Hikmət Hacıyev: “Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlər, “Smerç”dən istifadə edir”
Azərbaycan Hərbi-İnformasiya Mərkəzinin cəbhədəki son vəziyyətlə bağlı brifinqi keçirilib. AYNA-nın xəbərinə görə, brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı
məlumat verib.
Prezidentin köməkçisi bildirib ki, düşmən hazırda atəşkəsi kobud şəkildə pozur: “Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlər, “Smerç”dən istifadə edir. Bununla Ermənistan münaqişəni daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri atəşə tutur. Eyni zamanda, onlar Ermənistan ərazisindən də Azərbaycanın şəhərlərini atəşə tuturlar”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan mülki əhalisinin təhlükəsizliyini təmin edir: “Bu addım beynəlxalq qanunlara uyğundur. Bildiyiniz kimi, beynəlxalq qanunlara əsasən, təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq hüququna malikik”.