Donbass son deyil, Kreml sahibinin iştahı artır: "Şimal ayısı"nı durdurmaq lazımdır

Siyasət

22.02.2022 - 18:53

Zərdüşt Əlizadə: "Müsadirələr başlayanda, milyardları "batanlar" Kremlə hücum çəkəcəklər və Putini rədd edəcəklər

Elxan Şahinoğlu: "Putin əgər əvvəlki çıxışlarında SSRİ-nin xislətini çəkirdisə, dünənki geniş nitqində Rusiya imperiyasının əzəmətindən ağız dolusu danışırdı"

Dünən Rusiya Prezident Vladimir Putin tarixi qərara imza atdı. Əvvəlcə ölkə başçısının rəhbərliyi ilə Rusiyanın Təhlükəsizlik Şurasının təcili iclası keçirildi. İclasda tanınmamış "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" liderlərinin suverenliyin tanınması ilə bağlı müraciətlərinə baxılıb. Toplantıda Dövlət Dumasının və Federasiya Şurasının spikerləri də "DXR" və "LXR"in "müstəqilliyi"nin tanınmasına çağırış ediblər. Digər rəsmilər də oxşar fikirlər səsləndiriblər. Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, həmçinin Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak çıxışlar ediblər.

Putin bildirib ki, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil. Dmitri Kozak onunla razılaşıb. Putin sözü Təhlükəsizlik Şurası sədrinin birinci müavini Dmitri Medvedevə də verib. Rusiyanın keçmiş Prezidenti çıxışında 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını necə verdiyini xatırlayıb.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Vaşinqtonu Ukrayna üzrə əsas müzakirəçi adlandırıb və ABŞ-la danışıqlara çağırıb. Baş nazir Mixail Mişustin gözlənilən sanksiyalardan danışıb, amma Patruşevi də dəstəkləyib. Onlar Moskvanın mövqeyini Vaşinqtona çatdırmağı, əgər "hərəkət" olmasa, əks təqdirdə "DXR" və "LXR"i tanımağı təklif ediblər.

Bundan sonra axşam saatlarında "Rossia 1" kanalında Putinin xalqa müraciəti yayımlanıb. "Müasir Ukrayna tamamilə və bütövlükdə Rusiya tərəfindən yaradılıb", - Putin qərarı ilə bağlı xalqa müraciətinin belə başlayıb. Prezident qeyd edib ki, o Rusiya sovet və kommunist Rusiyası olub. Tarixlə bağlı çıxışını davam etdirən Putin keçmiş kommunist lideri Vladimir Lenini tənqid edərək, onu Ukraynanın "müəllifi və memarı" adlandırıb. Putin xalq müraciətində onu da deyib ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya "qəsb edilib".

Müraciətdən sonra "DXR" və "LXR"nın liderlərinin iştirakı ilə separatçı qurumların tanınması haqqında sənəd imzalanıb. Putin aidiyyatı qurumlara "DXR" və "LXR"lə diplomatik əlaqələr qurulması barədə tarşırıqlar verib. 

Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulması və faktiki işğalı olan bu qərar beynəlxalq aləm tərəfindən sərt qınağa səbəb olub. Başda ABŞ olmaqla, Qərb ölkələri Putinin qərarını qəti şəkildə pisləyiblər. Bununla yanaşı, Rusiyaya qarşı tədbirlər görülməli olduğu və görüləcəyi bəyan edilib. 

Rusiya Dövlət Duması isə “DXR” və “LXR” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni ratifikasiya edib. Təsdiqlənən sənəd Prezident Vladimir Putin tərəfindən gündəliyə salınıb. Təsdiqləndiyi gündən qüvvəyə minən qanun iqtisadiyyat, müdafiə, sərhədlərin mühafizəsi, etnik azlıqların haqlarının qorunması və s. sahələri əhatə edir.

Kremlin belə bir qərarından sonra dünya geosiyasətində hansı dəyişikliklər olacaq? Proseslər hansı yöndə inkişaf edəcək? 

Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı AYNA-ya danışarkən deyib ki, Putin 22 ildir hakimiyyətdədir və bu illərdə hansı siyasəti həyata keçiribsə, Rusiya bundan zərərlə çıxıb. 

