Nazir tədrislə bağlı suallara aydınlıq gətirdi – <font color=red> BRİFİNQ</font>

Aktual

30.09.2020 - 17:36

Emin Əmrullayev: “Bu gün təhdid olmayan yerdə məktəblərdə şagirdlər oxumalıdır və müəllimlər dərsə gəlməlidir”

 

“Cəbhə bölgəsində fəaliyyəti dayandırılan 420 məktəbin dərs cədvəllərinin dəyişdirilməsi nəzərdə tutulur”. AYNA xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Nazir bildirib ki, həmin məktəblərdə bu gün dərs keçmək mümkün olmasa, 3-4 gün sonra mümkün olarsa, dərslər bərpa ediləcək: “Üç rayonda bütün məktəblər fəaliyyətini dayandırıb, 11 rayonda isə yerləşmə yerindən asılı olaraq bəzi məktəblərin dayandırılması qərarı verilib”.

 

Nazir qeyd edib ki, gündəlik korinavirusa yoluxma statistikasının az olması səbəbindən oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflərin dərsə gəlməsi həftədə iki gündən üç günə keçiriləcək: “Dərslərin əyani saatlarının sayında artım olacaq”.

 

“Bölgələrdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, - deyə Əmrullayev vurğulayıb.

 

Nazir bildirib ki, hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşanır: “Univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb. Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər bu semestrdə distant təhsilin verilməsi nəzərdə tutulur. 1 oktyabr tarixindən bu il tələbə adını qazanan I kurslar ali təhsil müəssisələrinə müraciət edə bilər, onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək”.

 

“Azərbaycanda 5-14 yaşında 1,5 milyon şagird var. Ümumilikdə 19-20 nəfərdə virusun aşkar edilməsi kiçik faizdir. Onu da bildirim ki, bəzi hallarda valideynlərdə koronavirus aşkar edilsə də, onlar övladlarını məktəbə göndərirlər. Bu, sonradan sinifin 14 günlük bağlanmasına səbəb olur. Bunu etməmək olar, məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır. Pandemiya ilə əlaqədar dörd-səkkiz həftədən sonra nə olacağı barədə məlumatlar vermək mümkün deyil. Ona görə, iki həftədən sonra məktəb olmayacağı barədə fikirlər əsaslı olmalıdır. Əsas olmayanda, təşviş yaranır. Vəziyyəti mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Bu gün təhdid olmayan yerdə məktəblərdə şagirdlər oxumalıdır və müəllimlər dərsə gəlməlidir”, - deyə E.Əmrullayev qeyd edib.

Müəllif: Ayna.az