Avtoritetlərin sirrli ölümü və ya su səhəngi suda sınar – <font color=red> QƏTL GÜNÜ</font>

Aktual

21.08.2020 - 15:55

Məmməd Zeynalov: “İndi elə sözünü deyən, nüfuzlu “qanuni oğru” qalmayıb”

 

Mahmud Hacıyev: “Əvvəlki avtoritetlərin qətllərində olduğu kimi, Quli də qruplaşmaların, “oğru müharibələrinin” qurbanı olub”

 

Daha bir Azərbaycan əsilli “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifov Türkiyədə qətlə yetirildi. Hadisə Türkiyənin Antaliya şəhərindəki otellərdən birində baş verib. Belə ki, Quli 2020-ci il avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xaqan Zeynalov (Xan Bakinski və ya Xan Əhmədlinski) adlı şəxs tərəfindən öldürülüb.

 

Məlumatlara görə, hadisə baş verən zaman Quli oteldəki otaqlardan birində kart oynayırmış. Otaqda Quli ilə kart oynayan şəxsdən başqa avtoritetin mühafizəçisi də varmış. Otağa daxil olan Xan Bakinski heç kimdə şübhə oyatmayıb. Çünki o, çoxdan Qulinin çevrəsində olan adam kimi onun hörmət və etibarını qazanıbmış. Xan Bakinski Qulinin boyun nahiyəsindən dörd güllə vurub. Qulinin mühafizəçisi cavab atəşi açsa da, o, qaça bilib. Amma az sonra polis onu Antalya-Dənizli yolunda saxlayıb.

 

Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıtmışdı.

 

Son illər azərbaycanlı “qanuni oğru”ların Türkiyədə qətli, xüsusən də, illər fərqli olsa da, eyni ayın eyni gününə təsadüf etməsi də maraq doğurur. Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə Lotu Qulinin ölüm günündəki oxşarlıqdır. Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib. Quli isə bir gün fərq ilə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb.

Kriminal avtoritetlər “Lotu Qoca”ya görə Bakıya toplaşdı - ÖZƏL

Onu da bildirək ki, 19 avqust 2013-cü ildə Türkiyədə “qanuni oğru” Əlibaba Həmidov (Qoca Yasamalski) də qətlə yetirilmişdi. Qocanın ölümündə Rövşən Lənkəranski, Rövşənin ölümündə Quli təqsirləndirilirdi. Bəs, Quli kimin sifarişi ilə qətlə yetirildi? Niyə Türkiyədə, niyə fərqli illərin eyni günlərində? Təbii ki, bu, sıradan bir qətl deyil. Çünki Qulini qətlə yetirən Xanın bir gün əvvəl oteldə hərəkət edərkən Qulini arxa fondan telefona çəkib. Bəzi iddialara görə, Xan bununla qətlin sifarişçisinə “iş başındayam” mesajını verirmiş.

 

Ekspertlər hesab edirlər ki, kriminal avtoritetlərin aid olduqları qruplaşmalar var ki, bu qruplaşmalar zaman-zaman “müharibə” vəziyyətində olur. Nüfuz davaları, qisas əməliyyatları, biri-birini qəbul etməmə... Sonucda isə necə deyərlər “su səhəngi suda sınır”.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəisi Məmməd Zeynalov Qulinin qətli ilə bağlı maraqlı mülahizələrini AYNA ilə bölüşüb. Cəzaçəkmə müəssisələrinin keçmiş şefi deyib ki, ola bilsin, kriminal qruplaşmalar arasında hansısa ixtilaf, hansısa konfliktin nəticəsində avtoritetin qətli baş verib.

MƏMMƏD ZEYNALOV ASLAN İSMAYILOVA CAVAB VERDİ

Zeynalov məsələnin siyasiləşdirilməsinin tərəfdarı deyil: “Burada siyasi heç bir məqam yoxdur. Çünki kriminal avtoritetlər, ümumiyyətlə cinayətkar aləm siyasətə qarışmır. Kriminal qruplaşmalar arasında adətən nüfuz savaşı gedir. Liderlik uğrunda hər zaman mübarizə aparırlar. Nəticədə bu cür qətllər törədilir. Məncə, Lotu Quli də belə davalardan biri nəticəsində öldürülüb. Oğru aləmində hər zaman belə qətllər olub. Bu, nə birincidir, nə də ki, sonuncu olacaq”.

 

“Qulinin yaxın adamı tərəfindən qətlə yetirilməsi, sadəcə təfərrüatdır. Ola bilsin ki, yaxındakı adam zamanında hansısa qruplaşma tərəfindən onun yanına yerləşdirilib ki, zamanı gəldikdə niyyətini həyata keçirsin. İstintaq gedir, nəticədə müəyyən məsələlər ortaya çıxacaq. Hər şey olmasa da, istintaqın tam nəticəsində nələrsə məlum olacaq”, - müsahibimiz bildirib.

 

Sabiq rəis kriminal avtoritetlərin son illərdə Türkiyədə məskunlaşması səbəblərinə də toxunub: “Son 20-30 ildə Türkiyəni seçmələri, orada məskunlaşmalarının müəyyən səbəbləri var. Dediyim bu illər ərzində istər Rusiyada, istərsə də Azərbaycanda kriminal ünsürlərin rahat fəaliyyətinə dövlət tərəfindən imkan verilmir. Demək olar ki, “qanuni oğru”ların azadlıqları MDB məkanında əllərindən alınıb. Əvvəllər, xüsusən də SSRİ zamanında cəzaçəkmə müəssisələrində “obşak” deyilən özfəaliyyət dərnəkləri olurdu. İndi həmin “obşak”ların yaradılmasına imkan verilmir. Avtoritetlərin hazırda MDB məkanında sərbəst hərəkət etməsi, fəaliyyət göstərməsi üçün münbit şərait yoxdur. Dövlət səviyyəsində kriminal ünsürlərlə mübarizə güclü aparılır. Kriminala meylli şəxslər mütəmadi olaraq təqib edilirlər. Lazım olduqda hansısa qurama ittihamla həbsə atırlar. Türkiyədə belə deyil. Orada kriminal aləmə bağlılığı olan şəxslər təqib edilmirlər. Türkiyə Rusiyaya, Azərbaycana nisbətən inkişaf etmiş Avropa dövlətidir. Bu ölkədə ortada cinayət faktı yoxdursa, kimisə təqib etmək, hansısa qrupa bağlılığı səbəbindən qurama ittihamla həbs etmək məsələsi yoxdur. Kriminal avtoritetlər orada sərbəst hərəkət edə bilirlər. Ona görə də, “qanuni oğru”lar son illərdə məkan olaraq Türkiyəni seçirlər”.

 

Avtoritetlərin qətlində Türkiyə hökumətinin dolayısı ilə iştirakına gəldikdə isə M.Zeynalov ehtimal edir ki, Türkiyə hökuməti problemli şəxslərin ölkədə olmasını istəməyə bilər: “Heç bir dövlət hüdudları daxilində problemli, başıbəlalı adamların olmasını istəməz. Amma inanmıram ki, dövlət belə adamların aradan götürülməsində, onları qətlə yetirməkdə maraqlı olsun. İstəmirsə, o zaman həmin kriminal avtoriteti ölkə hüdudlarından qanuni yolla çıxara bilər. Qəribə hallardan biri də odur, kriminal aləmin ən az inkişaf etdiyi yerlərdən biri də, məhz Türkiyədir. Orada “qanuni oğru” dünyası Rusiyadakı, İtaliyadakı kimi inkişaf etməyib. Düzdür, “kabadayı” dedikləri xırda avtoritetlər var ki, onlar da cinayət törətdiyi təqdirdə ən ağır cəzaya məhkum edilirlər. Rusiyadakı kriminal aləmin heç bir faizi Türkiyədə yoxdur”.

 

“İndi elə sözünü deyən, nüfuzlu “qanuni oğru” da qalmayıb. Bizdə o vaxtlar nüfuzlu avtoritetlər var idi. Onlar həbsxanada istədiyi vaxt üsyan qaldıra bilirdilər. Ona görə də, belə “lotular”la müəyyən qədər hesablaşmaq lazım gəlirdi. Amma indi belə “lotu” yoxdur. Elə Qulinin özünü götürək, Azərbaycanda həbsxanada onun başına nə oyunlar gətirilmədi ki?! Bir dəfə də olsun səsini çıxarmadı, sakitcə cəzasını çəkdi. Çünki dövlət səviyyəsində onlarla mübarizə aparılır”, - deyə Penitensiar Xidmətin sabiq rəisi sonda vurğulayıb.

 

Keçmiş polis rəisi Mahmud Hacıyev də baş verənlərə dair fikirlərini AYNA-ya açıqlayıb. Deyib ki, avtoritetlər müxtəlif qruplarda olurlar, bir liderə tabe deyillər: “Hər qrupun özünün lideri var ki, üzvlər də liderə tabe olurlar. Çox vaxt qruplar arasında mübahisələr, konfliktlər yaranır, “oğru müharibəsi” baş verir. Konfliktlər də əsasən ərazi bölgüsü üstündə yaranır, maliyyə bölüşdürülməsinə görə baş verir. Yəni müxtəlif səbəblərdən konfliktlər baş verir. Münaqişə də bəzən yüngül yaralamayla, xəsarətlə, bəzən də qətllərlə bitir. Lotu Quli də yəqin ki, onu qəbul etməyən, münaqişədə olduğu qruplaşma ilə savaş nəticəsində qətlə yetirilib. “Qanuni oğru” dünyası yaranandan bu yana, avtoritetlər yaralanıblar, qətlə yetiriliblər. Yəni “oğru dünyası”nın mahiyyəti elə budur”.

 

“Qulinin yaxın adamı tərəfindən qətlə yetirilməsi məsələsində də qeyri-adi hal yoxdur. Təbii ki, istintaqın gedişi nəticəsində bəlli olacaq ki, niyə o, dost dediyi adamı öldürüb. Ola bilsin ki, sifarişdir. Ola da bilər ki, elə münaqişəsi həmin yaxın adamı ilə düşüb. Aralarında nə olduğunu, hansı söhbətlərin getdiyini biz bilmirik. Və yaxud da həmin yaxın adamı digər kriminal qruplaşmalar tərəfindən “verbovka” da edilmiş ola bilər”, - Hacıyev bildirib.

Mahmud Hacıyev: “Tələbələrin zəhərlənməsi məsələsində intihar və ...

Sabiq polis rəisinin fikrincə, avtoritetlərin qətllərinin, adətən eyni aya, günə düşməsi hansısa subliminal mesaj da ola bilər, təsadüf də: “Qətl elə bir şeydir ki, sifariş olduqda əvvəldən hazırlaşılır, münbit məqamda həyata keçirilir. Bəzən də anidən baş verir. Bu, hansısa tədbir, idman yarışı deyil ki, dəqiq vaxta təyin edilsin. Yəni, təsadüf olması mümkündür. Amma onu da istisna etmirəm ki, Qoca Yasamalskinin, Rövşən Lənkəranskinin və Lotu Qulinin ölüm tarixlərinin müxtəlif illərin eyni günlərində baş verməsi qisas mesajıdır”.

 

M.Hacıyevin sözlərinə görə, çox vaxt bu tip insanların, yəni, kriminal ünsürlərin ölümlərində dövlət də maraqlı olur: “Heç bir dövlət maraqlı deyil ki, kriminal avtoritetlər onun sərhədləri hüdudunda olsunlar. Kriminal avtoritetlər istər-istəməz cəmiyyətlərin aurasına mənfi təsir göstərirlər, başağrısı verirlər. Dövlət necə maraqlı ola bilər ki, kriminal avtoritetlərin onun ərazisində “sxodka”sı və yaxud da “razborka”sı olsun. Ola bilsin ki, dövlət avtoritetin ən yaxın adamını “verbovka” etsin, onun əli ilə “lotu” aradan götürülsün”.

Həmsöhbətimiz hesab edir ki, avtoritetlərin Türkiyədə məskən salması üçün qardaş ölkədə müəyyən qədər münbit şərait var: “Əvvəl “qanuni oğru”lar ən çox MDB məkanında məskunlaşırdılar. Əsasən də Rusiyada məkan qururdular. Rusiya Prezidenti Vladimir Putin hakimiyyətə gələnə kimi Rusiyada kriminal qruplaşmalar çox güclü idi. Onlar, hətta, dövlət orqanlarına, hüquq-mühafizə orqanlarının rəhbərliyinə təsir göstərə bilirdilər. Dövlət qurumlarında “lotular”ın adamları otururdular, maliyyəsi hansısa “lotu” tərəfindən təmin olunan məmurlar var idi. Putin hakimiyyətə gəldikdən sonra Rusiyada kriminal avtoritetləri təmizləməyə başladı. Bəzi avtoritetlər qaçdı, bəziləri tutuldu və s. Hətta, Rusiya Cinayət Məcəlləsində belə bir maddə var ki, hüquq-mühafizə orqanları saxladığı şəxsdən kriminal avtoritet olub-olmadığını soruşur. “Lotu” əgər “taclandırılıb”sa, o zaman bunu boynuna almalıdır. Boynuna almamaq avtoritet üçün mümkün deyil. Boynuna da alanda, artıq polisin işi asanlaşır, həbs gerçəkləşir. Bu kimi hallara görə, “lotular” oranı tərk etdilər. İndi kriminal ünsürlər Şərqin ən səfalı, bir qədər də sərbəst hərəkət edəcəyi ölkəsinə - Türkiyəyə yığılıblar. İrana, Pakistana, Hindistana gedəsi deyillər ki. Baxıblar ki, əlverişli ölkə Türkiyədir, orada məskunlaşırlar”.

