“Azərbaycan Əfqanıstana göndərilən hərbi texnikadan faydalana bilər” – <font color=red> MAYK YO</font>

Aktual

30.09.2020 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Avstraliyalı ekspert: “Bizim hərbi məhsulların bütün növləri ixrac olunur və Azərbaycanın da onları asanlıqla satın alması mümkündür”

 

Avstraliyalı hərbi ekspert Mayk Yo AYNA-ya özəl müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb:

 

- 2016-cı ildə, “Dörd günlük müharibə kimi tanınan döyüşlər zamanı, ölkənizin o vaxtkı Xarici İşlər naziri Culiya Bişop, Avstraliyanın Ermənistanla münaqişədə Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini söylədi. Eyni sözləri 2017-ci ildə o zamankı general-qubernator Peter Kosqrov da dedi. Avstraliya 31 mart 2020-ci ildə Dağlıq Qarabağdakı erməni separatçılarının qanunsuz seçkilərini tanımadı. Kanberranın (Avstraliya İttifaqının paytaxtı – red.) ərazi bütövlüyü məsələsində belə prinsipial mövqeyi nə ilə əlaqədardır?

 

- Avstraliya hər zaman beynəlxalq hüququn üstünlüyü prinsiplərini əsas götürüb. Bunun təməl daşı digər dövlətlərin ərazi bütövlüyünə hörmət, digər ölkələrin daxili işlərinə qarışmamaq və xarici hücumlara məruz qalan və ərazilərinin bir hissəsi üzərində nəzarəti itirən ölkələrin haqlı tələblərinə dəstək olmaqdır. Bu baxımdan, Azərbaycan Avstraliyanın hər zaman dəstəklədiyi və dəstəkləyəcəyi dövlətdir.

 

- Azərbaycanın iki rabitə peyki – “Azerspace-1”, “Azerspace-2” və aşağı orbitli peyk “Azersky” Yerin orbitində dövr edir. Kosmik əsrin başlanğıcından bəri peyklərin ordu tərəfindən istifadə edildiyini və bu gün də istifadə edildiyini desəm, Amerikanı kəşf etmiş olmaram. Sizcə, Azərbaycan hərbçiləri mövcud peyklərdən necə istifadə edə bilər? Hansı məqsəd üçün?

 

- Rabitə peykləri məlumatların ötürülməsini, düşmənin izləyə bilməyəcəyi zəngləri, dəqiq naviqasiyanı mümkün edir. Bu peyklər, xüsusən raketlər, pilotsuz təyyarələr, hərəkət trayektoriyası planlaşdırıla bilinən bombalar üçün faydalıdır. Aşağı orbit peykləri, məsələn, düşmən ərazisindəki hərbi texnikanın hərəkətlərini və ya raket atışlarını izləmək üçün, kəşfiyyat toplama funksiyalarını yerinə yetirməyə qadirdir. Əlavə olaraq, yüksək dəqiqliklə fotoşəkilləri ötürə bilirlər və bu da əla kəşfiyyat imkanları yaradır. Aktiv döyüş əməliyyatları zamanı öz peyklərinin olması, peykləri olmayan düşmənə qarşı böyük bir üstünlük verir.

- Avstraliya 2019-cu ildə Əfqanıstanı “Silvershield” müdafiə sistemləri ilə təmin etdi. Bunlar haqqında bizə nə deyə bilərsiniz?

 

- “Silvershield” Avstraliyada yaradılmış idarə olunan partlayıcı sistemlərə qarşı bir cihazdır. Bu, “Redwing” proqramı çərçivəsində avtomobil sistemlərindəki ən müasir sistemdir. Bu cür sistemlər hədəfə doğru yönələn idarə olunan partlayıcıların işləməsi üçün lazım olan radiodalğaların elektron vasitələrlə qarşısının alınmasına kömək edir. Onların istehsalçı şirkəti “L3 Micreo” sistemlərin əl ilə tənzimləmə və insan nəzrətinə ehtiyac olmadığını və kütləvi istehsal üçün nəzərdə tutulduğunu bildirir. Şirkət “Avstraliya DST Qrup”unun istehsal tərəfdaşıdır. Prototiplər əvvəlcə 2017-ci ildə sınaqdan keçirildi, 13 min ədəd “Silvershield”dən ibarət ilk partiyası 2018-ci ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinə göndərildi. Bir il sonra isə daha 14 min ədəd göndərildi. Yeri gəlmişkən, bu cihazlar genişmiqyaslı hərbi əməliyyat keçiriləcəyi təqdirdə, Azərbaycan ordusu üçün faydalı ola bilər.

 

- 2015-ci ildə “Austal” şirkəti “Incat Crowther” layihəsi çərçivəsində, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün “Müslüm Maqomayev” gəmisini, 2016-cı ildə isə eyni şirkətlər “Caspian Marine Services” üçün eyni tipli “Rəşid Behbudov” gəmisini düzəltdilər. Ancaq Avstraliya yalnız mülki gəmilər inşa etmir. Onun tərsanələrindən həm də mükəmməl döyüş gəmiləri çıxır. Avstraliya Azərbaycan üçün hansı növ hərbi gəmilər təklif edə bilər?

 

- Bunun ən bariz cavabı “Cape” patrul gəmiləri ola bilər. Bunlar dənizdə 28 günə qədər qala bilən və güclü dəniz dalğaları şəraitində işləmək üçün hazırlanmış 190 metrlik gəmilərdir. Maksimum sürət 25 uzeldir və hazırda Avstraliya Hərbi Dəniz Qüvvələri 2, Sərhəd Qüvvələri isə 8 belə patrul gəmilərindən istifadə edir. RAN (Avstraliya Kral Donanması - red.) daha altı ədədini sifariş verib. Eyni tipli daha iki gəmi “Trinidad” və “Tobaqo” tərəfindən sifariş edilib.

 

- Avstraliya Azərbaycana hərbi gəmilərdən başqa hansı silahlar təklif edə bilər?

 

- Son illərdə Avstraliya öz müdafiə sənayesini inkişaf etdirmək üçün çox səy göstərdi və ölkəmizdə istehsal olunan atıcı silah və sursatla yanaşı, 4x4 “Thales Hawkei” və ya “Bushmaster” kimi təkərli zirehli maşınlar da potensial ixracat mallarından biridir. Yaponiya və Hollandiya kimi ölkələrə uğurla ixrac olunur. Digər bir Avstraliya şirkəti olan EOS, hərbi texnika üçün özünün kiçik və orta döyüş modulları xəttini yaratdı və Sinqapur, Birləşmiş Ərəb Əmirliyi və ABŞ-a məhsul ixracına da müvəffəq oldu. Bu məhsulların bütün növləri ixrac olunur və Azərbaycan da onları asanlıqla satın ala bilər.

 

- Azərbaycan mətbuatında ilk dəfə dərc edildiyiniz üçün, sizə ənənəvi bir sual verəcəyəm: Azərbaycan xalqına nə arzulayardınız?

 

- Ölkənizin ərazi bütövlüyünü bərpa edərək, çoxdan gözlənilən bir sülhə nail olmasını və hər sahədə uğurlu olmasını arzulayıram.

 

Yusuf Poladov,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət