“Türkiyə vətəndaşları Qarabağda vuruşmağa can atırlar, biz ehtiyac hiss etmirik”

Aktual

05.10.2020 - 21:00

Toğrul İsmayıl: “Bir-birilərinə əks qütblərdə dayanan, çəkişən KİV orqanları belə, Azərbaycan məsələsində vahid mövqe sərgiləyir”

 

Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum və işğal altındakı torpaqlarımızın azad edilməsi əməliyyatları uğurla davam edir. Bu günlər ərzində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu saylı hərbi texnika və hərbçisini məhv edib, neçə-neçə yaşayış məntəqələrimiz və yüksəkliklər geri alınıb.

 

Məlum məsələdir ki, baş verən gərginlik fonunda həmişə olduğu kimi, bu dəfə də Azərbaycanı birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyədir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyalara qədər ölkəmizə davamlı dəstək nümayiş etdirilir və Ermənistandan təxribatları dayandırmaq, Azərbaycan torpaqlarını tərk etmək tələb olunur.

 

Bununla yanaşı, Türkiyənin əksər kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyəti də Azərbaycanın əks-hücum əməliyyatları başlayan gündən ölkəmizə dəstək nümayiş etdirir.

 

Kahramanmaraş Sütçü İmam Universitetinin (KSİU) professoru, Türkiyədə yaşayan həmyerlimiz, politoloq Toğrul İsmayılın AYNA-ya dediyinə görə, hazırda həm Türkiyə rəhbərliyi, həm TBMM-də təmsil olunan partiyalar, həm də cəmiyyət birmənalı şəkildə Azərbaycanı dəstəkləyir: “Digər tərəfdən, Türkiyədə bu məsələdə iqtidar və müxalifət mövzusu kənara qoyulub və bütün siyasi mühit yekdilliklə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəkləyir və beynəlxalq hüquqa görə bu məsələnin həll olunmasını istəyir. Yəni, bu istiqamətdə heç bir problem yoxdur”.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

“O ki, qaldı Türkiyə ictimaiyyətinin mövqeyinə, onlar da bu mövzuyla çox maraqlanırlar. Hər yerdə Azərbaycan bayraqları asılıb, xəbər telekanalları mütəmadi olaraq Azərbaycanla, Qarabağdakı əməliyyatlarla bağlı yayımlar edir. Hətta, Türkiyə KİV-ləri bu məsələdə Azərbaycan KİV-lərindən daha sürətli hərəkət edir. Digər tərəfdən, insanlar küçələrdə Azərbaycan bayraqları ilə gəzir, avtomobillərdən Azərbaycan bayraqları asır və yürüşlər edirlər. Bir sözlə, Azərbaycana dəstək nümayiş etdirmək üçün əllərindən gələni edirlər”, - həmsöhbətimiz bildirib.

 

Onun sözlərinə görə, Türkiyənin əksər universitetləri Azərbaycanın yanında oldğuna dair bəyanatlar verir: “Universitetlərdən Azərbaycan bayraqları asırlar. Ən maraqlısı da budur ki, yaşından asılı olmayaraq Türkiyə vətəndaşları Azərbaycana gedib Qarabağda vuruşmaq üçün müraciət edirlər. Düzdür, biz buna hələlik ehtiyac olmadığını deyirik. Amma onlar da bu mənəvi dəstəyin çox ciddi olduğunu bilirlər”.

 

T.İsmayıl Türkiyə mətbuatının baş verən proseslərə təsirindən də danışıb: “Sadəcə TRT televiziya qrupu dövlət kanalıdır, onun xaricində bütün media müstəqildir və dövlət heç bir halda onlara müdaxilə etmir və hər şey sərbəst ifadə olunur. Lakin, sadəcə televiziyalar deyil, radio, qəzet, internet resursları da bu məsələdə yekdilliklə Azərbaycanın yanındadır. Hər gün bu KİV-lərdə Azərbaycanla bağlı xəbərlər verilir. Əslində, bütün televiziyalar bir-birindən fərqli olsa da, siyasi görüşlər müxtəliflik təşkil etsə də, yanaşmaları müxtəlif olsa da, hətta, daxili siyasətdə bir-birilərini sərt tənqid etsələr də, Azərbaycan məsələsində bu müxtəliflik aradan qalxıb və Azərbaycanın bu haqq davasında Azərbaycanı dəstəkləyirlər”.

 

“Bir vacib məsələni də qeyd edim ki, TBMM-də yer alan partiyalar arasında Ermənistanı və separtaçıları dəstkləyən yeganə partiya Xalqların Demokratik Partiyası (HDP) və ona yaxın qrumlardır. Əslində, HDP Türkiyədə PKK ilə də əlaqəsi olan və bir növ PKK-nın siyasi qanadı olan təşkilatdır. Bu da dolayı yolla PKK-nın Ermənistana niyə dəstək verdiyini və Qarabağda Azərbaycana qarşı vuruşduğunu və onun siyasi qanadının da Türkiyədə bu məsələdə nə qədər tərəf tutduğunu ortaya qoyur. Yəni, bu, çox önəmli məsələdir və bunu unutmaq olmaz. Bu baxımdan da medianın cəmiyyətdə təsiri çox böyükdür”, - professor fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib