Putin fərqlənmək istəyir
Rusiya prezidenti Vladimir Putin hər il geniş mətbuat konfransı keçirir. Konfransa yüzlərlə jurnalist qatılır, prezident saatlarla suallara cavab verir. Kreml sahibi mətbuat konfransında sərt suallara da cavab verir. Məsələn, Ukraynanın agentliklərindən birinin jurnalistinə hər il sual verməsinə şərait yaradırlar, onun da sualları, əsasən belə olur: “İşğala nə zaman son qoyacaqsınız?”.
Putin bu kimi suallardan çəkinmir. Ukrayna Putinin sevimli mövzularındandır, suala detallı şəkildə cavab verir, Ukraynaya və Ukraynanı müdafiə edən dövlətlərə mesajını göndərir. Vladimir Putin nədən ildə bir dəfə yüzlərlə jurnalistin iştirakıyla, az qala 5 saata qədər uzanan mətbuat konfranslarına ehtiyac duyur? Bunun 3 səbəbi var.
Birincisi, Putin bu cür mətbuat konfransları ilə digər böyük ölkələrin prezidentlərindən fərqləndiyini göstərməyə çalışır. Həqiqətən dünyanın bir başqa lideri tapmaq çətindir ki, yüzlərlə jurnalistin iştirakıyla saatlarla uzanan mətbuat konfransı keçirsin və bu bir ənənəyə çevrilsin.
İkincisi, Putin bu mətbuat konfransı vasitəsi ilə heç bir mövzudan və sualdan yayınmadığını göstərməyə çalışır. Yəni Kreml sahibi ona qarşı olan dövlətlərin jurnalistlərinin ən mürəkkəb suallarına da cavab verməyə hazırdır. O, sanki sərt suallara cavab vasitəsilə özünün hazırcavablığını göstərir.
Üçüncüsü, Putin bu kimi mətbuat konfransı vasitəsiylə xarici və daxili auditoriyaya necə bilgili olduğunu göstərir. Çünki sualların daxili və xarici siyasətin bütün sahələrini əhatə edir. Rusiya prezidenti meşə təssərrüfatından tutmuş səhiyyənin spesifik sahələrinə qədər mövzularda bilgili olduğunu, müxtəlif rəqəmlər səsləndirməklə iti yaddaşa malik olduğunu göstərir.
Başqa sözlə, Putin bütün suallara cavab verməklə başqa liderlərdən fərqini ortaya qoyur. Misal üçün, şou həvəskarı olmasına baxmayaraq, Amerika prezidenti Donald Tramp yüzlərlə jurnalistin müxtəlif səpkili suallarına 4 saat ərzində cavab verməsini təsəvvür etmək çətindir. Buna baxmayaraq, Vladimir Putinin cavabları ildən-ilə təkrarlanmağa başlanıb. Yəni onun bu il verdiyi cavablar ötən il verdiyi cavablara oxşayır və bu, ildən-ilə keçir. Əgər keçmiş illərdə onun hər cavabı hadisəyə çevrilirdisə, bu il belə olmadı.