“Dünyanı Ermənistanın şərəfsiz əməllərini pisləməyə çağırırıq”

Aktual

11.10.2020 - 13:49

Hikmət Hacıyev:  “Ermənistanın törətdiyi bu genosid aktı Xocalı hadisələrindən başlayır”

 

“Ermənistan yalvarışlar edərək humanitar əsaslarla atəşkəs istədi. Lakin daha sonra insanlıq əleyhinə olan bu cinayəti törətdi. Humanitar atəşkəsin ardından “Toçka U” raket sistemindən istifadə edərək insanların sıx yaşadığı Gəncə şəhərini atəşə tutub”. AYNA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

 

Prezidentin köməkçisi xatırladıb ki, hadisə nəticəsində 9 nəfər mülki şəxs həlak olub: “30-dan artıq mülki şəxs ağır yaralanıb. Ermənistanın törətdiyi bu genosid aktı Xocalı hadisələrindən başlayır. Biz bütün dünya ictimaiyyətini Ermənistanın bu çirkin, mənəviyyatsız, şərəfsiz əməllərini pisləməyə çağırırıq”.

 

 “Bu dəqiqə biz bütün mümkün şərtləri dəyərləndirməyə çalışırıq. Azərbaycan hələ ki, humanitar atəşkəs rejimi ilə bağlı qəbul edilən birgə bəyanatın prinsiplərinə əməl etməyə çalışır. Bu dəqiqə tərəfimizdən ümumi vəziyyətin dəyərləndirilməsi istiqamətində tədbirlər görülür”, - deyə Hacıyev qeyd edib.

Müəllif: Ayna.az