Reyhan Yusifqızı Şıxlinskaya: “Reallıq nə qədər acı, hətta qəddar olsa da, onu uşağa göstərməyin bir formulu var”
Bu gün azərbaycanlı yazıçı, uşaqlar üçün elmi-kütləvi, bədii, fantastik əsərlərin müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı Şıxlinskayanın doğum günüdür. AYNA yazıçının özəl günündə müasir uşaq ədəbiyyatımızın bu günü haqda qısa həmsöhbət olub.
- Əvvəlcə özünüz haqda. Riyaziyyatçı və yazıçı: Siz daha çox kimsiniz?
- Elə noyabr ayında, yağışlı bir gündə doğulmuşam. Atam riyaziyyatçı, anam rus dili və ədəbiyyatı müəllimi idi. İlk müəllimlərim də elə valideynlərim olub. Düşünürəm ki, daha çox riyaziyyatçıyam. Riyaziyyatın yeni sahələrini, texnologiyalarla bağlı nəzəriyyələri tədris edirəm. Yüzlərlə, minlərlə tələbə qarşısnda mühazirələr oxumuşam.
Və… ixtisasım bədii yaradıcılığıma bilavasitə təsir edir. Elmi-kütləvi kitablar, elmi-fantastika janrında əsərlər yazmaq üçün kifayət qədər bilik bazamın olmasından istifadə edirəm. Həm uşaqlar, həm də gənclər üçün ən müxtəlif mövzularda və janrlarda əsərlərim var.
- Azərbaycan ədəbiyyatı bu gün: nə yazırıq, nədən yazırıq və necə yazırıq?
- Ədəbiyyatımız bu gün yeni inkişaf mərhələsinə daxil olub. Hər şeydən yazırıq, bütün imkanlarımızdan - mütaliə dairəmizin, intellektual səviyyəmizin verdiyi imkanlardan istifadə edərək yazırıq. Mütaliəmiz nə qədər geniş, dünyagörüşümüz, biliklərimiz nə qədər dərindirsə, yazdıqlarımız da o qədər dəyərlidir. Əlbəttə, buraya yazıçının xəyal gücü, nəqletmək qabiliyyəti, dili əlavə olunur.
- Sizin qələminiz uşaqları göstərir bizə, onları sevdirir və sevindirir. Bəs, böyükləri uşaqlara necə göstərir qələminiz?
- Maraqlı sualdır. Mən uşağın başını aldatmamağın, real həyatı ona olduğu kimi göstərməyin tərəfdarıyam. Reallıq nə qədər acı, hətta bəzən qəddar olsa da, onu uşağa göstərməyin bir formulu var. Əlbəttə, yaş qrupu hökmən nəzərə alınmalıdır, uşağı qorxutmaq, diksindirmək qətiyyən olmaz. Amma müasir dövrdə istənilən informasiyanın - müharibələr, zorakılıqlar daxil olmaqla - əlçatan olduğu bir vaxtda uşağı bunlardan xəbərsiz, çəhrayı dünyada böyütmək nə dərəcədə doğrudur? O bilməlidir ki, pis əmilər və pis əməllər də var. “Qapı arxasında o” kitabında mən məhz bunu eləməyə çalışmışam: böyükləri özlərinə uşaqların gözü ilə göstərmişəm.
- Sizcə, bu gün məmləkətdə kimin daha çox oxumasına ehtiyac var: uşaqların, yoxsa "saqqallı uşaqların"?
- Kitab oxumağa ehtiyac hamı üçün var. Müntəzəm mütaliə etməyi həyat tərzinə çevirməliyik. Uşaq lap körpəlikdən kitablarla dost olmalıdır. Əgər belə olmayıbsa, oxumağa başlamaq heç vaxt gec deyil. 40, 50 yaşından sonra mütailəyə başlayan adamlar tanıyıram. Deyirlər, nə yaxşı ki, bu aləmi özümüz üçün kəşf etdik. Əlbəttə, oxumadan da yaşamaq olar. Televizor, telefon olmayanda da həyat vardı, amma bunlar kəşf olunanadan sonra həyatın keyfiyyəti dəyişdi. Eləcə də, oxuduqca, sən başqa adam olursan – daha keyfiyyətli, daha maraqlı. Oxumaq üçün kitabları düzgün seçmək şərti ilə...
- Uşaq ədəbiyyatının enişli-yoxuşlu yollarında dünya ilə ayaqlaşa bilirikmi: biz balalara nə təqdim edirik, onlar nə təqdim edir?
- Cəsarətlə deyirəm: ayaqlaşa bilirik! Bu gün uşaq ədəbiyyatımızın layiqli nümunələri kifayət qədər var, yazılmaqda davam edir. Geridə qaldığımız məqam isə bu nümunələri tapıb üzə çıxarmaq, təbliğ etmək, buktreylerlər çəkmək, başqa dillərə tərcümə etməkdir. Biz balalara həyatın cürbəcür modellərini göstərir, onları həm əyləndirir, həm öyrədirik. Bu gün dünyada tanınmış əsərləri, uşaq ədəbiyyatı nümunələrini oxumaq, qiymətləndirmək, müqayisə etmək imkanı var. Mütəxəssislərin araşdırmalarını gözləyirik…