Analitik xatırladıb ki, 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyü pozuldu, Rusiya Abxaziya və Osetiyanın "müstəqilliyini" tanıdı: "Nə oldu? Rusiya bundan nə qazandı? Heç nə qazanmadı. Rusiyanın sadəcə qazancı nifrət oldu, tənqid oldu. İndi də, Ukraynadakı separatçıların "müstəqilliyi"ni tanıdı ki, bundan da heç nə qazanmayacaq. Sanksiyalar şiddətlənəcək, Ukrayna xalqının Rusiyaya nifrəti daha da artacaq. Daha doğrusu, nifrət artıb, zirvəyə çatıb. Rusiya Ukraynanı və Ukrayna xalqını itirmiş oldu". 

"Təsəvvür edin ki, Ukraynada bir təqaüdçü nənə özünü müdafiə bölmələrinə yazılıb ki, güllə atmağı öyrənsin. 60 yaşlı qadından soruşurlar ki, bunu nə üçün öyrənirsən? Cavab verir ki, "ruslar gəlsə, evimin pəncərəsindən atıb, bir rus əsgərini öldürərəm". Yəni ki, xalqın nifrəti elə artıb ki, təqaüdçü nənə təcavüzkar bir əsgəri öldürmək arzusundadır. Putinin siyasətinin nəticəsi budur", - deyə Əlizadə söyləyib. 

Politoloq qeyd edib ki, Putin Rusiyanı beynəlxalq aləmin qınaq hədəfinə çevirib: "Rusiyanın təhlükəsizliyi məsələsi nağıldan başqa bir şey deyil. Hər kəs bilir ki, Rusiya nüvə dövlətidir, onun təhlükəsizliyi üçün heç bir təhdid yoxdur. Rusiya üçün əsas təhlükə daxildəki səmərəsiz siyasi sistemdir, oğru siyasi hakim elitadır". 

"Burada Putin və Rusiya heç nə qazanmadı. Ukrayna öz müstəqilliyini qorumaq üçün qətiyyətini göstərir və dünya tərəfindən müdafiə olunur. Kiyevi müdafiə edənlər, Qərb dövlətləri kifayət qədər qətiyyətli olsalar, Rusiyaya yerini göstərsələr, o zaman Ukraynanın uğur qazanmaq şansı var. Yox, yenə də həmişəki kimi, nala-mıxa vursalar, qətiyyət göstərməsələr, Ukraynanın vəziyyəti ağır olacaq. Amma bu o demək deyil ki, Ukrayna məğlub olacaq, xeyr. Əminəm ki, qələbə Rusiyanın yox, Ukraynanın olacaq", - siyasi icmalçı vurğulayıb. 

"Qərb hansı addımları atmalıdır - müharibə yolu, yoxsa sanksiyalar?", - sualına cavabda isə Z.Əlizadə belə deyib: "Heç bir müharibəyə ehtiyac yoxdur. Qərb deyir ki, "biz ordu göndərməyəcəyik, NATO Rusiya ilə döyüşməyəcək". Bu, hesab edirəm ki, düzgün mövqedir. Daha ağır sanksiyalar var ki, bunlar tətbiq edilməlidir. Hər kəs bilir ki, Rusiyanın siyasi elitası da, biznes dairələri də 30 ildir ki, ölkəni qarət edib, oğurladıqları pulları Qərb dövlətlərinə daşıyıb. Londonda, Parisdə, Nyu-Yorkda və  digər yerlərdə Rusiya oliqarxlarının milyardları var. Həmin milyardları müsadirə etməyə başlamalıdırlar. Bunlar qanunsuz yolla əldə edilmiş, oğurluq pullardır. Bunu siz də, mən də, Qərb də yaxşı bilir. ABŞ-ın Maliyyə Nazirliyi, kəşfiyyat orqanları gözəl bilirlər ki, harada və nə qədər oğurluq pullar saxlanılır. Malikanələri, yaxtaları və s. haradadır. Hamısı bəllidir. Müharibə etmək yox, bu mal-mülkü müsadirə edirsən, vəssalam".

"Müsadirələr başlayanda, milyardları "batanlar" Kremlə hücum çəkəcəklər və Putini rədd edəcəklər. Çünki o adamlar üçün pul həyatın mənasıdır. Həyatın mənasını əlindən alırsansa, bunun günahkarını onlar ağır şəkildə cəzalandıracaqlar. Bununla da, məsələ bitəcək", Z.Əlizadə vurğulayıb. 

"Qərb niyə bu ağır sanksiyaları həyata keçirmir - burada da maraqlı məqam var. Qərb öyrənib ki, Rusiyadan, Latın Amerikası ölkələrində, Asiya ölkələrində xalqlardan oğurlanan pullar gəlib onların "kassalarında" yerləşdirilsin, onların iqtisadiyyatına xidmət etsin. Bu, Qərb üçün böyük bəladır. Onlar öz mənafelərindən imtina edə bilmirlər. Əks halda, Rusiyanın ağlına belə gəlməzdi ki, Ukraynaya xox gəlsin, separatçıların "dövlətini" tanısın", - deyə politoloq əlavə edib.

