“Ankara fərqli xarici siyasət yürütməyə məcburdur”

Siyasət

10.07.2019 - 15:35

Zaur İbrahimli: “Türkiyə üçün Yaxın Şərq regionunda milli maraqların müdafiəsi və milli təhlükəsizliyə təhdidlərin qarşısının zamanında alınması əsas prioritetdir”

 

“Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi tədarük etməsi ölkənin müdafiə potensialını artırmaqla yanaşı, Ankaranın geosiyasi mövqelərinin də möhkəmlənməsinə zəmin yaradır. Bu, ilk növbədə Türkiyənin müdafiə sahəsində ABŞ və NATO-dan asılılığının azalması ilə şərtlənir”.

 

AYNA xəbər verir ki, bu fikirləri siyasi şərhçi, jurnalist Zaur İbrahimli sosial şəbəkədə paylaşıb. O bildirib ki, bu, Ankaranın qlobal miqyasda geosiyasi konfiqurasiyanı dəyişməsi, ABŞ, Avropa İttifaqı ölkələrinin geosiyasi qərarlarına adekvat cavab və reaksiya verməsi baxımından çox vacib amildir.

“Türkiyə Rusiyanın dəstəyi ilə Suriyada öz maraqlarını təmin etmək üçün müvafiq addımlar atmaq imkanı əldə edib. Moskva ilə siyasi-hərbi əməkdaşlığın inkişaf etməsi Ankara üçün özünəməxsus sığorta rolunu oynayır. Türkiyə üçün hazırda Yaxın Şərq regionunda milli maraqların müdafiəsi və milli təhlükəsizliyə təhdidlərin qarşısının zamanında alınması əsas prioritetdir. Bundan başqa, regionda fəallaşan Yunanıstan və Cənubi Kiprin ambisiyalarının neytrallaşdırılması da geosiyasi gündəlikdə durur”, - deyə o yazıb.

 

İbrahimlinin sözlərinə görə, son 4 ildə baş verən hadisələr göstərdi ki, Vaşinqtonda Yaxın Şərq siyasətini planlaşdırarkən Türkiyənin mövqeyi və təhlükəsizlik maraqlarını nəzərə almağa cəhd etmirlər: “Zaman göstərdi ki, bu, konkret siyasətçilərin mövqeyi ilə bağlı deyil və doktrina dəyişikliyindən irəli gəlir. Bu isə, artıq Türkiyəni fərqli xarici siyasət yürütməyə, geosiyasi oriyentasiyada ənənəvi yanaşmalara yenidən baxmağa vadar edir. “S-400”lərin alınması bu kontekstdə rəmzi məna da daşıyır, Türkiyə bununla Qərb tərəfdaşlarına, NATO-ya, Vaşinqtona çox güclü və aydın mesaj verdi”.

 

Ekspert “S-400”lərin alınmasının Türkiyə üçün risklər də yaratdığını qeyd edib: “Bu risklər Şərq istiqamətində Ankaranın geosiyasi imkanlarının məhdudlaşmasını ehtiva edir. Ankara Rusiyanın mövqeyini əvvəlki dövrlərlə müqayisədə daha çox nəzərə almalı və hesablaşmalı olacaq. Amma bir daha qeyd edək ki, Türkiyə üçün hazırda prioritet Yaxın Şərq regionunda öz milli maraqlarının qorunmasıdır”.

Müəllif: Ayna.az