Media purizmi: əsaslara qayıtmağın vaxtıdır

Elçin Şıxlı

10.05.2025 - 13:05

Həkimlər Klinikalar SEO Xidməti

İnformasiya fırtınası

Son illərdə Azərbaycan mediası dənizdə fırtınaya düşmüş gəmini xatırladır: hay-küy, çaşqınlıq, mənasız vurnuxma. Hər gün yeni saytlar, kanallar və portallar yaranır. Amma bütün bu səthi fəallığın fonunda informasiya keyfiyyəti aşağı düşür, ciddi auditoriya isə getdikcə daha çox çaşqınlıq içində qalır.

Mənasız hay-küy

Səbəb aydındır — çəki-düzən yoxdur. Hər kəsin jurnalist, hər portal sahibinin redaktor sayıldığı bir mühitdə peşəkarlıq uduzur. Nəticədə təkrarlanan xəbərlər, səthi analizlər, ucuz başlıqlar və ictimai fikrə təsir etmə gücünün itirilməsi ilə qarşı-qarşıyayıq.

İnformasiya asılılığı

Oxucu çaşır və getdikcə xarici mənbələrə üz tutur. Bu isə sadəcə mədəni deyil, strateji itkiyə çevrilir. Çünki bu mənbələrin məqsəd və məramları bir çox halda ölkənin maraqları ilə üst-üstə düşmür. Bu isə milli təhlükəsizliyə təhdid yaradır.

Media purizmi – strategiya kimi

Etiraf etməliyik: biz keyfiyyəti unudub kəmiyyətin arxasınca qaçırıq. Media purizmi — informasiya sahəsinin təsadüfi adamlardan təmizlənməsi, peşəkarlığa, nüfuza və sistemli işə üstünlük verilməsidir.

Burada senzura deyil, standartlar nəzərdə tutulur.

Etimadı yalnız keyfiyyət bərpa edə bilər.

Redaksiyalarda institutlaşma, peşəkar jurnalistlərin təcrübə ötürməsi, komanda ruhu formalaşmalıdır.

Dünya necə edir

İnkişaf etmiş ölkələr anlayıblar ki, informasiya müstəqilliyi yalnız güclü, strukturlu və peşəkar media ilə mümkündür. Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya keyfiyyətə, nüfuza sərmayə qoyur. Türkiyə və Çin bu siyasəti mədəni kod və təsir üzərində qurur. Bizim də seçim etməyimizin vaxtıdır.

Oxucunu qaytarmaq — etimadı qaytarmaqdır

Sosial şəbəkələrlə onların dili ilə danışmaq, yəni oradakı səthi və ucuz kontent səviyyəsinə enmək olmaz. Bu, heç mümkün də deyil. Əksinə, media oxucuya sosial şəbəkələrin verə bilmədiyini təqdim etməlidir: dərinlik, dürüstlük, fikir aydınlığı, intellektə hörmət və əsl məzmun. Ancaq bu yolla oxucunu geri qaytarmaq olar. Yalnız bu təqdirdə mediaya ayrılan vəsait səs-küyə yox, cəmiyyətin güclənməsinə xidmət edəcək.

Epiloq

Bu gün Azərbaycan mediası seçim qarşısındadır: ya təsadüfi platformaların çoxalması ilə zaman, pul və beyinlər itiriləcək, ya da sistem qurulacaq, meydan təmizlənəcək və sanballı, cəmiyyətin etibar edəcəyi demokratik və dürüst media formalaşacaq.

Müəllif: Elçin Şıxlı

Pin up casino Pin-up casino giriş