“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur”

Aktual

28.11.2020 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Səməd Vəkilov: “Rəsmi Bakının indiyədək atdığı bütün addımlar beynəlxalq hüquqa uyğundur”

 

Noyabrın 23-də Azərbaycandaki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Füzuli şəhərinə ziyarət ediblər. Avropa İttifaqının (Aİ) Azərbaycandaki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas yerli mətbuata müsahibəsində, yol boyu dağıntıları müşahidə etdikcə sülhlə müharibə arasında fərqin nə olduğunu gördüyünü bildirib.

 

“Şərhə ehtiyac yoxdur. Ona görə çoxumuz susuruq və sadəcə baxırıq. Vəziyyət göz qabağındadır. Avropa ölkələri həmişə sülh mövqeyindən çıxış edib. Aİ öz-özlüyündə sülh layihəsidir. İttifaq təkidlə dağıntıların, zorakılıqların əleyhinə olduğunu bildirir. Burada gördüklərimiz isə müharibənin dəhşətidir. Bunların bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”, -deyə Yankauskas vurğulayıb.

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandaki hərbi attaşesi Teri Hemrik də ermənilərin vandalizm əməllərinə görə məyus olduğunu deyib: “Düşünürük ki, münaqişəyə son qoymaq üçün hər iki ölkənin danışıqlara getməsi vacibdir. Düşmənçiliyin sona çatdığını görməkdən məmnunuq. İstənilən ölüm halı pisdir və yanlışdır. Ümid edirik ki, Minsk Qrupu hər iki ölkə üçün burada daimi ola biləcək bir mexanizm təsis edəcək”.

 

Lakin ermənilərin törətdiyi əməlləri şərh etməkdən yayınanlar da olub. Belə ki, fransalı attaşe polkovnik-leytenant Flavien Lane jurnalistlərin sualları qarşısında susmaqla həm ermənilərin vəhşiliklərini təsdiqləyib, həm də ölkəsinin qərəzli mövqeyini bir daha nümayiş etdirib.

 

Maraqlısı isə budur ki, istər Avropa İttifaqı nümayəndəsinin erməni vandalizminə sadəcə müharibə donu geyindirməklə erməni vəhşiliyini şəxsən vurğulamaması, istər ABŞ hərbi attaşesinin fürsətdən istifadə edərək münaqişənin həllində ölkəsinin həmsədr olduğu Minsk Qrupunu önə çıxarması, istərsə də erməni vəhşiliyinə tamamilə göz yuman fransalı hərbi nümayəndənin mövqeyi bir sual doğurur: Erməni vandalizmini beynəlxalq miqyasda sübuta yetirməyə çalışdığımız halda, elə beynəlxalq ictimaiyyət nümayəndələrinin birmənalı olmayan mövqeləri nəyə işarədir? Yaxud, bu müəmmalı mövqe və susqunluq erməni vandallığı üçün tələb etdiymiz kompensasiyanın ödənilməməsi üçün ilkin ismarıcdırmı? Ümumiyyətlə, bu sükut və qeyri-müəyyən mövqe Azərbaycan üçün nə vəd edir?

 

Mövzunu AYNA-ya şərh edən Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov xatırladıb ki, Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilib: “Azərbaycan BMT-yə daxil olarkən, hansı ərazidə yerləşməsi xəritə ilə təşkilata təqdim edilib. Bu xəritədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinin, o cümlədən hazırda işğaldan azad edilmiş ərazilərin Azərbaycan Respublikasının tərkib hissəsi olması həm beynəlxalq birlik tərəfindən, həm də bütün beynəlxalq təşkilatlar tərəfindən öz təsdiqini tapıb. Yəni, bu ərazilərin Azərbaycana məxsus olması heç bir şübhə doğurmayıb və doğurmur da. Üstəlik, Dağlıq Qarabağ ətarfında yerləşən ərazilərin də işğal edilməsi faktı ilə əlaqədar olaraq BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələrdə Ermənistan işğalçı dövlət kimi müəyyən olunub. Bu da beynəlxalq birlik tərəfindən sözügedən ərazilərin kimə aid olması ilə bağlı mübahisə doğurmayan bir məsələdir”.

