ABŞ yenidən Türkiyəyə “S-400”-lə bağlı çağırış edib

Dünya

11.02.2021 - 13:38

Prays: “Bu, Türkiyənin NATO qarşısında öhdəliklərinə ziddir”

 

ABŞ Türkiyəni bir daha Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərindən imtina etməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

 

Prays qeyd edib ki, Türkiyənin “S-400”-ü əldə etməsinə dair ABŞ-ın mövqeyi dəyişməyib. Onun sözlərinə görə, bu, Türkiyənin NATO qarşısında öhdəliklərinə ziddir.

 

“ABŞ Dövlət Katibi Toni Blinken türkiyəli həmkarı bu və digər məsələləri yaxın gələcəkdə müzakirə edəcəklər. Türkiyə uzun müddətdir müttəfiqimizdir, bizi ümumi maraqlar birləşdirir", - Prays vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi rəsmi Ankaranın Vaşinqtonun Rusiyadan aldığı “S-400” hava müdafiə sistemlərindən imtina etmək tələblərinə tabe olmaq niyyətində olmadığını söyləyib.

 

Xatırladaq ki, Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan son Rusiya “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü 2019-cu il iyulun ortalarında başlayıb.

 

Müəllif: Ayna.az