“Hazırda informasiya müharibəsinin önündə İlham Əliyev özü dayanır”

Aktual

25.10.2020 - 15:16

Elçin Mirzəbəyli: “Qeyri-peşəkarlıq və ya korporativ maraqlar səbəbindən yol verilən yanlışlıqlar həqiqətləri dünyaya çatdırmağımıza mane olan amillərdir”

 

Qarabağda Vətən müharibəsi gedir və cəbhənin bütün istiqamətlərində üstünlük Azərbaycan Ordusundadır. Lakin müharibə təkcə hərbi deyil, siyasi, iqtisadi, elmi-texnoloji, mədəni olmaqla bir sıra yollarla baş verə bilər. Digər sahələrdə Azərbaycanın üstünlük əldə etməsi üçün hansı işlər görülməlidir? Məsələn, dünyaca məşhur Elton Conun erməniləri dəstəkləyən post paylaşması Azərbaycan tərəfinin informasiya müharibəsində nələri gözardı etdiyini göstərir?

 

Həm diplomatik, həm iqtisadi baxımından Ermənistandan dəfələrlə güclü olan Azərbaycan, niyə informasiya müharibəsində səsini dünyaya çatdırmaqda belə problemlər yaşayır? Müxtəlif ölkələrin, dünyaca tanınmış şəxslərin susması, ya da Ermənistan işğalını və terrorunu dəstəkləməsi sırf onların mənəvi problemidir, yoxsa Azərbaycan öz səsini dünyaya duyura bilməyib?

 

Mövzunu AYNA-ya şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli əmindir ki, Azərbaycanın rəşadətli Ordusu döyüş meydanında düşməni darmadağın edir və yaxın zamalarda ölkəmizin ərazi bütövlüyü tam bərpa olunacaq: “Diplomatiya sahəsində də son dövrlərdə qardaş Türkiyə ilə birlikdə, nəticəsi müəyyən zaman kəsiyindən sonra nəzərə çarpacaq addımlar atılır. İnformasiya müharibəsinə gəldikdə isə, bu prosesin önündə hazırda Azərbaycan Prezidenti dayanır və informasiya müharibəsinin Ali Baş Komandanı da məhz İlham Əliyevin özüdür. Vaxtilə dünyanın müxtəlif ölkələrindəki media qurumları ilə işin düzgün qurulmaması, xarici KİV-lərdə çalışan azərbaycanlı mütəxəssislərin yetişdirilməsi istiqamətində nəticəyə hesablanmış addımların atılmaması, bu sahədəki real vəziyyətlə bağlı məlumatların kimlərinsə korporativ maraqları səbəbindən gizlədilməsi bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Hazırda informasiya siyasətimizin, əsasən Türkiyə mediası üzərindən həyata keçirilməsi, bu sahədə mövcud olan maneələri indiki mərhələ üçün aşmağa imkan yaradıb”.

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

“O ki qaldı Azərbaycanın müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, ayrı-ayrı məşhurların vasitəsilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq məsələsinə, burada obyektiv və subyektiv amillər var. Qeyri-peşəkarlıq və ya korporativ maraqlar səbəbindən yol verilən yanlışlıqlar həqiqətləri dünyaya çatdırmağımıza mane olan amillərdəndir. Əvvəla nəzərə almaq lazımdır ki, Azərbaycan diasporu erməni diasporundan daha gəncdir və xüsusilə də Qərb ölkələrində öz mövqelərini möhkəmləndirə, biznes, mədəniyyət, KİV və siyasət sahəsində ciddi uğurlara nail ola bilməyib. Ermənilər uzun illərdən bəri yaşadıqları ölkələrin bütün sahələrinə nüfuz edə biliblər. Bütün mümkün vasitələrdən istifadə edərək ayrı-ayrı siyasətçiləri, media mənsublarını, incəsənət adamlarını öz təsir dairələrinə sala biliblər”, - müsahibimiz bildirib.

 

Mirzəbəylinin fikrincə, ermənilərin Cənubi Qafqazda, bütövlükdə post-sovet məkanında uzun illərdən bəri icra etdikləri geosiyasi əlat funksiyası da buna imkan yaradıb: “Ayrı-ayrı güc mərkəzləri geosiyasi və geoiqtisadi maraqları üçün Yaxın Şərq və Aralıq dənizi hövzəsində həyata keçirdikləri yumşaq və sərt güc siyasətlərinə ölkə daxilində haqq qazandırmaq üçün islamofobiyanı körükləmələri də erməmilərin işinə yarayıb və onlar məıqsədyönlü şəkildə və heç bir əsas olmadan bu faktordan istifadə edərək, öz “məzlum” obrazlarını ictimai rəyə sırımağı bacarıblar”.

 

“Subyektiv amillər isə ictimai, siyasi və mədəni əlaqələrin qurulmasında məsuliyyət daşıyan şəxslərin, diplomatik nümayəndəliklərin, diasporla işə cavabdeh olan şəxslərin yol verdikləri yanlışlıqlardır. Bu yanlışlıqların bir hissəsi korporativ maraqlardan, bir hissəsi isə qeyri-peşəkarlıqdan qaynaqlanıb. Düşünürəm ki, mövcud vəziyyət qeyd olunan çatışmazlıqların, boşluqların aşkara çıxarılması və aradan qaldırılması üçün geniş imkanlar yaradır. Qarşıdakı mərhələdə prosesin detallı təhlil ediləcəyini və nəticə çıxarılacağını düşünürəm”, - analitik vurğulayıb.

Müəllif: Bünyamin