Z.Əlizadə müharibə ehtimalını inkar edir: "Kim istəyir ki, ölsün?! Hamı istəyir ki, dinclik olsun. Əlbəttə, lokal toqquşmalar mümkündür. Rusiya hücum etsə, Ukrayna müqavimət göstərəcək. Amma ki, dünya müharibəsi olmayacaq. Çünki bu, bəşəriyyətin sonu deməkdir". 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AYNA-ya bildirib ki, əslində gözlənilən hadisə baş vermiş oldu: "Rusiya Prezidenti Donbass separatçılarını tanıdı ki, bu, gözlənilən idi. Hesab edirəm ki, ikinci mərhələdə Rusiyanın rəsmən tanıdığı "respublikalar" Rusiyadan hərbi dəstək istəyəcək və Rusiya Ordusu Ukraynanın şərqinə daxil olacaq. Yəni ki, növbəti addım Donbassın Rusiyaya birləşdirilməsi olacaq". 

"ABŞ və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar. Kreml sahibi sanksiyalardan çəkinsəydi, 2014-cü ildə Ukraynanı parçalayıb Krımı ilhaq etməz, Donbass separatçılarına dəstək verməzdi. Sanksiyalar Putini qorxutmur, onu gələcək addımlardan çəkindirmir", - deyə analitik vurğulayıb. 

E.Şahinoğlu xatırladıb ki, ABŞ Prezidenti Co Baydenin ilk elan etdiyi sanksiya qərarı Amerika şirkətlərinə Donbassla əlaqəni qadağan etməsidir: "Putin bu cür sanksiyadan niyə qorxsun ki? Donbass böyük ərazi deyil ki, Amerika şirkətlərinin bu bölgədə fəaliyyətinə marağı olsun və ya əksinə, Donbassın özünün Amerika yatırımlarına ehtiyacı yoxdur, nə gərəkirsə Rusiyadan əldə edəcək". 

"Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbassı Rusiya ərazisi kimi tanısınlar. Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan tam asılı olmasına baxmayaraq, bu günə qədər Krımı rəsmən Rusiya ərazisi kimi tanımayıb, ilhaqdan sonra yarımadaya getməyib. İndi də Lukaşenko hadisələrin gedişatını izləyəcək".

Çinə gəlincə, E.Şahinoğlu bildirib ki, bu dövlətin özünün ərazi bütövlüyü və separatçılıq problemi var: "Məntiqlə Ukraynaya da eyni pirzmadan yanaşmalıdır. Rəsmi Pekin uyğurlara qarşı ona görə mübarizə aparır ki, Çinin bölünməsinin qarşısını alsın. Pekin eləcə də Tibeti ciddi nəzarət altında saxlayır. Çinin Tayvanla bağlı planı da var ki, adanın ona aid olduğunu iddia edir. Buna baxmayaraq, Pekin Kremlin Donbası Ukraynadan qoparmasına səssiz qalıb. Halbuki, ərazi bütövlüyü prinsipini rəhbər tutan Pekin başqa ölkələrə münasibətdə də eyni prinsipdən çıxış etməlidir. Ancaq söhbət Rusiyadan getdiyinə görə Pekin seyrçi qalıb". 

"Ukrayna və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb Rusiya əleyhinə qərar verməyə çalışırlar. Təhlükəsizlik Şurasında veto hüququna malik olan Çin buna imkan verməyəcək. Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun bildirib ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Nə danışıq? Rusiya artıq separatçıları tanıyıb və geri addım atmayacaq, bu Ukraynanın parçalanması deməkdir. Diqqəti çəkən odur ki, Çin təmsilçisi Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlə işlətməyib. Beləliklə, Qərbi ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir", - deyə analitik vurğulayıb.

"Məsələ bundadır ki, Rusiyanın iştahası getdikcə artır və bunu Kreml sahibinin dünənki çıxışından da aydın sezmək olardı. Putin əgər əvvəlki çıxışlarında SSRİ-nin xislətini çəkirdisə, dünənki geniş nitqində Rusiya imperiyasının əzəmətindən ağız dolusu danışırdı. Demək, Kreml Donbassla kifayətlənən deyil. Odur ki, Rusiya bir yolla dayandırılmasa növbədə başqa hədəflər olacaq", - deyə Mərkəz rəhbəri fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu