Azərbaycan Avropanın Rusiyadan xilas qapısı kimi: Moskva qıcıqlanır, amma...

Aktual

21.06.2022 - 14:10

Natiq Cəfərli: "Rusiya hər addımın qarşısını almağa qadir olsaydı, heç Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum kəmərləri çəkilməzdi"

Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda gündəmin əsas müzakirə mövzularındandır. Ekspertlər hesab edirlər ki, sözügedən məktubda bir sıra qlobal mesajlar var. 

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri məktubda qeyd edir: “IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm. Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidən qurulmasının ən intensiv mərhələsinə yaxınlaşırıq. Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır”.

Consonun məktubunda enerji təhlükəsizliyi, yaşıl enerji, minatəmizləmə, iqtisadiyyatın bərpası və s məsələlər qeyd olunub. Diqqətçəkən məqam isə Rusiya yanacaqlarından imtinada Azərbaycanı Britaniyanın alternativ kimi görməsidir. 

Xatırladaq ki, bundan əvvəl Avropa Birliyi ölkələrinin rəsmiləri də tez-tez "qoca qitənin" enerji təhlükəsizliyinin təminində Azərbaycanın önəmini xüsusi vurğulayıblar.

Mövzunu AYNA-ya şərh edən ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib ki, həm Avropa Birliyinin, həm ABŞ rəsmilərinin son zamanlarında verdiyi açıqlamalardan görünür ki, Azərbaycan alternativ enerji mənbəyi kimi önəmlidir:

- Bu, Qərb tərəfindən tez-tez vurğulanır. Doğrudan da qaz və neft boru kəmərləri infrastrukturu olan regional ölkə məhz Azərbaycandır. Avropaya da hazır infrastrukturu olan ölkədən enerji daşıyıcıları almaq sərfəlidir. Söhbət burada təkcə Azərbaycanın enerji resurslarından da getmir. Gələcəkdə qonşu ölkələrin enerji resurslarının da hazır infrastrukturu olan Azərbaycan vasitəsilə Avropaya çatdırılması vacibdir. Bu mənada, Azərbaycanın geosiyasi önəmi kifayət qədər artıb. Son mesajlar da bunu deməyə əsas verir ki, Azərbaycanla sıx münasibətlərin qurulmasında Qərb ölkələri maraqlıdır. 

- Azərbaycanın enerji resursları Rusiya enerjisindən asılı olan Avropa ölkələrini təmin edə bilərmi?

- Əlbəttə, yox. Məhz əsas detallardan biri odur ki, Azərbaycanın neft və qaz resursları Rusiyadan enerji asılılığı olan Avropa üçün yetərli deyil. Avropa Birliyi ölkələri ildə təqribən 510 milyard kubmetr qaz istehlak edir ki, Rusiya bunun 170-180 milyard kubmetrini təmin edir. Azərbaycan isə ən yaxşı halda bu il 10-12 milyard kubmetr qaz verə biləcək ki, bu, müqayisəolunmaz dərəcədə kiçik rəqəmdir. Amma önəm ondan ibarətdir ki, Azərbaycanın qurduğu infrastruktur, yəni Cənub Qaz Dəhlizi layihəsi daha çox Şərqi və Cənubi Avropa ölkələrinə qaz verməyə imkan yaradır. Bu ölkələrin də Rusiya qazından asılılığı 90-95 faiz civarındadır. Yaxınlarda Bolqarıstanla bağlanmış müqavilə də bunu sübuta yetirdi. Bu baxımdan, Qərb üçün Şərqi və Cənubi Avropa ölkələrinin Rusiya qazından hədsiz asılılığını azaltmaqda Azərbaycan enerji resursları mühüm rol oynaya bilər. Avropanın tamamını yox, məhz Şərqi və Cənubi Avropa ölkələrinin enerji təminatında Azərbaycanın önəmi kifayət qədər güclüdür. 

Neftə gəlincə, Azərbaycanın xaricə satdığı neftin günlük həcmi ortalama təqribən 500 min bareldir. Həcmi kəskin artırmaq imkanımız da yoxdur. Azərbaycanda hasilatın təbii olaraq azalması prosesi gedir. Amma Azərbaycanın gələcəkdə Qazaxıstan;n, digər regional ölkələrin neftini Bakı-Tbilisi-Ceyhana qoşmaq, o ölkələrin neftinin Avropaya tranzitini həyata keçirmək imkanları var. Bu anlamda, Qazaxıstan çox önəmlidir. Qazaxıstan üçün də maraqlıdır ki, "Novorossiyski" limanından daşınma asılılığını azaltsın, Azərbaycan vasitəsilə neftini ixrac etsin. Azərbaycan gündəlik 500 min yox, digər ölkələrin nefti hesabına bir milyon barel neft ixrac edə bilsə, bu, Avropa üçün kifayət qədər ciddi rəqəmdir. Çünki Avropa Birliyinin Rusiyadan aldığı neftin həcmi 2.8-3 milyon bareldir. Onun üçdə birini Azərbaycanın iştirakı ilə Avropaya çatdırmaq mümkündür. Belə qəliz və çoxşaxəli hesablamalar vasitəsilə Avropa Birliyi, o cümlədən də Böyük Britaniya Azərbaycanın önəminin getdikcə artdığını haqlı olaraq vurğulayır. 

- Avropanın Azərbaycana verdiyi önəmə Rusiyanın reaksiyası nə olacaq?

- Təbii ki, Azərbaycanın Rusiya ilə də münasibətləri kifayət qədər yaxşıdır. Münasibətlərin korlanmaması üçün Azərbaycan tərəfi normal və doğru siyasi addımlar atır. Bu ilin 22 fevralında Rusiya ilə Müttəfiqlik Müqaviləsinin bağlanması da buna işarədir. Bakı Moskva ilə haqlı olaraq münasibətləri pisləşdirmək istəmir. Əlbəttə, Rusiyanın həm bölgəmizə, həm də ölkəmizə təsirləri böyükdür.

Rusiya həm Azərbaycanın, həm də postsovet ölkələrinin Avropaya inteqrasiyasına qıcıqla yanaşır. Rusiya iqtisadi baxımdan postsovet məkanının Qərbə bağlanmasını istəmir. Amma digər tərəfdən, Rusiya hər addımın qarşısını almağa da qadir deyil. Qadir olsaydı, heç Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum kəmərləri çəkilməzdi. Əgər vaxtilə Azərbaycan bu layihələrin həyata keçməsinə nail oldusa, deməli Rusiyanın da atacağı addımlar bir yerə qədərdir. Hesab edirəm ki, Rusiyanı aşırı şəkildə qıcıqlandırmadan xarici siyasətdə orta xətti davam etdirməklə Azərbaycan gələcəkdə də doğru addımlarını atmaq istəyir. Ən doğru olan da məhz budur. 

- Qərbin Azərbaycanı regionun önəmli ölkəsi kimi qiymətləndirməsinin Ermənistan-Azərbaycan konfliktinin birdəfəlik həllinə köməyi dəyəcəkmi?

- Əlbəttə! Yekun sülhün əldə olunmasında Avropa Birliyi ölkələri, Britaniya Rusiyadan fərqli olaraq daha səmimi görünür. Rusiya məsələdə nə qədər aktivlik işarələri versə də, aydın məsələdir ki, problemin birdəfəlik həlli Kremlə sərf etmir. Bu zaman Rusiyanın həm Azərbaycana, həm Ermənistana təzyiq və təsir mexanizmləri azalacaq. Ona görə də Moskva qalan məsələlərin tamlıqla həllində səmimi deyil. Amma Avropa Birliyi detallara varmadan tezliklə sülhün əldə olunmasını istəyir. Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin son Brüssel görüşwndə əldə olunan müəyyən nəticələr onu deməyə əsas verir ki, Avropa Birliyi yekun sülhün tezliklə əldə olunmasında maraqlıdır. Bu, Azərbaycanın da, Ermənistanın da maraqlarına uyğundur. Çünki Rusiyanın yeganə moderator olması hər iki ölkənin əl-qolunu bağlayır.

Müəllif: Anar Bayramoğlu