Hikmət Hacıyev: “Ekoloji terror əməllərinin də qarşısı alınmalıdır”
“Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdırlar. Bu gün Kəlbəcəri tərk edən ermənilər mülki obyektləri yandırır. Ortada barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Təbii ki, ekoloji terror əməllərinin qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanuni xarakter daşıyır”.
AYNA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, ermənilər həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur: “Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar var. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur”.