Başqa seçim qalmadı: “Təcili Laçın yolunda postlar qurulmalı və...”

Aktual

07.03.2023 - 10:15

“Bundan sonra Azərbaycan iki istiqamətdə hərəkətə keçəcək” – Mərkəz rəhbəri

Ermənistan ordusunun bölmələri və Qarabağdakı qondarma qurumun qeyri-qanuni silahlı birləşmələrinin təxribatları davam etməkdədir. Martın 5-i günorta saatlarında Azərbaycan Ordusunun hərbçiləri Xankəndi-Xəlfəli-Turşsu yolunda erməni separatçı ünsürlərinin silah-sursat daşıdığını müəyyənləşdirib və bunun qarşısını almaq istəyib. Bu zaman terrorçular hərbçilərimizə atəş açıblar. Ordumuzun iki hərbi qulluqçusu qəhrəmancasına şəhid olub. Bir neçə terrorçu ünsür məhv edilib.

Ermənilər təxribatlarını bundan sonra da davam etdiriblər. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.

“Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Ekspertlər hesab edirlər ki, Qarabağda vəziyyətin gərginləşməsi təəccüblü deyil, çünki hələ də sərhədlər müəyyənləşməyib, erməni silahlı terrorçuları ərazilərimizdən çıxarılmayıb.

Baş verənləri AYNA-ya müsahibəsində təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, hərbi toqquşmanın olacağı gözlənilən idi:

- Düzdür, bi neçə gün əvvəl Qarabağdakı ermənilərlə Azərbaycan rəsmisi arasında görüş oldu. Bəlli idi ki, bu görüş nəyisə həll etməyəcək. Çünki erməni separatizminin nə olduğunu bilirik. Terrorçular Rusiya hərbçilərinin gözü qarşısında silah-sursat daşıyırlar. Bu, vəziyyəti dözülməz edirdi. Laçın yolunda fəalların aksiyası davam edir, amma o yolda da tam təminatımız yoxdur ki, sülhməramlıların avtomobilində silah-sursat daşınır, ya yox. Düzdür, aksiya ərazisindən silah-sursat daşımağa bir qədər ehtiyat edərlər. Amma biz görürük ki, başqa yollar da var. Çığırlar var ki, o cığırlardan istifadə edirlər.

Azərbaycan Silahlı Qüvvələrində komando birləşmələri yaradılır. Bunun məqsədi həm də odur ki, Qarabağda separatizmin kökünü kəsək, onların ərazilərimizə silah-sursat daşımasının qarşısını alaq. Bunu ermənilər dərk etməli idilər. Düşünürəm ki, bundan sonra Azərbaycan iki istiqamətdə fəaliyyətini genişləndirəcək.

- Söhbət hansı istiqamətlərdən gedir?

- Birinci istiqamət Laçın yolunun qurtaracağında artıq sərhəd və gömrük postunun yaradılmasıdır. İkinci istiqamət isə separatçıların fəaliyyət imkanlarını məhdudlaşdırmaq, silah-sursat təminatına imkan verməməkdir. Bu istiqamətdə ünvanlı antiterror əməliyyatları keçirilə bilər.

İnsidentlə bağlı həm Azərbaycan Müdafiə Nazirliyinin, həm də Xarici İşlər Nazirliyinin bəyanatında eyni cümlə əksini tapmışdı: “Bu təxribat Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını aktuallaşdırır, labüd edir”. Daha sonra Ombudsmanın açıqlamasında da bu cümlə yer alırdı. Bunlardan belə qənaətə gəlmək olar ki, artıq buraxılış məntəqəsi və separatçıların tərksilah edilməsi ilə bağlı yüksək səviyyədə qərar verilib.

Üstəlik, Prezident İlham Əliyev Münhendə bildirmişdi ki, Blinkenin vasitəçiliyi ilə Paşinyanla görüşdə təklif edib ki, sərhəddə postlar yaradılsın. Mənə elə gəlir ki, son insident bu prosesi sürətləndirəcək.

- Sizcə, nəzarət-buraxılış məntəqəsinin yaradılması asanlıqla həll olunacaqmı? Çünki ərazidə sülhməramlı adı altında hərbi qüvvələri olan Rusiya postların yaradılmasında maraqlı olmadığını Lavrovun dili ilə səsləndirdi...

- Əlbəttə ki, asan olmayacaq. Çünki postların qurulması üçün həm hərbi-texniki məsələlər həll olunmalıdır, həm də postları elə qurmalıyıq ki, Rusiya hərbi kontingenti ilə toqquşmayaq. Ermənilərin əsas məqsədlərindən biri də odur ki, biz ruslarla toqquşaq.

Bütün hallarda isə Şuşa kimi istehkam şəhərini azad edən Azərbaycan öz postlarının qurulmasının da öhdəsindən gələcək. Yaxın günlərdə bu prosesə başlamalıyıq. Azərbaycanın başqa yolu yoxdur, ərazisindəki separatizmin fəaliyyət imkanlarını məhdudlaşdırmalıdır. Yolları bağlamaq lazımdır ki, Qarabağdakı separatçılara silah-sursat yetişməsin, gizli yollardan istifadə edə bilməsinlər.

