“Bakının passivliyi erməni nasizminə yeni nəfəslik verdi” - KUZNETSOV

Aktual

25.01.2022 - 19:20

Rusiyada Qaregin Njdenin təsviri olan şevron satışa çıxarılıb

Rusiyanın erməni diasporu alman nasistlərinin əlaltısı Qaregin Njdeni şöhrətləndirmək cəhdlərindən əl çəkmir. İş o yerə çatıb ki, malların seçimi və alışı xidmətində “Yandex”ə məxsus “Yandex.Market”də Njde təsviri olan şevron 333 rus rublu dəyərində satışa çıxarılıb. Bu faktor Azərbaycanın səyləri sayəsində Rusiyanın geniş ictimaiyyəti İkinci Dünya müharibəsi zamanı Njdenin gördüyü işlərdən xəbər tutduqdan sonra da baş verməkdə davam edir.

Bu faktı AYNA-ya şərh edən rusiyalı tarixçi, politoloq və hüquqşünas Oleq Kuznetsov deyib ki, erməni nasizminin əsas ideoloqu Qaregin Njdenin yenidən ən azı erməni diasporu tərəfindən milli qəhrəmana və erməni siyasi elitaların şüurunun hakiminə çevrilməsi onun üçün təəccüblü deyil: “Mən bunu onunla izah edirəm ki, Prezident İlham Əliyevin 2018-ci ilin avqustunda Aşqabadda MDB dövlət başçılarının görüşündə çıxışından sonar Azərbaycan erməni nasizminə qarşı mübarizədə həmişə lider olub və bu məsələdə Rusiya Federasiyasında həmişə özünə dəstək tapıb. Yada salmaq kifayətdir ki, 2019-cu ildə Rusiya FTX-nin Omsk arxivi Njdenin nasist Almaniyasının xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məhkum edilməsinə dair sənədləri dərc etmək üçün təhvil verib. Bu sənədlər məxfilikdən çıxarıldı, daha sonra Azərbaycan və Rusiya mətbuatında dərc olundu və bu, Njdenin nasist cinayətkarı olduğunu və Ermənistanda onun şəxsiyyətinin bütləşdirilməsinin bir növ nasizmin tərənnümü olduğunu tam əminliklə təsdiq etməyə sənədləşdirilmiş əsas verdi. Nasizmin  tərənnümü isə BMT Baş Assambleyasının çoxsaylı qətnamələri ilə qadağan edilir”.

“Sizə xatırlatmağa cəsarət edirəm ki, 2019-cu ilin dekabrında Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin təzyiqi və Rusiya Baş Prokurorluğunun təşəbbüsü ilə Krasnodar diyarının Armavir şəhərində Njdenin xatirə lövhəsi sökülüb. 2012-ci ildə qurulan və yeddi il ərzində Erməni Qriqorian Kilsəsinə tabe olan Svyatopreuspenski Müqəddəs Kilsəsinin ərazisindəki lövhə  nəinki Rusiyanın erməni diasporu arasında erməni nasizmi ideologiyasının təntənəsini simvolizə edirdi, həm də Rusiyanın erməni və azərbaycanlı diasporları arasında nifaq mənbəyi idi. Sonda bu xatirə lövhəsi söküldü ki, bu da bir daha aydın şəkildə göstərir ki, Rusiya Federasiyası erməni nasizminə qarşı mübarizədə Azərbaycanın istəklərini həmişə dəstəkləyib, rəsmi Bakını bu işdə flaqman hesab edib”, - deyə həmsöhbətimiz bildirib.

Əlavə edib ki, 2020-ci il Qarabağ müharibəsi şəraitində bu fəaliyyət dayanan kimi, həmin ideyaların əsas generatoru kənara çəkildiyindən bu təşəbbüslərə dəstək də dayandırılıb: “Demək lazımdır ki, bu məsələdə çox ciddi nəzəri irəliləyişlər olub ki, bu da erməni nasizminə qarşı ciddi, hətta beynəlxalq olmasa da, dövlətlərarası proqramın əsasını təşkil edə bilər. 2020-ci ildə Moskvada “Ermənistanda nasizmi tərənnüm edən dövlət siyasəti: siyasi-hüquqi və tarixi-fəlsəfi təhlil” adlı monoqrafiyam rus və ingilis dillərində nəşr olunub və orada bu mövzu kifayət qədər ətraflı təhlil edilib. Baxmayaraq ki, bu mövzuda iş davam edərsə, əhəmiyyətli dərəcədə genişləndirilə və daha çox intellektual çəkiyə malik olan faktiki materiallar hələ də var”.

“Lakin obyektiv səbəblərdən bu hadisə baş vermədi və 10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyannamənin imzalanmasından sonra və indiyədək bir ildən çox davam edən fasilə bir növ erməni siyasi fikrinə möhlət verən mənəvi-psixoloji vəziyyətə çevrildi. Bu, ermənilərə 2020-ci il müharibəsində məğlubiyyət şokunu dəf etmək, qisas almaq və geri qaytarmaq üçün Njdenin şəxsiyyəti və onun "tseqakron" ideologiyası baxımından siyasi ritorikanın ən radikal mövzularına səfərbər olmaq, yenidən təşkilatlanmaq və onların əsasında müharibədən əvvəlki vəziyyətə qayıtmaq imkanı verdi. Əslində, 2020-ci il hərbi qələbəsindən sonra gələn erməni nasizmi ideologiyasının beynəlxalq təqibinin təşkili məsələsində rəsmi Bakının passivliyi ucbatından erməni millətçi radikalizminə baş qaldırmağa imkan verdiyini və nəticədə bu problemin artıq 2018-ci ildə olduğu kimi aktual olduğunu söyləmək olar. Və bununla bağlı nəsə etmək lazımdır. Yəni, 2020-ci ilin payızının sonlarında Azərbaycanın əldən verdiyi bu məsələyə yenidən informasiya siyasi-diplomatik müstəvidə mütəşəkkil sistemli fəaliyətə qayıtmaq lazımdır”, - deyə Kuznetsov fikrini yekunlaşdırıb.

Müəllif: Asif Aydınlı