Rusiya Gürcüstana aviareysləri dayandırdı

Dünya

22.06.2019 - 12:56

Rusiyadan Gürcüstana uçuşlar 15 gün qadağan edilib

 

Rusiyanın ən böyük aviaşirkəti olan "Aeroflot" Gürcüstana uçuşları 8 iyuladək təxirə salıb. AYNA xəbər verir ki, bu barədə şirkətin internet saytında məlumat yerləşdirilib.

 

Məlumatda əvvəlcədən bilet almış şəxslərə şirkət hesabına uçuşları ertələməyi, yaxud dəyərinin tam məbləğdə qaytarıla biləcəyi təklif olunub.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Gürcüstan istiqamətində uçuşların qadağan olunması barədə fərman imzalayıb. Hökümətə isə Gürcüstanda olan Rusiya vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

 

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü arzusu" partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

 

Həmin gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

 

Gürcüstan Səhiyyə Nazirliyi iyunun 20-də Tbilisidə baş verən iğtişaşlarla bağlı rəsmi açıqlama verib. Nazir müavini Zaza Boxua aksiya zamanı 240 nəfərin xəsarət aldığını açıqlayıb. Onlardan 80 nəfəri polis əməkdaşlarıdır.

 

Nazirlik rəsmisi xəsarət alanlardan bir çoxuna tibbi yardım göstərilərək tərxis edildiyini, 102 nəfərin isə hələ də xəstəxanalarda müalicə aldığını vurğulayıb. Onlardan birinin vəziyyəti ağırdır, 2 nəfər isə əməliyyat edilib.

Müəllif: Ayna.az