Bir “şillə” Paşinyanı silkələdi? - Minskə “yox”, Peterburqa “hə”

Siyasət

01.12.2023 - 10:18

Deputat: “Paşinyan Rusiyadan üz döndərmək istəyir, ancaq qorxur və müəyyən manevrlər edir”

Siyasi şərhçi: “Ermənistanın Rusiyadan qopması elə də asan olmayacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Biz İrəvandan siqnal aldıq ki, Baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, MDB başçılarının qeyri-rəsmi görüşündə və Aİİ-nin rəsmi sammitində iştirak edəcək”, - deyə Uşakov bildirib.

Bundan öncə Nikol Paşinyan və Ermənistan rəsmiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməkdən imtina ediblər. Rəsmi İrəvan Ermənistana yardımla bağlı sənədin KTMT-nin gündəliyindən çıxarılmasını tələb edib. Ermənistan tərəfinin verdiyi açıqlamaya görə, KTMT-nin məsuliyyət zonasının haradan başlayıb, harada bitdiyini müəyyənləşdirmədən bu sənədin heç bir əhəmiyyəti yoxdur.

Qeyd edək ki, son dövrlər Rusiya ilə Ermənistan arasında münasibətlər yenidən pisləşib. Ukraynadan sonra Ermənistandan Rusiyaya qarşı ikinci cəbhənin açılacağı ilə bağlı iddialar, Ermənistanın siyasi rəhbərliyinin Qərbə yönəlik fəaliyyəti, KTMT-nin fəaliyyətində faktiki olaraq iştirakdan imtina etməsi, qarşılıqlı ittiham ritorikaları, habelə İrəvan və Moskva rəsmilərinin sərt açıqlamaları onsuz da kövrək olan bu münasibətləri daha da gərginləşdirib.

Paşinyanın Sankt-Peterburq səfəri, MDB dövlət başçılarının və Aİİ-nin rəsmi iclasında iştirak etməsi ikitərəfli münasibətlərin bərpasına gətirib çıxaracaqmı? Yoxsa son anda Paşinyan bu tədbirlərdə də iştirakdan imtina edəcək?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında söyləyib ki, Paşinyan ziddiyətli siyasətçidir və onun addımlarını qabaqcadan proqnozlaşdırmaq olmur: “Onun təcrübəsində bir-birini təkzib edən açıqlamalar çoxdur. Dəfələrlə bəyan edib ki, sülh sazişini imzalamağa hazırdır. Lakin sonradan öz dediklərinin əleyhinə olan fikirlər səsləndirib. Rusiyaya münasibətdə də oxşar texnologiyadan istifadə edir. Həm özü, həm də Ermənistan rəsmiləri KTMT sammitində iştirakdan imtina etdilər. Kremlin buna reaksiyası çox sərt oldu və rəsmi Moskva öz kəskin mövqeyini ortaya qoydu. Bundan sonra Paşinyanın Sankt-Peterburq şəhərində keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının rəsmi iclasında iştirak edəcəyi bəyan edildi”.

“Hesab edirəm ki, Paşinyan daxildəki hərbi, eləcə də Moskvaya bağlı siyasi qüvvələrdən ehtiyat edir. Qərbdən də dəstəyin yetərli səviyyədə olmayacağını bilir. Elə buna görə də müəyyən manevrlər edir”, - deyə deputat bildirib.

Mollazadənin fikrincə, Paşinyan Rusiyadan üz döndərmək istəyir, ancaq qorxur: “Təbii ki, onun hakimiyyətə gəlməsində Qərbin böyük xidmətləri olub. Bunun qarşılığında konkret öhdəliklər də götürüb. Hazırda həmin öhdəlikləri yerinə yetirir. Rusiyada da bunu bilirlər və dəfələrlə onun hakimiyyətdən uzaqlaşdırılmasına cəhdlər olub. Təbii ki, Paşinyanın imkanı olsaydı, çoxdan KTMT-ni, Aİİ-ni, hətta MDB-ni də tərk edərdi. Rusiya qoşunlarının da Gümrüdən çıxarılmasına nail olardı. Lakin bunun hansı nəticələrə gətirib çıxaracağını bilməmiş deyil. Düşünürəm ki, onun Sankt-Peterburqa səfəri Rusiya-Ermənistan münasibətlərinin inkişafına səbəb olmayacaq. Bu, sadəcə protokol bir səfərdir və elə də ciddi nəticəsi olmayacaq”.

Mövzunu AYNA-ya şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Murad Sadəddinov deyib ki, Paşinyan Rusiyadan imtina siyasəti yürüdür: “Onun iqtidara gəlişindən sonra Ermənistan-Rusiya münasibətləri kifayət qədər gərginləşdi. Uzun müddət idi ki, Ermənistanda Rusiyaya bağlı qüvvələr iqtidarda idi. Yəni, bu ölkə Rusiyadan gələn sifarişləri qeyd-şərtsiz icra edirdi. Bu gün də Ermənistanın hərbi-siyasi rəhbərliyində Rusiyaya bağlı qüvvələr yer alır. Ermənistan hakimiyyətində ikitirəlik hökm sürür”.

“Digər yandan Ermənistan Rusiyadan ciddi iqtisadi asılılığı olan bir dövlətdir. Paşinyanın və dövlət rəsmilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirakdan imtina etməsindən sonra Rusiya Ermənistana qarşı iqtisadi təzyiqləri artırdı. Bundan sonra Ermənistan geri çəkildi və həm MDB-nin, həm də Aİİ-nin Sankt-Peterburqda keçiriləcək sammitlərində iştirak edəcəyini bəyan etdi. Təsəvvür edin ki, kiçik bir təzyiq nəticəsində geri çəkildilər. Bütün bunlar göstərir ki, Ermənistanın Rusiyadan qopması elə də asan olmayacaq”, - deyə müsahibimiz vurğulayıb.

Sadəddinov hesab edir ki, Ermənistan kimi dövlətlər yalnız ABŞ və Qərbin qəti və birmənalı dəstəyi nəticəsində Rusiyadan uzaqlaşa bilər: “Düzdür, müəyyən dəstək mövcuddur. ABŞ, Fransa Ermənistana dəstəyini ifadə edir. Amma bu dəstək Ukraynaya da var, Moldovaya da. Lakin heç birində yetərli səviyyədə deyil. Ermənistana dəstək də yetərli səviyyədə olmayacaq. Belə bir şəraitdə Ermənistanın Rusiyaya qarşı çıxması, güc nümayiş etdirməsi mümkün olmayacaq. Ara-sıra müəyyən təzyiqlər edib, geri çəkiləcəklər”.

Müəllif: Azər Niftiyev