ANAMA döyüş bölgəsində yaşayan sakinlərə müraciət edib

Aktual

28.09.2020 - 18:57

Ehtiram Cəfərov: “Heç bir əşyaya toxunmasınlar, uşaqları yaxına buraxmasınlar”

 

“Qoşunların qarşıdurma xətti boyunca yerləşən yaşayış məntəqələrində yaşayan yerli sakinlər qarşılaşdıqları naməlum əşyalara toxunmamalı, xüsusilə uşaqlarını hərbi sursatlardan kənar saxlamalıdır”.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov deyib. 

 

O bildirib ki, ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur: “Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Atəşkəsdən sonra həmin ərazilər ANAMA-nın əməliyyat qrupları tərəfindən tam təmizlənəcək. Sakinlərə tövsiyə edirik ki, evlərinə qayıtdıqdan sonra gördükləri əşyalar və sursatlar barədə dərhal “102”, “113” xidmətlərinə, yaxud da ANAMA-ya məlumat versinlər. Heç bir əşyaya toxunmasınlar, uşaqları yaxına buraxmasınlar”.

Müəllif: Ayna.az