Səməd Vəkilov Baş Prokurora müraciət etdi | Yer&Insan

“Təbii ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə də, hər bir dövlət öz ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə tədbirləri görə, həmçinin ərazisini işğaldan azad edə bilər ki, bu da Azərbaycanın mövqeyini tamamilə təsdiqləyən hüquqi bir aktdır. Azərbaycanın da, beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək, həyata keçirdiyi işğaldan azadetmə əməliyyatı, o cümlədən beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl edərək əks-həmlə əməliyyatını həyata keçirməsi, hərbi vəziyyətin elan olunması və bununla bağlı beynəlxalq birliyi məlumatlandırması, tamammilə beynəlxalq birliyin prinsiplərinə uyğun həyata keçirilib”, - deyə hüquqşünas vurğulayıb.

 

Müsahibimiz Azərbaycana dəvət olunmuş beynəlxalq nümayəndələrinin mövqelərini belə dəyərləndirib: “Hərbi attaşelər, beynəlxalq jurnalistlər, beynəlxalq təşkilatlar və bunların tərkibində Fransa başda olmaqla, yer alan bəzi nümayəndələrdən elə bu qərəzli mövqeyi gözləmək olardı. Hətta, onlar bu məsələlərə qeyri-adekvat münasibət sərgiləsəydilər, normal hesab edilməzdi. Çünki, Fransa 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olsa da, münaqişənin həlli ilə bağlı heç bir əməli addım atmayıb. Minsk qrupunun həmsədrləri üçün müəyyən olunmuş əsas prinsip tərəfsizliyin qorunub saxlanılması olduğu halda, Fransa hər zaman Ermənistanın tərəfini saxlayıb və özünün beynəlxalq missiyasına kölgə salıb. Ona görə də onların nümayəndəsindən başqa bir münasibət gözləmək, onların hazırda həyata keçirdiyi xarici siyasətə də, qərəzli münasibətə də zidd olardı. Bu baxımdan bunun təbii olduğunu hesab edirəm”.

 

Vəkilov heç bir münasibətin Azərbaycanın beynəlxalq miqyasda haqlı mövqeyinə mane ola bilməyəcəyini əlavə edib: “Çünki bir-iki nümayəndənin prosesə qeyri-adekvat münasibət sərgiləməsi, beynəlxalq birlik qarşısında Azərbaycanın təzminat davası açmasına heç bir maneə yarada bilməz. Hesab edirəm ki, Fransa, yaxud digər ikili standartları dünyaya ixrac edən böyük dövlətlərin münasibətləri beynəlxalq birlik qarşısında beynəlxalq mexanizmlərin işə salınmasında bizə mane olmayacaq və ola da bilməz. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Hesab edirəm ki, bizim bu mənada kifayət qədər ciddi sübutlarımız var. Az əvvəl qeyd etdiyimi kimi, Ermənistanın həm beynəlxalq birlik qarşısında, həm də BMT-nin qətnamələrində işğalçı dövlət kimi tanınması, sonrakı proseslərdə də bizim üçün üstünlük yaradır. Hətta, Avropa Şurasının da bununla bağlı bir sıra qətnamələri var. ATƏT-in Lissabon sammitində də Ermənistan 53 dövlət tərəfindən işğalçı dövlət kimi tanınıb. Bütün bunlar bizim üçün beynəlxalq alətlərdir və həm bu beynəlxalq alətlər, həm də hazırda topladığımız dəllilər bizim Ermənistana təzminat davası açmağımız üçün beynəlxalq birlik qarşısında dövlət olaraq haqqımızdır. Həm də bu haqqımızdan istifadə edərək hərbi cinayətkarların cəzalandırılması üçün hərbi məhəkəmələrin qurulması və müharibədən zərər çəkmiş şəxslərin fərdi qaydada Avropa Məhkəməsinə təzminat davası üçün müraciət etməsində heç bir hüquqi maneə yoxdur”.

Müəllif: Mərahim Nəsib