İndi ermənilər hay-həşir salıblar ki, guya silah daşımırlarmış. Bu, kökündən yalandır. O zaman Azərbaycan hərbçilərinə niyə atəş açıblar? Gizli bir fəaliyyət yoxdursa, o zaman maşının yoxlanmasına şərait yarada bilərdilər. Bu zaman insident də baş verməzdi. Bizi elə məsələlərdə ittiham etməyə çalışırlar ki, gülməlidir. Ərazi bizim, yol bizim, sərhəd bizim, ittiham olunan da biz.

Hər kəs bilməlidir ki, Azərbaycan hərbçilərinin yolları nəzarətdə saxlamaq vəzifəsidir. Yenə deyirəm, məncə, qərar verilib və yaxın müddətdə sərhəd buraxılış məntəqəsi məsələsi həll ediləcək. Azərbaycanın sərhəd və gömrük postlarını qurmaqdan başqa alternativ variantı yoxdur.

- Rusiyanın bu təxribatlara reaksiyası necə olacaq?

- Sirr deyil ki, separatçıları himayə edən Rusiyadır. Bu təxribatların yaranmasına rəvac verən, separatçılara “qorxma-qorxma” deyən, silah-sursatın daşınmasına göz yuman məhz Rusiya hərbi kontingentidir. Ötən həftə Rusiyanın XİN başçısı Sergey Lavrov Bakıya gəldi, bəyanatlar verdi. Buradan İrəvana səfər etmədi. Bəzilərində fikir yarandı ki, Rusiya bununla Ermənistanı cəzalandırmış oldu. Amma sonra baş verənlərə nəzər salaq. Lavrov Bakı səfərindən sonra Hindistandakı G20 toplantısına qatıldı və “təsadüfən” orada hansısa tədbirdə iştirak edən Ermənistanın XİN başçısı Ararat Mirzoyanı tapdı, görüşdü. Görüşdə nədən danışdılar, nələri müzakirə etdilər, bu barədə dolğun açıqlama verilmədi.

Nəzərə almaq Lazımdır ki, Rusiyanın siyasətindən heç zaman xeyir görməmişik. Moskvanın Paşinyan hakimiyyətindən xoşu gəlməsə də, təxribatçı siyasətini davam etdirir. Qarabağdakı son insidentin səbəbkarlarından biri də Rusiyadır. Çünki separatçılar 3 ildir ki, tərksilah edilməyib, Üçtərəfli Birgə Bəyanatdan irəli gələn məsələlər həll olunmayıb.

Rusiya separatçıları tərksilah etmirsə, Azərbaycan bunu həyata keçirməlidir. Anlamaq lazımdır ki, Rusiya separatizmin kökünün kəsilməsində maraqlı deyil, çünki Rusiyaya bu münaqişə lazımdır. Bu münaqişə vasitəsilə Rusiya həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını saxlayır. Hesab edirəm ki, bu təsir imkanlarını Rusiyanın əlindən almalıyıq. Düzdür, iki ildən sonra sülhməramlıların bölgədə qalma müddəti bitir. Amma bu iki il müddətində biz onlarla təxribatla üzləşəcəyik. Ona görə də yenə deyirəm, postların quraşdırılması ilə bağlı Bakı qərar veribsə, bunu sürətlə həyata keçirməliyik.

- Məlumdur ki, son təxribat Laçın yolunda yox, o qədər də işlək olmayan yolda baş verib. Təkcə Laçın yolunda postların quraşdırılması ilə problem həllini tapacaqmı?

- Laçın yolunda sərhəd və gömrük postunun qurulması işin bir hissəsidir. Əlbəttə ki, fəqli yolları da Azərbaycan nəzarətə götürməlidir. Tutaq ki, laçın yolunu tam nəzarətə götürdük, postlar da yaratdıq. Bu zaman erməni separatçıları çalışacaqlar ki, gizli yollarla silah-sursat keçirsinlər. Hesab edirəm ki, bütün yollar nəzarətə götürülməlidir. Düzdür, bu, asan deyil, müxtəlif dağ yolları, cığırlar var ki, oralardan istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, sərhəd bir yol üzərindən deyil, bütün sərhədin tamamı nəzarətə götürülməlidir. Cığırlar, dağ yollarına isə Azərbaycan hərbçilərinin nəzarəti var. Ermənilər anlamalıdırlar ki, keçid sadəcə Laçın yolundandır, kənar yoldan şübhəli yükdaşıma, silah-sursat daşıma hallarının qarşısı qətiyyətlə alınacaq. Uzaq məsafədən də olsa, kənar yollardakı hərəkətliliyi neytrallaşdırmalıyıq. Xəbərdarlıq edilməlidir ki, bütün maşınlar Laçın yolundan keçməlidir, əgər gizli yollarla Azərbaycan sərhədləri pozulacaqsa, oradan keçən maşınlar zərərsizləşdiriləcək. Bunu bütün dünyaya elan etməliyik.

Müəllif: Anar Bayramoğlu