətirək. Burada “soydaş” məsələsinə də qayıdılacaq, “soydaş” dedikdə konkret olaraq kimlərin nəzərdə tutulmasına həm Xarici İşlər Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm Miqrasiya Xidməti, həm də Dilçilik İnstitutu öz fikrini bildirməlidir. Qanun layihəsi ilə bağlı bütün tərəflərin fikirləri öyrənildikdən sonra müvafiq işlər görüləcək”.