 

“Bütün hallarda hesab edirəm ki, əvvəlki avtoritetlərin qətllərində olduğu kimi, Quli də qruplaşmaların, “oğru müharibələrinin” qurbanı olub. “Lotu”lar və ətrafları yaxşı bilirlər ki, zərbə hardan gəlir, hardan gələ bilər. Qulinin də çevrəsi bilir ki, sifarişdirsə, bunu kim edib, sifariş deyilsə, bu qətl necə baş verib. Demək istədiyim odur ki, avtoritetlərin qətli, öldürülməsi təəccüblü hal deyil. “Oğru aləmi” qətllər üzərində qurulub”, - deyə Hacıyev sonda vurğulayıb.

 

Bir neçə il həbsxana həyatı yaşamış “Avropa.info” saytının rəhbəri, jurnalist Ruslan Bəşirli qətlə yetirilən Lotu Quli ilə bağlı maraqlı xatirə paylaşıb. O yazıb: “Allahın yazdığı qədərdən həyatımın 7 ili həbsxana divarları arasında keçib. Həbsxanada olduğum 7 il ərzində 4 "qanuni oğru" görmüşəm, hər biri ilə də söhbət etmək imkanım olub. Gördüyüm 4 "qanuni oğru" arasında ən savadlısı, ən vətənpərvəri, ən millətçisi (irqçi mənada deyil) Lotu Quli idi. Quli ilə 2 dəfə, təqribən 2 saat söhbət etmişdim. Əmin olun ki, siyasəti bizim bəzi siyasətçilərin daha yaxşı bilirdi. Mütaliyəsi güclü idi, hər gün gündəlik mətbuatı və ən müxtəlif kitabları oxuyurdu. Yüksək liderlik qabiliyyətinə malik idi. Dini qaydalara müxtəlif dövrlərdə əməl edib, bəzi vaxtlarda etməsə də, dini pis bilmirdi. Siyasətə baxışları dindar-ülküçü baxışlarına yaxın idi. Vətənpərvər olduğunu isə heç vaxt gizlətməzdi. Azərbaycan, Türkiyə bayraqları və Osmanlı gerbi önündə çəkdirdiyi şəkil "oğru dünyası" üçün inqilab mahiyyətli idi. Postsovet məkanı üçün xarakterik olan "oğru dünyası" üçün bu şəkilin nə anlam daşıdığını bilənlər bilir. Quliyə qədər heç bir "oğru" bu cəsarəti edə bilməzdi. Bu streotipləri yalnız Quli kimi xarakterə malik olanlar qıra bilərdi”.

Ruslan Bəşirli adlı şəxsin şəkli.

“Tovuz döyüşləri zamanı da ermənilərə qarşı sərt münasibət sərgiləmişdi. Qulinin həbsdən sonrakı dövrdə Rusiya ilə münasibətlərinin çox pis olduğu haqda məlumatlar var. Rusiyanın onu dəfələrlə Türkiyədən istədiyi, lakin Ankaranın Qulini ruslara təslim etmədiyi haqda da informasiyalar mövcuddur. Bu arada "qanuni oğru"ların həyat fəlsəfəsi, yaşam "qanunları" mənlik deyil. Heç kimə, xüsusən də gənclərə "oğru qanunları" ilə yaşamağı tövsiyyə etmirəm. Bu həyatın nə dünyanız, nə də axirətiniz üçün bir faydası var”, - deyə Bəşirli sonda qeyd edib.

 

Nəticədə məlum olan odur ki, “oğru dünyası” sonu faciə ilə nəticələnən, həyatların puç olub getdiyi bir dünyadır. Mənasız nüfuz davası, həbsxana divarları arasında ömrü bada vermək və ya bir kor güllə ilə əbədiyyən gözlərini yummaq. Burada özənəsi nə var?! Təbii ki, heç nə...

Müəllif: Anar Bayramoğlu