“Azərbaycanda vaksin istehsalı mümkün görünmür”
Koronavirusa qarşı vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür. AYNA APA-ya istinadən bildirir ki, bu barədə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Qarayeva qeyd edib ki, xaricdən vaksin almaq iki formada ola bilər.
“Söhbət istehsalçı şirkətlərlə ikitərəfli danışıqlar və çoxtərəfli platforma əsasında vaksin almaqdan gedir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Biz burada istehsalçı şirkətlərlə birbaşa danışıqlara getmirik. Ancaq bunun mənfi cəhəti odur ki, vaksin seçimi imkanı verilmir. Ancaq ölkələrə təklif edilən vaksinlər üçüncü kliniki fazanı keçmiş vaksinlər olacaq. Biz bu halda əhalinin 20 faizini əhatə edəcək vaksinlər sifariş edə bilərik”, - deyə TƏBİB rəsmisi vurğulayıb.
Y.Qarayeva bildirib ki, istehsalçı şirkətlə ikitərəfli danışıqlarda alışda sərfəli şərtlərə nail olmaq mümkün olsa da, bunun da mənfi cəhəti var: “Burada məsuliyyət bizim öz üzərimizdə qalır. Biz istehsalçı şirkətlərlə danışıqlar da aparırıq. Biz üçüncü klinik mərhələdə olan peyvənd istehsalçısı şirkətlərlə danışıqlar aparırıq. İstehsalçı şirkətlərdən texniki tələbləri də artıq almışıq”.